Keçən ay aktyor Leonardo Di Kaprionun model Vittoriya Ceretti ilə görüşdüyü haqda şayiələr yayılsa da, bunun nə dərəcədə ciddi olduğunu heç kim bilmirdi.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bununla belə, bir mənbə bu həftə “Page Six”ə deyib ki, cütlüyün münasibəti ilə bağlı hər şey çox dəqiqdir.
"Onlar son bir neçə ay ərzində birlikdə xeyli vaxt keçiriblər və bir-birlərini daha dərindən tanımaqdan həzz alırlar", - insayder deyib.
Yeni cütlük həm ABŞ-da, həm də okeanın bu tayında - Avropada görünüb. Onlar ilk dəfə avqustun 9-da İspaniyanın İbiza şəhərindəki klublardan birində kameralara tuş gəliblər. Onlar Hï Ibiza klubunda öpüşərkən və sonra rəqs edərkən lentə alınıb. Həmin ayın sonunda onlar Santa Barbarada dondurma yeyərkən, sonra isə Londonda “Vogue” jurnalının təşkil etdiyi ziyafətdə görülüblər. Çeretti Milanda Moda həftəsi zamanı podiuma çıxanda Leonardonun da tamaşaçılar arasında olduğu bildirilir.
"Leo və Vittoriya bütün gecə birlikdə söhbət ediblər və rəqs ediblər" deyən başqa bir mənbə Böyük Britaniyadakı gecədən danışıb. "Görünür, onların romantikası keçici bir əlaqədən daha çox şeydir".