Son günlər bir çox toyların təxirə düşməsi ilə bağlı xəbərlər eşidirik. Toyu edənlər də bunun üçün kənardan bir qədər xəcalətli görünür sanki.
Bu əsasən də sentyabrın 20-si ölkəmizin Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbiri keçirməsi ilə bağlıdır. Bunun nəticəsində arzusunda olduğumuz torpaqlarımızı qovuşub, ölkəmizin suverenliyini təsdiqləndi. Qələbə sevinci yaşasaq da, bir tərəfdən şəhid xəbərlərinə hüznləndik.
Bununla yanaşı, bu ərəfələrdə Məhərrəmlik ayı bitib, toylar başlayıb. Lakin şəhid xəbərlərindən sonra bəzi toylar təxirə salınıb.
Maraqlıdır, belə bir vəziyyətdə müğənnilərin yeni mövsümlə bağlı planları nədir və hansı yenilikləri var?
Lent.az saytı bu barədə bir neçə müğənniyə müraciət edib.
Müğənni Manaf Ağayev yeni mövsümün açılmasına baxmayaraq, şəhidlərə görə toylarını təxirə saldığını bildirib:
“Yeni mövsümdə iki yeni mahnı təqdim edəcəm. Mahnıların təqdimatını noyabr ayına planlaşdırıram. Məhərrəmlik ayı bitsə də, toyları şəhidlərə görə təxirə salmışam”.
Müğənni Abbas Bağırov yaradıcılıqla bağlı hələlik heç nə danışa bilməyəcəyini deyib:
“Çünki bu dəqiqə maraqlarımız ölkəmizdə baş verən hadisələrdədir. Təbii ki, həm sevinirik, həm də kədərlənirik. Sevinirik ona görə ki, Azərbaycanımızın ərazi bütövlüyü tamamlanıb. Eyni zamanda kədərlənirik çünki igid oğullarımızı itirdik. Allah şəhidlərimizə rəhmət eləsin. Amma toylarla bağlı hələ ki, heç bir planım yoxdur”.
İfaçı Əflatun Qubadov yeni mövsümdə toylara davam etdiyini bildirib:
“Bəli, artıq Məhərrəmlik ayı bitdi, toylar davam edir. Mən də dəvət aldığım toylarda iştirak edirəm. Yeni mövsümdə sizlərə yeni mahnılar da təqdim edəcəm. Mahnıların təqdimatını “Yeni il”-ə yaxın bir tarixə planlaşdırıram”.
Məşhur müğənni Zamiq Hüseynov isə hər zaman öz üzərində çalışdığını deyib:
“Mən hər zaman kariyeram üzərində çalışıram. Son zamanlarda Cəlal Qurbanovla birlikdə üzərində çalışdığımız “Mənim Atam Qəhrəmandır” mahnısını sizlərə təqdim etdik. Bu mahnı bizlər üçün də çox özəl bir layihə oldu, çünki bu şəhid övladları ilə birlikdə hazırlanıb. Təbii ki, yeni mövsümdə də hər zaman olduğu kimi sizlərə yeni mahnılar təqdim edəcəm”.
Müğənni Əlikram Bayramov toylara getmədiyini bildirib:
“Xeyir, toylarda iştirak etmirəm. Hazırda ölkəmizdə qələbə ilə birlikdə hüzn də var. Bir yerimiz sevinsə də, bir yerimiz kədər doludur, çünki şəhidlərimiz var. Belə halda insanın vicdanı yol vermir toylara getməyə. Mənim də yaxın dostumun oğlu şəhid olub. Acı hamımızın acısıdır. Allah şəhidlərimizə rəhmət eləsin”.
Müğənni Nazənin toylara dəvət aldığını qeyd edib:
“Bəli toylara dəvət alıram. Yeni mövsümdə sizlərə iki yeni ifa təqdim edəcəm. Mahnıların təqdimatını oktyabr ayına planlaşdırıram”.
Nüşabə Ələsgərli indi başının qarışıq olduğunu bildirib:
“Yeni mövsümdə biraz başım qarışıqdı. Məktəblər təzə açılıb yeni-yeni alışırıq. Noyabr ayına yeni mahnılar təqdim edəcəm”.