Qadına qarşı seksual zorakılıqda ittiham olunan tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq-mühafizə orqanlarına daxil olan şikayətdən danışıb.
Lent.az-a açıqlama verən N.Fərhadoğlu bildirib ki, ona qarşı irəli sürülən ittihamlar yalandır:
“Təxminən 35-36 yaşlı qadındır. Bu xanım 7-8 ay idi ki, mənə yazırdı. Sosial şəbəkədə əksər paylaşımlarıma reaksiya verirdi. Sonra dedi ki, övladımı sənin dərslərinə qoymaq istəyirəm. Dünən yanıma gələndə gördüm ki, bunun oğlu mənlə qalmaqalda olan aşığın tələbəsidir. Elə bütün bunlar da mənlə qalmaqalda olan həmkarımın işləridir. Ötən gün dərs dediyim məkanda 5-6 dəqiqə danışdıq. Sonra ona su verdim, su isti olduğuna görə gedib marketdən soyuq su aldıq. Bu məqamda da qadın gülümsəyirdi. Mən hər şeyi faktla deyirəm. Polis gəlib araşdıracaq, görəcəksiniz ki, mən yalan demirəm. Bütün bunlar nəzarət kamerasına da düşüb. İndi polislər gəlib, istintaq gedir. Bu qara piara uymasınlar”.
Qeyd edək ki, bu N.Fərhadoğlu barədə çıxan ilk xəbər deyil. Bundan əvvəl ötən ilin oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olmuşdu. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulamışdı.
Onu da əlavə edək ki, N.Fərhadoğlu bu günə qədər aşıq Fəzail Miskinli ilə qalmaqal yaşayıb. Onların qalmaqalı ATV telekanalında əlbəyaxa səviyyəsinə gəlib çatmışdı.
Xatırladaq ki, aşıq Namiqin qadına qarşı seksual zorakılıq etməsinə dair ilk xəbəri "report.az" yayıb.