Amerikanın fəthi, yaxud dünya “pis oğlanlar”a necə təslim oldu –
14 avqust 2011 12:30 (UTC +04:00)

Amerikanın fəthi, yaxud dünya “pis oğlanlar”a necə təslim oldu –

İyirmi dördüncü söhbət

İstila başlandı

İngilis musiqisi tərəfindən Amerika bazarının istilası 1964-cü ildə başlandı...
Əvvəlcə "The Beatles", sonra "Rolling Stones", onların dalınca da "Hermits", "Searchers" ... və daha kimlər... daha kimlər...
İngilislər sanki intiqam alırdılar. Elə bil 1776-cı ildə - Amerika müstəqilliyini qazanarkən Böyük Britaniyanın məruz qaldığı ağrı-acının əvəzini artıqlamasıyla çıxmağa and içmişdilər!..

"The Beatles" Amerikada

Biitlz ilk dəfə Amerikaya səfər edəndə qrup üzvlərinə verilən vizanın müddəti haqda sənədlərdə belə bir qeyd vardı: "Viza eyni işin öhdəsindən gələ biləcək amerikalılar tapılana kimi, etibarlıdır". Amma həmin illərdə Amerika musiqisinin vəziyyətini nəzərə alsaq, "Biitlz"dakı cavan oğlanların vizasını müddətsiz də saymaq olardı...

Birləşmiş Ştatlara əsaslı şəkildə girmək üçün bütün amerikalılara cəlbedici gələcək bir hit gərək idi. Və bu hitdə mütləq, amerikalıların təbirincə desək, "feeling" (əhval-ruhiyyə, hissiyyat) olmalıydı. Bunlarsız musiqi pərəstişkarlarının qəlbini fəth etmək mümkünsüz görünürdü.

Qrupun menecerliyini edən, onun formalaşmasında müstəsna rol oynamış Brayan Epstayn çox götür-qoydan sonra belə qərara gəlir ki, həmin bu "feeling" "İ Want To Hold Your Hand" ("Mən sənin əlindən tutmaq istəyirəm") mahnısında var.

Zaman göstərdi ki, menecer bu seçimində səhv etməmişdi. 1964-cü ilin 18 yanvarında mahnı "Billbord" jurnalının yüzlüyünə 5-ci nömrə altında düşdü, bir həftədən sonra üçüncü yerə yüksəldi, üstündən daha bir həftə ötdü, mahnı "Biitlz"ın lap ölkəyə gəlişi ərəfəsində birinci yerə çıxdı və öz mövqeyini düz 7 həftə qorudu. Mahnını siyahının başından oğlanların növbəti - "She Loves You", onu isə "Cant Buy Me Love" hitləri çıxardı...

Təbii ki, bu uğurda "Capitol" şirkətinin başladığı geniş reklam kampaniyasının da payı vardı. Amma bu məşhur şirkətin vitse-prezidenti Boyl Gilmorun dediyi kimi, "hələ çürük məhsulu satmağa kömək edən reklam bütün dünyada tapılmayıb". Odur ki, qrupun bu uğurunda "Biitlz"ın fövqəladə istedadı, Epstaynın hit seçə bilmək bacarığı və "Capitol"un reklam maşını bəlli paya malikdir.

Onminlik pişvaz

Nyu-Yorkda liverpullu oğlanları cavanlardan ibarət onminlik ordu qarşılayırdı. Onların Ed Sallivanın şousunda və "Karnegi Holl"dakı çıxışları əsl triumf idi və artıq bütün Amerika ayaqları altında payandaz olmağa hazır idi. Nyu-Yorkun "Daily News" qəzeti yazırdı ki, "Heç Elvis Presli də bizim qışqırıqçı nəsli bu dərəcədə dəli edə bilməmişdi. Preslinin "yançaq burcutmaları" "Biitlz"ın tamaşaçıya içirdiyi yüzfaizli məcunla müqayisədə rəngi qaçmış çaydan başqa bir şey deyildi"...

"Rolling Stones" Amerikada

Stounz isə Amerikaya 1964-cü ilin iyununda gəldi (o vaxt "Biitlz" Honkonqu, Yeni Zelandiyanı və Avstraliyanı fəth edirdi), amma onları yaman sərin qarşıladılar. Ed Sallivan oğlanları öz şousuna buraxmadı - qorxurdu ki, bu qeyri-adi cavanların xarici görünüşü verilişin daimi auditoriyasını qaçırda. Bundan əlavə, qrupun Amerika miqyasında tanınan bircə dənə hiti də yox idi.

Sallivanın şousu əvəzinə Rollinq Stounza ortabab estrada teatrı olan Hollivud Palasın səhnəsini təklif etdilər. Teatrın sahibi Din Martin qrupu tamaşaçılara təqdim edərkən belə demişdi: "Onların saçı o qədər də uzun deyil. Sadəcə olaraq, alınları başqalarınınkından bir az ensiz, qaşları bir qədər yuxarıdır". Bunun dalınca da səhnədə tramplindən atılacaq artisti təqdim edərkən elan etmişdi ki, bu insan Rollinq Stounzun atasıdır - onlar anadan olan gündən bəri hər gün tramplindən tullanır ki, bəlkə ölüb canını qurtara bilə..."

Onları lağa qoydular

Stounzun Amerikada qarşılanması belə zarafatlarla yadda qaldı. Nebraska ştatının Omaxa şəhərində bir polismen revolverini qrup üzvlərindən biri olan Kits Riçardın gicgahına dirəmişdi - bu cavan oğlanın kolaya viski qatıb içməsindən şübhələnmişdi ( o illərdə ictimai yerlərdə spirtli içkidən istifadə yasaq idi...)
“Biitlz”ın konsertində isə eyni silahdan polislər tamam başqa cür istifadə edirdilər: onlar tapança patronlarını qulaqlarına tıxayaraq konsertin səs-küyündən bu yolla qorunurdular!
Stounzun Omaxa şəhərindəki konsertində 15 min nəfərlik zalda cəmi 637 adam vardı ki, onların da 50-si polis idi...

Sallivan tüpürdüyünü yaladı

Amma Amerikanın bu biganəliyi, bu düşmən mövqeyi çox çəkmədi. 1965-ci ilin oktyabrında Stounz yenə Amerikaya səfər etdi və bu dəfə onları nisbətən yaxşı qarşıladılar. Bu dəfə Ed Sallivan da oğlanları öz şousuna çıxardı. Amma onun bu qərarı zalda narazılıq doğuran kimi, az qaldı fikrindən daşına. Sonradan jurnalistlərlə söhbətində belə etiraf etmişdi: "Sizə söz verirəm ki, onları bu studiyada birinci və axırıncı dəfə görürsünüz... Doğrusunu desəm, mən özüm də onları dünən ilk dəfə görmüşəm. Onları mənə britaniyalı agentlərim məsləhət görmüşdü... Mən 17 ildir bu şounun aparıcısıyam və qoymaram ki, onu bircə həftəyə heç eləsinlər..."

Yəqin təxmin edirsiniz ki, qarşıdakı bir neçə ildə Stounz özündənrazı Sallivanın apardığı şounun daimi qonağı olacaq...

İkibaşlı Qartalın dalınca gələnlər

1964-cü ilin noyabrında, nəhayət, Stounz da Amerika hit-paradlarına yol tapdı, "Time İs On My Side" ("Zaman mənim tərəfimdədir") mahnısı 6-cı yerə çıxdı və həmin gündən etibarən Rollinq Stounz şöhrətin xam mustanqını birdəfəlik ram edə bildi və o gün başlanan tarix hələ də davam edir...

"The Beatles" və "Rolling Stones"in uğurları fonunda Amerikaya digər ingilis qrupları da gəldilər. Onların arasında ən populyarları Hermans Hermits, Hillies (hər iki qrup Mançesterdən idi); Dave Clark 5 - London (onun Amerika Top20 siyahısında 14 hiti vardı); Gerry and the Pacemakers və Seachers ( hər ikisi Liverpul şəhərindən) sayılırdı.

Pop erasının ucuz ulduzları

Bəziləri bu fikirdədir ki, ingilislər Amerikaya girərkən yerli musiqiçilərin müqavimətini qırdılar. Bu, qətiyyən həqiqətə uyğun deyil. Çünki əslində heç bir müqavimət yox idi. Filadelfiyalı "göyçək oğlanların" səsi o dəqiqə batmışdı. Onlardan Bobby Vee kimi tək-tükləri öz üslubunu dəyişib britaniyalılara uyğunlaşdırsa da, heç bir uğur qazana bilmədi, ümumi axına düşüb məhv oldu. Yalnız o musiqiçilər davam gətirdi ki, üslublarına sadiq qalaraq dəst-xətlərini dəyişmədilər. Belələrindən ikisinin adı bu gün bir qəhrəman kimi çəkilməlidir: Roy Orbison və Everli Brazers...

"Everly Brothers"

"Everli Brazers" ("Everli qardaşları") Don və Fil kantri üslubunda sürətli, melodik mahnılarla şöhrət tapmışdılar, amma ara-sıra uğursuz məhəbbətdən, ölümdən də oxuyurdular. İlk hitləri çıxan 1957-ci ildən bəri tanınmışdılar və hətta İngiltərədə belə sevilirdilər. Lakin “Biitlz” qrupunun səhnəyə gəlişi onlara ağır zərbə oldu. 1965-ci ildə qardaşlar saçlarını qabağa darayıb, paltarlarını dəyişdilər və bazara bir-iki dənə hit çıxardılar. Onların son hitləri də sevildi, amma bu, qardaşların axırıncı uğuru oldu...

"Everli Brazers"dən danışanda onları britaniyalıların məğlub etdiyini söyləmək ədalətsizlik olardı, çünki qrup daha çox qardaşlar arasında münasibətlərin gərginləşməsindən dağıldı...

Preslinin bədbəxt müasiri

Roy Orbison isə Elvis Preslinin müasiri idi və yaradıcılığa roker kimi başlamışdısa da, bu obraza uyğunlaşa bilmirdi. O daha çox faciəvi balladaların, dramatik mahnıların öhdəsindən yaxşı gəlirdi. Taleyin oyununa bax ki, Orbisonun şəxsi həyatı da kədərli mahnılarının mövzusuyla səsləşdi: əvvəlcə avtomobil qəzasında arvadı həlak oldu, daha sonra üç oğlundan ikisi evlərindəki yanğında öldü...
Roy Orbisonun üslubu və istifadə etdiyi musiqi materialı o qədər özünəməxsus idi ki, Amerika solo-müğənnilərindən bircə o ingilis bit-bumunda davam gətirə bildi. Orbison lap 1967-ci ilədək özünün kədərli balladalarını oxuyaraq pərəstişkarlarını məyus etmədi...

Üç ocağın istisi

Amma bütün bu sadaladıqlarımıza baxmayaraq, amerikalıların heç müqavimət göstərmədiyini söyləmək ədalətsizlik olardı. Ölkənin musiqi paytaxtı Nyu-Yorkun döyüşsüz təslim olmasına rəğmən, Birləşmiş Ştatlarda "İngilis istilası"na qarşı üç müqavimət ocağı formalaşmışdı. Rok dünyasının mənzərəsi tam olsun deyə, gələn söhbətimizdə həmin ocaqlardan söz açacaq, sizi yüksək əyarlı, həmişəyaşar ulduzlarla tanış edəcəyik...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1460

Oxşar yazılar