Əməkdar artist Sevda Ələkbərzadə küçədə səsləndirilən mahnıya əsəbiləşib. Lent.az-ın məlumatına görə, həmin an lentə aldığı görüntünü müğənni instaqram hesabında paylaşıb: "İçərişəhərdəki musiqiyə baxın Novruz bayramında. Bu, bayağı da deyil, ondan aşağıdır. Bununla kim məşğul olur görəsən?".
Xatırladaq ki, İçərişəhərdə baş tutan konsertdə ifa edən Türkan Vəlizadə olub. O, "Ağlıma bir ad gəlir" mahnısını oxuyub.
Sevda ilk açıqlamasından sonra məsələyə aydınlıq gətirmək üçün daha bir video paylaşaraq, bu sözləri deyib:
“Əziz jurnalistlər, xahiş edirəm ki, mənim adımı heç kimlə bir yerdə hallandırmayın. Şəklimi də yan-yana paylaşmayın. Sözlərimdən düzgün nəticə çıxartmısınızsa, mən heç orada mahnı oxuyan ifaçını tanımıram. Sadəcə Azərbaycanın mədəniyyət ocağında, Vaqif Mustafazadə ocağı, Rəssamlıq ocağı, Xalçaçılıq ocağında belə bir musiqinin səsləndiriləməsi, məni dəhşətə gətirdi. Zövqdən danışırıq. Belə bir gündə belə bir musiqi Azərbaycan sənət ocağında səslənə bilər? Biz axı avtovağzaldan, taksidən, avtobusdan, ticarət mərkəzlərində səsləndirilən musiqilərdən danışmırıq axı. Əslində mənim sözüm İçəri Şəhərə idi. Bu işlə kim məşğul olur? Niyə belə özəl gündə dırnaqarası musiqi səslənir. Əgər buna musiqi demək olarsa”.
Qeyd edək ki, S.Ələkbərzadənin bu fikirlərinə bir neçə məşhurlar da dəstək çıxıb. Onlar Sevdanın paylaşımına öz fikirlərini qeyd ediblər.