Məşhurlar dünyasında romantik hədiyyə bəzən bir buket gül və ya bahalı şam yeməyi ilə yekunlaşmır. Milyonlarla dollarlıq brilyantlar, nadir daş-qaşlar və qiyməti bütöv bir malikanəyə çatan zinət əşyaları illərdir şou-biznesin ən çox danışılan sevgi jestləri sırasındadır. Bəzi münasibətlər sona çatsa da, verilən hədiyyələr tarixə düşməyi bacarıb.
Son dövrün ən çox diqqət çəkən nümunələrindən biri Kriştiano Ronaldo ilə Corcina Rodrigezdir. Ronaldo 2025-ci ildə Corcinaya nəhəng brilyant nişan üzüyü təqdim edib. “People” nəşrinin ekspert qiymətləndirmələrinə istinadən yazdığına görə, üzüyün ümumi çəkisi təxminən 37 karata çata, qiyməti isə 5 milyon dollara qədər yüksələ bilər. Cütlük 2026-cı ilin avqustunda ailə qurub və bununla da həmin üzük futbol dünyasının ən bahalı sevgi simvollarından birinə çevrilib.
Ancaq futbol dünyasında rekord Ronaldo ilə məhdudlaşmır. Devid Bekhemin həyat yoldaşı Viktoriyaya verdiyi hədiyyələr illərdir mətbuatın diqqətindədir. “People” nəşrinin məşhurların ən dəbdəbəli hədiyyələrinə dair materialında Bekhemin Viktoriyaya təxminən 8 milyon dollar dəyərində brilyant və yaqut boyunbağı hədiyyə etdiyi qeyd olunur. Viktoriyanın kolleksiyasında emosional dəyəri böyük olan başqa bir zinət əşyası da var: “Vogue”un məlumatına görə, Devid ona oğulları Bruklinin xaç suyuna salınması münasibətilə 21,5 karatlıq armud formalı brilyant kulon bağışlayıb.
Bahalı nişan üzükləri deyəndə Cennifer Lopezin adı ayrıca çəkilməlidir. Ben Afflek 2002-ci ildə ona Harry Winston tərəfindən hazırlanmış təxminən 6 karatlıq çəhrayı brilyant üzük təqdim etmişdi. “People” üzüyün dəyərinin 2,5 milyon dollar civarında qiymətləndirildiyini yazır. Maraqlıdır ki, münasibətləri illər sonra yenidən başlayanda Afflek bu dəfə Lopezə 8,5 karatlıq nadir yaşıl brilyant üzük vermişdi.
Bu siyahının əfsanəsi isə Elizabet Teylor və Riçard Bertondur. Burtonun Teylora aldığı 69,42 karatlıq məşhur “Taylor-Burton” brilyantı 1969-cu ildə 1,05 milyon dollara satılmışdı. Həmin dövr üçün bu, fantastik məbləğ idi və inflyasiya nəzərə alınsa, bu gün qat-qat böyük sərvətə bərabərdir. GIA həmin daşı D rəngli, qüsursuz və armud formalı brilyant kimi təsvir edir.
Yeni nəsil ulduzlar da geri qalmır. “Formula 1” pilotu Corc Rassel 2026-cı ilin avqustunda sevgilisi Karmen Montero Mundtla nişanlanıb. Onun təqdim etdiyi 8-10 karatlıq sarı brilyant üzüyün dəyəri ekspertlər tərəfindən 1,35 milyon dollara qədər qiymətləndirilib.
Milyonluq brilyantların bir hissəsinin qiyməti rəsmi satış sənədlərindən deyil, zərgərlik ekspertlərinin hesablamalarından götürülür. Buna baxmayaraq, bir şey aydındır: məşhurlar dünyasında “səni sevirəm” deməyin qiyməti bəzən milyonlarla ölçülür.