İntiqam Soltan etiraf edir: “Gecələr səhərə qədər sevirdim onu...” – MÜSAHİBƏ
08 avqust 2011 10:47 (UTC +04:00)

İntiqam Soltan etiraf edir: “Gecələr səhərə qədər sevirdim onu...” – MÜSAHİBƏ

Lent.az-ın “Məşhurların sevgi etirafları” layihəsinin növbəti qonağı Bakı Uşaq Teatrının yaradıcısı, bədii rəhbəri və direktoru, rejissor, aktyor İntiqam Soltandır.

- Sizi tanıyan biri kimi mənə elə gəlir ki, İntiqam Soltan üçün sevgi ilk olaraq uşaqlara və insanlara olan məhəbbətdən başlayır...

- Sən indi sevgi deyəndə yadıma gəlir ki, orta məktəbi qurtaranda bir şeir yazmışdım.
Axırıncı bəndi belə idi:

Sevməsəm insanlığı,
Özüm Allah olardım.
Niyə sevdim, ay Allah,
İnsanlığa qul oldum.

Yəni, elə bilirəm ki, əgər insanlığın quluyamsa, deməli sevgi məni qula çevirib. Yeniyetmələrdə bir an Allahlıq iddiasına düşmək məqamı olur. Təbii ki, mən də o prosesi yaşamışam. Sonra baxırsan ki, yox, bu, çox yuxarıdır. Bir az aşağı düşmək lazımdır.

Bir yazım da vardı sevgilə bağlı: “Yazığam, özünü sevdirmə mənə. Allah olmaq istəyirəm, yolumdan saxlama məni. Sevməməyi bacarmıram... Yazığam, özünü sevdirmə mənə. Heç olmasa zibilliyə toxunma, zibil olmaq istəyirəm”. Yəni, qoy heç olmasa zibillikdə rahat yatım. Qısası, sevgi mənim üçün budur! Mənim aləmimdə sevgi sadəcə xəstəlikdir. Müəyyən yaşda insan ona daha çox tutulur. Qaldı sevginin özünə, təbii ki, sevgi qollara bölünür. Pakistan yazıçısı Malik Həddatın təbirincə desək, sabah bizim Allahımızdır. Biz sabahımızı sevməsək, bu gün dünyamızı dəyişərik. Sabahı sevməyin ayrı gözəlliyi var. Bu, yaşamaqdır, həyat sevgisidir.

- Bəs qadını sevməyin hansı gözəlliyi var?

- Qadını sevmək artıq bütün sevgilərdən fərqlidi. Bu, Allahlıq iddiasından əl çəkmək üçün yaradılmış bir sevgidir ki, insanı yerə bağlayır. Mən çox vaxt oturub sevginin nə olduğunu təhlil etmək istəmişəm. Və belə qərara gəlmişəm ki, sevgi sadəcə olaraq insanları Allahlığa gedən yoldan sapındırmaq üçün onların içinə salınmış bir hissdir. Yalnız həyata xidmət edirik, laboratoriya hissəciklərinə dönürük. Və həmin sevgi təzə bir sevgi həyata gətirir – körpələri. Həmin körpələr bizi onlara bağlayır, məişətləşirik, onların qayğıları ilə məşğul oluruq. Onlar böyüyüb öz sevgilərinə qovuşana qədər biz onları sevirik. Sonra onlar tərəfindən elə atılırıq ki, küskünləşirik... hamıdan küsürük. Bax onda insanın içində başqa bir sevgi qalır – sızıltılı bir sevgi – çatmadığımız sevgi. Bilinmir o hansısa qadına olan sevgidir, yaxud qadın cildində olan Allaha. Heç kəsə demədiyim bir sözü indi sənə deyəcəm. Bəlkə də bunu deməkdə səhv edirəm. Bəlkə də bu, bir neçə nəfərin yanında olan imicimə, hörmətimə xələl gətirəcək, amma deyəcəm. Mənim həyatda iki hobbim var – biri sevgini sevmək, biri də zibillikdə oynamaq, eşələnmək. Sevgini sevirəm – bilmirəm nəyə görə. Zibillikdə isə heç vaxt oynamamışam. Amma ona görə oynamaq istəmişəm ki, zibillik hamı tərəfindən atılmış yığıntıların məkanıdır. Və nədənsə həmişə özümü həmin atılmışların biri kimi hesab etmişəm. Bilirəm ki, nə vaxtsa mən onların yoldaşı olacam. İnsanların zibilliyində bəlkə də birinci zibil elə mən olacam.

- Niyə bu cür düşünürsünüz?

- Bilmirəm... Bilmirəm niyə o cür düşünürəm. Mən həmişə hər şeyə fərqli yanaşmışam. Hərdən mənə deyirlər, sən bu cəmiyyətin, bu həyatın adamı deyilsən. Uşaqlıda həmişə istəyirdim əlil bir qızla evlənim. O dərəcədə əlil olsun ki, mən evə gec gəlib onun yeməyini gec versəm, acından ölmək təhlükəsi qarşısında qalsın. Yəni, hiss edim ki, mütləq və mütləq kiməsə lazımam. Hərdən adam özünün lazımlı olduğunu hiss etməyəndə, ya da tərəfdaşları bunu hiss etdirməyəndə atılmış hesab olunur. Müəllimlərimdən biri deyirdi ki, “mən düşmənlərimdən qorxmuram, çünki uzaq başı məni öldürə bilər. Mən biganəlikdən qorxuram, çünki məni görməyib keçə bilərlər”. Doğrudan, mən də biganəlikdən çox qorxuram. Qoy məni döysünlər, söysünlər – biləcəm ki, varam. Amma sevgi məkanında, ya da başqa bir yerdə məni görməyib keçəndə deməli, mən yoxam. Fəlakət budur.

- ...görməyib keçən olubmu?

- Hərdən təəssüflənməli oluram. Təəssüflənməli oluram ki, yox. Deyəsən çox özündən müştəbehlik oldu, amma həqiqətən yox. Bilirsən, mən xanımlarla səliqəli, insan kimi ünsiyyətdən daha çox zövq və enerji alıram. Bu cür münasibət həm də min bir əzabla qazandığım imicimin də zərbə altında qalmamasına yardım edir. Amma təəssüf ki, bəzən bizim xanımlar hörmətlə məhəbbəti qarışdırırlar. Xarakter etibarı ilə mən qadınlara qarşı kobud ola bilmirəm. Və bu nəzakətli münasibətim çox zaman tam əks reaksiya ilə, məsələn, eşq elanları ilə qarşılaşmağıma gətirib çıxarıb. Məsələ ondadır ki, mən bu xanımların heç birinin nəinki hissləri ilə oynayıb fürsətdən sui-istifadə etmək niyyətində olmuşam, heç onlar haqqında pis fikirləşmək belə keçməyib ağlımdan. Düşünmüşəm ki, əgər onlar bu münasibəti evdə görsəydilər, öz səadətlərini kənarda axtarmazdılar. Sadəcə səliqəli şəkildə münasibətləri dost müstəvisinə çevirməyə cəhd eləmişəm. Çox vaxt da nail olmuşam. Hərdən inamla bir fikri səsləndirirəm - “Tanışlarım arasında bir qadın tapın ki, mən onun gözlərinə düz baxmaqdan çəkinim”...

- Bir Şərq kişisi kimi bəlkə buna bir aydınlıq gətirəsiniz. Niyə Şərq, eləcə də Azərbaycan kişilərinin əksəriyyəti qadına çox sevdiklərini, hətta onu qısqandıqlarını büruzə verməməyə çalışırlar? Bəzən hətta sevgilərini etiraf etməkdən belə çəkinirlər.

- Bəzən də yerli-yersiz qısqanırlar... Bu, bizim tərbiyəsiz tərbiyəmizdən irəli gəlir. Yəni, bizə verilən tərbiyənin özü tərbiyəsizdir, əndazədən kənardır. Bir misal deyim. Bir dəfə Rusiya qəzetlərinin birində bir cədvələ rast gəldim. İnsanın gündəlik həyatının cədvəli tutulmuşdu. Orada yazılmışdı - “Səhər saat 6-7 arası – seks üçün əsl vaxt”. Bir həftədən sonra çox təsadüfən Azərbaycan qəzetlərinin birində həmin cədvəlin tərcüməsini gördüm – “Səhər saat 6-7 arası - əsl gəzinti zamanı”. Tərbiyəsizliyə baxın! Tərbiyəsiz dedikdə əxlaqsızlığı nəzərdə tutmuram. Yəni, məni düzgün tərbiyə etmədilər və bu yanlış məlumat mənim yaddaşıma yazıldı. Halbuki həqiqətən də səhər saatlarında kişi öz xanımı ilə sevişirsə, ehtirasını öldürmüş olur və deməli, iş yerində başqa bir xanıma o gözlə baxmayacaq. Başqa qadına baxmayacaqsa, öz işilə məşğul olacaq. Baxacaqsa, o qadını da yoldan çıxarmış olacaq. Bir gün, üç gün, beş gün... ən azından münasibətlər, harmoniya pozulacaq. İş yerində adi bir baxışla harmoniyanın dəyişməsi, artıq bir insanın həyat harmoniyasının pozulmasına gətirib çıxaracaq. Bununla da bir insanın həyatı məhv oldu, sındı. Məncə, elə bu misal sualına cavab vermək üçün kifayətdir. Hər halda, bir kişinin bir neçə qadınla ailə qurması məsələsi ancaq Şərq ölkələrindədir. Bunu tutaq ki, Avropa kişilərinə şamil etmək mümkün deyil. Çünki oradakı kişilərin fiziki tələbatı buna yol vermir. Amma onların xanımlarının tələbatı daha çoxdur. Məhz bu səbəbdən Şərq kişiləri Qərb qadınlarına daha çox meyl edirlər. Qərb qadınları intim dünyada sərbəstliyə daha çox meyl edirlər. Bizim xanımların isə süni şəkildə qəlibə salınmaları, öz həyat yoldaşlarının yorğan-döşəyində kompleksli davranmaları kişiləri sadəcə bezdirir.

- Bu həm də kişilərin onlara xəyanət etməsinə gətirib çıxarır...

- Təbii. Bu halda birinə ailəsinə xəyanət edən kişi, o birinə fahişə damğası vururuq. Olmazmı ki, o həyatı öz evində yaşaya bilsin?! Adını çəkməyəcəm, əri incəsənət aləmindən olan bir qadın mənə dedi ki, həyat yoldaşım yanımdan çıxıb başqasının yanına gedir. Dedim axı özün deyirsən yanımdan çıxır. Niyə çıxır? Özü də etiraf edir ki, həmin qadından daha gözəldir. Ona cavab verdim ki, mənə dediklərini güzgü qarşısında dayanıb özünə de, özünlə söhbət elə və nəticəyə gəl. Çox məşhur teleaparıcılardan biri – həm də gözəl aktyordur - mənə dedi ki, ailəmdən ayrılmaq istəyirəm. Soruşdum niyə? Dedi evə gələnlərə qarşı kobudluq edir, uşaqları, ata-anamı incidir. Dedim sən onunla sevişən zaman axıra kimi onun qayğısına qala bilirsənmi? Dedi heç fikirləşməmişəm o barədə... Bir aydan sonra yanıma gəlib dedi, hər şey gözəldi, evdə də hamıyla yaxşı münasibəti var. Çox şey, bəlkə də hər şey yataqdan başlayır. Çünki insanın yaranışı ordan başlayır. Sevgi özü də. Çox adam deyir ki, sevgi yataqda bitir. Xeyr, sevgi orada bitmir, əksinə başlaya bilir. Ramiz Rövşənin gözəl bir şeiri var. O şeirlə hər şeyi açıqlamaq mümkündür – “Qəfil gün doğsa bir gecə, dünya dümağ işıqlansa... Görərik kimlərin əli kimlərin cibindən çıxır, kimlər əyilə-əyilə kimlərin evindən çıxır...” Açıq etiraf etsək, kişilərin böyük faizi öz evində gecələmir.

Mən əsgərliyə gedənə kimi elə bilirdim ki, məni küçədən tapıblar. Bu cür tərbiyə almışdıq çünki. Gah deyirlər uşağı leylək gətirib. Axı uşaq buna səmimi şəkildə inanır. Amma sabah görəndə ki, leylək öz uşağını ayaq altına atıb, onda o sınacaq. Dünən mən bir cavan oğlan gördüm. Çox istədim onunla söhbət edim, amma alınmadı. Oğlanın hər iki qolu doğram-doğram idi. Hansı hiss, hansı ehtiras onu buna məcbur etmişdi?! Ya hansısa qadın onu bu günə qoyub, ya da tərbiyəsi düzgün formalaşmayıb. Qızım 9-cu sinifdə oxuyanda mənə yaxınlaşdı ki, bir oğlanla dostluq etmək istəyirəm, qorxuram sən məni öldürərsən. Dedim axı niyə sən o cür fikirləşirsən... Həmin oğlanı çağırdım, gəldi yanıma. Oturdum onunla söhbət etdim, izah etdim, vəssalam. Bu, Çexov psixologiyasındadır ki, qadınla kişinin dostluğu üçün qadın mütləq yataqdan keçməlidir. Mənə görə, bu, yanlış fikirdir. Məncə, bu fikrimi yuxarıda açıqlamışam...

- Əvvəldə dediniz ki, sevgi bir xəstəlikdir. Siz bu xəstəliyə birinci dəfə nə vaxt tutulmusunuz?

- Birinci dəfə “Daş və çiçək” filminə baxanda ordakı qadına vurulmuşdum. Bilmirdim, o nə hissdir. O qədər dəhşətli sevirdim... Gecələr səhərə qədər sevirdim onu, ölürdüm onun dərdindən. Uşaq idim. Aktrisanın adı da yadımda deyil. Bəlkə də məndən 40 yaş böyük olardı. O qədər dəhşətli sevirdim, sadəcə ölürdüm ondan ötrü, vəssalam. Bilirdim ki, bu, nə ana sevgisidi, nə vətən sevgisi, sadəcə sevirdim. Amma səmimi sevgi idi... Sonra öz sinif yoldaşıma vuruldum. Adını çəkmək istəməzdim, çünki bayaq vurğuladığın kimi şərq psixologiyası, filan, ailələrində söz-söhbətə rəvac vermək istəməzdim. Qonşu kənddə yaşayırdı. Atası xəstə idi, ögey ana qucağında böyümüşdü. Amma sevgi buna baxmır. Bu hissi də içimdə çox gizli saxlayırdım. Çünki adam utanır, hisslərinin ləkələnəcəyindən qorxur. Bizdə hisslərə hörmət etmək qabiliyyəti yoxdur axı. Gördüm çox çətindir mənim üçün, uşağam da, bu sirri mütləq içimdən çıxartmalıyam. Dözə bilməyib, onların kəndində bir evin arxasına, beton divara balaca hərflərlə ikimizin adını yazdım – “”X”+İntiqam”. Çox qısa müddətdən sonra bütün kənd camaatının bu haqda danışdığını gördüm. Başqa bir sinif yoldaşım həmin evə yaxın olurdu. Ona dedim, poz da o yazını nolar. İndi də kəndimizə gedəndə gizli yolla gedib həmin üzərinə xətt çəkilmiş adlarımıza baxıram. Üstü pozulsa da, özüm oxuya bilirəm. Üstündən bəlkə də 35 il vaxt keçib. Sağ olsun ev sahibi ki, oranı hələ suvamayıb. Amma səmimi hiss idi. Dildən-dilə gəzdi o sevgi. Onu qardaşı da bilirdi, sonradan həyat yoldaşı da.

- Neçə il sevdiniz onu?

- Bu sevgi kənddə yayılsa da, çoxları bunu bilsə də, mən özüm ona heç nə deməmişdim. Tərbiyəsiz tərbiyə deyəndə mən bunu nəzərdə tuturam. Mən əsgərliyə gedəndən sonra ögey bacıları onu zorla ərə vermişdilər. Başqa rayona, başqa bir kəndə - çox mövhumatçı bir kənd idi. Demişdilər ki, “İntiqam nə vaxt gələcək, Allah bilir”. Amma onun ailə həyatı uğursuz nəticələndiyindən qayıdıb gəldi. Mən hətta buna baxmayaraq, ona əlimi uzatmağa hazır idim, uzadırdım da. Amma... ikinci dəfə yenə ailə qurdu. Onda mən artıq institutda oxuyurdum.

- Ona əlinizi uzatmağa hazır idinizsə, sonra niyə geri çevirdiniz?

- Abır-həya, valideynlərin qulu olmaq, qeyri-sərbəstlik, yerli-yersiz komplekslər... bunlar hamısı bizim həyatımızı qurmağa mane olub həmişə... Sadəcə özüm bunu yaddaşıma çox yazmaq istəməmişəm. Bu, artıq olub. Olub-keçənlər haqqında çox fikirləşsən də, artıq ötüb-keçib. Heç nəyi dəyişmək mümkün deyil. İndi onu uşaqlıq dostu kimi xatırlayıram və hörmət edirəm. Bəlkə doğrudan uşaqlıq sevgisi idi, bəlkə də yox. Bəlkə də mən o vaxt o sevgiyə çatsaydım, indi gördüyüm işlərin heç birini görə bilməzdim. Çünki birinci sevgiyə çatmamaq çox sevgiyə çatmağa kömək edir. Birinci sevgi bala ilanın zəhərinə bənzəyir. Bala ilanın zəhəri ana ilanın zəhərindən çox qorxuludur. O qədər təmiz zəhərdir ki, toxunduğu hər şeyi məhv edir. Ona görə də ilk sevgi daşa dəyirsə, qayıdıb özündə qalır. Gənclik yazılarımın birində belə bir cümləni xatırlayıram – mənim məhəbbətim külək dağıtmış saça bənzəyir. Onu bir hörükdə yığa biləcək adam gəzirəm.

- Tapa bildiniz o adamı?

- Görünür tapmışam. Əslində ideal sayıla biləcək bir ailəm var. Mən çox xoşbəxtəm ki, Arzu (Arzu Soltan – X.M) kimi bir xanımım var. Həyat yoldaşımla istədiyim münasibəti qura bilmişəm. Bizdə Şərq ailə mexanizmi işləmir. Ən azından balalarımla dost ola bilmişəm. Mənim arvadım yoxdu, həyat yoldaşım var. Biz dalaşa, bir-birimizi qıra, eqoistcəsinə ayrıla da bilərik. Amma biz bilirik ki, qayıdıb barışmasaq, bu ayrılıq bizim inadkarlığımızdan, eqoistliyimizdən irəli gələcək, bir-birimizi sevməməyimizdən yox.

- Arzu xanımla necə tanış olmusunuz?

- Biz əslində qohumuq. Amma onlar Bakıda, biz Ordubadda yaşayırdıq. Sadəcə belə bir qohumumuzun olduğunu eşitmişdim. Mən əsgərliyə gedənə qədər onu tanımamışam. Əsgərliyə gedəndə bir dəfə onlara gəldim. Əsgərlikdən qayıdanda isə o, hələ məktəbliydi. İlk baxışdan vuruldum ona. Heç özü bilmirdi. Sonra mən instituta daxil oldum. Onda da bir neçə dəfə onlara gedib-gəldim. Atası çox sərt adam idi, indi dost olsa da, o vaxt it kimi qorxurdum ondan. Buna baxmayaraq, Arzunun səliqə-sahmanı, sözünün yerini bilməyi, məsumluğu məni öz məhvərimdən çıxarmışdı. Qorxu-zad da çıxırdı yadımdan onu görəndə. Hər şeyin yerini bilməsi adamda rahatlıq yaradırdı. Beləcə, məni yolumdan çıxardı, özünə bağladı və necə bağladısa, hələ də o düyünü aça bilmirəm (gülür). Sənətkar kimi qazandığım bütün uğurların tən yarısı onun payına düşür. Həyat bir yana, sənətdə mən onsuz bir heçəm. Bizi tanıyanların çoxları bilir ki, ailə qurandan 10 il sonra toy etmişik. Böyük qızımın adı yoldaşımın, oğlumun adı öz adımdır. Kiçik qızımızın adı bacımın adıdır. 1990-cı il martın 18-i birlikdə yaşamağa qərar verdik. Həmin vaxt toy günümüzü 2000-ci ilin mart ayının 18-ə təyin etdik. Böyük qızım doğulanda, adını Arzu qoyanda bütün qohum-əqrəba bizdən küsdü. İkinci qızımız olanda qohumlarımız bizdən əllərini üzmüşdülər. Oğlum olanda böyük qardaşımın oğlu zəng vurdu ki, “atam deyir uşağa düz-əməlli ad qoysun”. Dedim İntiqam adının nəyi pisdi ki?...

- Bunları bilirəm. Amma mənə o maraqlıdır ki, niyə hamı kimi davranmayıb toyu 10 il sonra etdiniz?

- Əslində cəmiyyətin yazılmayan qanunlarına etiraz əlaməti olaraq. Toy gecəsi qapının arxasında heç kimin olmaması üçün. Mən birinci növbədə bu adətə nifrət edirəm. İkincisi, axmaqcasına da olsa, yarızarafat-yarıgerçək deyirdim ki, evdə bir kişi olar. Bizim evimizin kişisi atamdır. Atam ölənə qədər mən toy eləmədim. Ən nəhayətdə, düşünürdüm ki, bəlkə heç yaşaya bilməyəcəyik birlikdə.

- Onu əsl məhəbbətiniz hesab edirsiniz?

- Hərdən dalaşanda adam fikirləşir ki, yox, yəqin səhv etmişəm. Amma Arzu hansısa səfərə gedəndə, bir neçə gün olmayanda görürəm yox, onsuz mümkün deyil. Yadımdadı, bir dəfə Arzu Amerikaya getmişdi, 20 günlük. Ordan mənə zəng vurmuşdu. Telefonda uşaq kimi ağladım ki, dur gəl bura, yoxsa məni salamat görməyəcəksən. Həqiqətən də az qalırdı özümü öldürüm.

- Arzu həyatınızın əsl məhəbbəti sayılır, ya yox?

- Əlbəttə. Ümumiyyətlə, incəsənət adamlarına bu cür sualları cavablandırmaq çox çətindi. Çünki səhnədə tərəf müqabilimizi - sevgilimizi sevməsək, zalda oturan tamaşaçını inandıra bilməyəcəyik, sevsək, özümüzə çətin olacaq, hisslərimizi bölmüş olacağıq. Axı biz də insanıq. Bu baxımdan incəsənət adamları çətin adamlardı. Biz filmlərə, tamaşalara baxanda orda gördüyümüz sevgiyə inanmaq istəyirik. Amma həmin aktyor, aktrisa ailəsindən ayrılanda onları qınayırıq.

- Söz düşmüşkən, tərəf müqabillərinizdən hansınasa vurulduğunuz olub heç? Amma səmimi cavab verin.

- Nəzərə alsaq ki, mənim səmimi olduğum qədər cəmiyyətimiz səmimi olmaya bilər, ona görə də istərdim ən azından tərəf müqabillərimin hisslərinə hörmətlə yanaşıb ad çəkməyim. Bu, təbii olub. Amma sevgilərin də ölçüsü olur. Oxucular elə hesab edə bilər ki, İntiqam kiminləsə bir gecə keçirməyi nəzərdə tutur. Yox, qətiyyən. Mən bir şeyi bilirəm ki, əxlaqsız adam deyiləm. Və sevdiyinlə o cür gün keçirməyi sadəcə olaraq çiçəyi dərməyə bənzədirəm. Çiçəyi dərəndən bir az sonra o, artıq zibilə çevrilir. O baxımdan adam var bir günlük sevirsən, adam var ömürlük sevirsən. Arzunu mən nəyə, kimə bənzətmişəm? O, mənim üçün təmiz, geniş, ağappaq bir yoldur. Onu təsəvvürümdə canlandıranda gözümün qarşısına hündür ağaclı bir meşənin içindən gedən yol gəlir. Özümü isə bu yolla gedən yolçuya bənzətmişəm həmişə. Cığal bir yolçuya. Hərdən pak, təmiz, səliqəli yol “bezdirib” məni. Yolumdan çıxıb, kol-kosun içilə getmək istəmişəm. Və bir də baxmışam ki, üz-gözüm, üst-başım cırıq-cırıqdı. Təzədən qayıtmışam öz yoluma. Bəlkə də çox bəsit bənzətmədi, amma mən həmişə belə təsəvvür etmişəm.

- Xəyanət edəndə bunu açıq şəkildə etiraf etmisiniz yoldaşınıza?

- Xəyanət... Düşünürəm ki, etsəydim deyərdim. Birbaşa olmasaydı da, paralelini danışardım. Həm özüm yüngülləşim, həm də onu incitməyim deyə. Kişini kişi edən qadındır. Kişini kişilikdən salan da qadındır. Ailəni xoşbəxt edən də qadındı, bədbəxt edən də. Qadının gücünün mində biri kişidə yoxdu. Bir də ki, Arzuyla ailə qurmazdan xeyli əvvəl ona demişdim ki, sən istənilən vaxt məndən doysan, üz çevirib gedə bilərsən. Yenidən acsan, qayıda bilərsən, mən hər iki münasibəti qəbul edəcəm, yetər ki, yalan danışma. Yəni hiss edim ki, qolları arasında olduğum qadının həm də ürəyindəyəm. Mənim qucağımda ola-ola başqası haqqında fikirləşirsə, bundan böyük fəlakət yoxdur.

- Hər ikiniz yaradıcı adamsız. Mənə həmişə elə gəlib ki, yaradıcı insanların məhəbbəti daha maraqlı olur. Məsələn, sevgiyə də yaradıcılıq qatırsız?

- Elə o səbəbdəndir ki, Arzudan söhbət düşəndə danışmağa çətinlik çəkirəm. Hətta kiməsə elə gələ bilər ki, qeyri-səmimiyəm. Amma inanın ki, yox. Mənim cəsarətimi gözəl bilirsən. Mən özümdən başqa heç kəsdən qorxmuram. Hətta Allahdan belə. Çünki, Allah da öz hərəkətlərimin müqabilində edir. Odur ki, özümdən, öz hərəkətlərimdən qorxuram. Amma indi nəsə deməyə çətinlik çəkirəm. Çünki Arzuyla bizim sevgi münasibətlərimiz heç vaxt müzakirə mövzusu olmayıb. Qaldı ki, verdiyin suala, sevgiyə heç nə qatmaq mümkün deyil. Çünki nəsə qatsan, bu, artıq beynin məhsulu olacaq. Mümkün deyil ürəyə hansısa formada müdaxilə edəsən. Gərək ürək yaradıcı olsun. Arzuyla bizim dalaşmalarımız çox olub. Amma bu, çərçivədən kənara çıxmır. Etiraf edim ki, həyatımda müəyyən sevgilər olub, cızığımdan çıxmışam. Uşaq da fasilədə cığallıq edir, amma dərsdə farağat oturur. Amma elə bir qəbahətli şeylərim olmayıb ki, ailədə problem yaransın. Əvvəla Arzu böyük adamdır. İkincisi də, bu, bəlkə də yaşadığım ömrümün 50 faizini insan hissləri oynamağımla bağlıdır. Ancaq mən hesab etmirəm ki, ona xəyanət etmişəm, ailəmə məxsus hissləri ondan götürüb kiməsə bağışlamışam. Yaxşı yadımdadı, bir dəfə Arzuyla bərk dalaşdıq. Həmin gün dostum ailəsilə bizə qonaq gəlmişdi. Biz də ikinci mərtəbədə bir daxmada kirayə qalırdıq. Evin tavanı və divarları dəmir şiferdən düzəlmişdi. Hündürlüyü 180 sm idi. Tavan o qədər alçaq idi ki, hətta bir dəfə lampa alnımı yandırmışdı. Özü də elə vaxtlarımız idi ki, dəyişməyə paltarım da yox idi. Arzu gecə yuyub, qurudub, ütüləyirdi, səhər təzədən geyinirdim. Həmin evə öz ata evindən incimiş dostum və həyat yoldaşı gəlmişdi. Onda mənim Arzuyla çox böyük bir konfliktim oldu. Mən çox sındım, bir neçə ay incik gəzdim. Sonra məlum oldu ki, adi, xırda bir anlaşılmazlıq olub.

- Onda siz ona xəyanət etmişdiniz?

- Tam səmimi deyirəm ki, yox. Necə xəyanət ola bilərdi? Məsələn, həmin anda hansısa küçə dilənçisi belə məni başa düşsəydi, gedib onun yanında yaşaya bilərdim. Amma onun yanında yaşamaq o demək deyil ki, səhərə qədər onunla sekslə məşğul olacam. Xeyr. Mənim üçün sevgi seks deyil. Mənim sevgiyə də, həyata da öz yanaşma tərzim var.

Və yeri gəlmişkən, mənim çoxdan, lap çoxdan bir sevgilim də var. Yaxın dostlarım bilir, bu, mənim öz ölümümdür. Mən sevərək ölümə qovuşmaq istəyirəm. Mən öz ölümümü sevirəm. Bir dəfə məndən soruşdular ki, niyə hamı tamaşanın müddətini saat yarım edir, sən məsələn, 35 dəqiqə? Dedim əgər mən o fikri 35 dəqiqə ərzində deyə bilirəmsə, niyə tamaşaçını 2 saat incitməliyəm? Əgər mən istədiyim yaşantını 30-40 ilə sığışdıra bilirəmsə, niyə artıq yaşayım? Belə bir rəvayət var, insan 30 il öz ömrünü yaşayır. Növbəti 10 il uzunqulağın ömrünü yaşayır – daşıyır, gətirir, 40-50 yaşda itin ömrünü yaşayır – gətirdiklərini qorumağa çalışır, 50-dən sonra meymunun ömrünü yaşayır – çünki meymunluq edib nəvələrini əyləndirməklə məşğuldur. Mən uzunqulaq, it, meymun olmaq istəmirəm.

- Onda deməyin ki, intihar etmək istəyirəm...

- İntihar etmək üçün cəsarət lazımdır. Məndə o cəsarət yoxdur. İntihar edə bilənlərə mən həmişə həsədlə, güclü insanlar kimi baxmışam. Amma yenə deyirəm, cəsarət lazımdı. Deyim ki, kimdənsə inciyəm, narazıyam, hansısa narahatlığım var, yox. Sadəcə düşünürəm ki, yetər yaşamaq! Getməksə təbii yolla olmalıdı – onda qınayan da az olar.

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2935

Oxşar yazılar