Dikbaşlıq, “Bitlomaniya” divanəliyi və kraliçaya atılan atmaca – ARAŞDIRMA –
17 iyul 2011 12:30 (UTC +04:00)

Dikbaşlıq, “Bitlomaniya” divanəliyi və kraliçaya atılan atmaca – ARAŞDIRMA –

İyirmi ikinci söhbət

“Bitlz” qrupu həm Britaniyanın, həm də Avropanın musiqi aləmini şoka salaraq həqiqətən diriltmişdi və 1963-cü ilin axırları üçün Top siyahılarında vəziyyət radikal şəkildə dəyişəcəkdi. Amma bu dəyişikliyi həmin ilin əvvəllərində görmək, vəziyyətin məhz belə olacağını proqnozlaşdırmaq hələ mümkün deyildi.

Dahilikdən doğan dikbaşlıq

1963-cü ilin lap əvvəlində qrupun prodüsseri Corc Martin böyük səhnəyə yenicə qədəm basmış bu orijinal oğlanların ilk uğurunu möhkəmləndirmək üçün yaxşı bir mahnı seçib lentə yazdırmaq qərarına gəlir. Onun seçimi Mitç Mürreyin “How Do You It?” (“Sən bunu necə edirsən?”) mahnısı üzərində dayanır. Prodüsser mahnının hitə çevriləcəyinə əmin idi. Bəs “Bitlz” nə edir? “Bitlz” böyük ümidlər verən bu mahnını rədd edir! İndi bu addımın əzəmətini layiqincə qiymətləndirmək mümkün deyil. Amma o vaxtlar belə hərəkət musiqi aləmində görünməmiş bir şey idi. Sənət yoluna təzə qədəm basmış musiqiçilərin maliyyə dəstəyini təmin etdiyindən az qala “ilahi” sayılmalı olan prodüsserin seçimini rədd etməsi heç ağıllı addım sayılmırdı. Amma “Bitlz” heç nədən çəkinmədən bunu etdi. Özü də məsələ bu mahnının hit potensialına şübhə ilə yanaşmalarında deyildi. Onların bu mahnıdan sadəcə olaraq xoşu gəlməmişdi! Pop erası başlayandan üzü bəri prodüsserlərin əlində sözəbaxan oyuncaq olmuş musiqiçilərdən fərqlənirdi “Bitlz” və bu fərqi hər addımda nümayiş etdirməkdən vaz keçmirdi.

Bu cəsarətdən özünə yer tapmayan Corc Martin onda demişdi: “Mahnını bəyənmirsiniz? Onda daha yaxşı bir variant təklif edin, baxaq”. Oğlanlar isə “Please Please Me” (“Xahiş edirəm, məni istə”) mahnısını təklif edirlər. Və Copc Martinə təşəkkürlər olsun ki, onların seçimini layiqincə qiymətləndirə bilir...

Yenə Top10-luqda

Təzə mahnının studiya prosesi başlanır və uğurla başa çatır. “Bitlz” özünün ikinci mahnısıyla Top10-da ikinci yerə yüksəlir. Amma hadisələrin axarı Corc Martinin ikiqat haqlı olduğunu sübut edirdi. Oğlanların ifasından imtina etdikləri “Sən bunu necə də edirsən?” Liverpuldan olan başqa bir qrupa uğur gətirir. “Gerry@ Pacemakers” həmin mahnı ilə siyahının birinci pilləsinə yüksəlir...

Az sonra musiqi ictimaiyyətinə bəlli olur ki, “Bitlz” çoxlarının güman etdiyi kimi, cəmi bir-iki hit yaratmaq potensialı olan qruplardan deyil. Oğlanlar 1963-cü ildə ortaya daha üç mahnı qoyurlar və onların hər üçü birincilik qazanır.

Bu hələ harasıdır

Elə həmin ildə qrup ortaya üç dənə dördmahnılıq val da qoyur: “Twist And Shout”, “The Beatles Hits” və “Beatles №1”.

Onların həmin il gördüyü işlər bununla yekunlaşmırdı, çünki qrupun ilk iki albomu da məhz 1963-cü ildə işıq üzü gördü: “Please Please Me” və “With The Baetles”. Bundan savayı Lennonla Makkartni digər ifaçıları da öz mahnılarıyla təmin edirdilər və bu mahnıların hamısı böyük uğur qazanırdı. Məsələn, Billi Kramerin “The Dacotas” qrupu Lennon-Makkartninin mahnılarına görə 1963-cü ildə üç hitə imza atdı. Məşhur “Rolling Stones” isə məhz "Bitlz" qrupunun mahnısına görə ilk dəfə Top20 siyahısında yer aldı. Həmin il bu cavan oğlanların yaradıcılığından bəhrələnən qruplardan və ifaçılardan daha bir neçəsinin adını çəkək: “Fourmost”, Cilla Black, Dutty Power, Kenny Lynch...

“Bitlomaniya” divanəliyi

“Bitlomaniya” - başqa sözlə desək, “Bitlz” manyaklığı dövrü başlanmışdı. Dəqiq tarixi bəlli olmayan digər dövrlərdən fərqli olaraq, “Bitlomaniya”nın təvəllüd günü də məlumdur: 1963-cü il, oktyabrın 13-ü.

Sonralar musiqi tarixinə “Bitlomaniya” dövrü adı altında daxil olan və neçə illər davam edən proses məhz o gün başlandı...

Həmin gün “Bitlz2 konsert verməliydi və həmin konsertin adı “London Palladiumunda bazar günü” idi. Palladium Flit Stritdən çox uzaqda deyildi və reportyorlar baş verəcək hadisələrə canlı şahidlik etmək üçün bu mötəbər məkana vaxtından xeyli qabaq çatmışdılar.

Şahidlər danışır

Küçə camaatla dolu idi. Baxanda diqqət yetirirdin ki, konsertə gələnlərin böyük əksəriyyəti yeniyetmə qızlardan ibarətdir. Qapının ağzında yaman basabas vardı. Elə səs-küy salmışdılar ki, adamın qulaqları tutulurdu...

Reportyorlar mənzərəyə qayğılı-qayğıla baxaraq, başlarını qaşıyır, heç vaxt görmədikləri ajiotajdan heyrətə gəlirdilər...

Belə mənzərə həqiqətən hələ görünməmişdi. Və həmin gündən etibarən bütün qəzetlər “bitlomaniya” terminini misilsiz bir prosesin adı kimi qəbul edərək, bu dörd uzunsaç oğlanın fəaliyyətini diqqətlə izləməyə başladılar...

Kraliyyət konserti

“Bitlz” qrupunun törətdiyi növbəti hadisələri çox gözləmək lazım olmadı. Bir həftədən sonra elan olundu ki, qrup kraliça Ananın timsalında kral ailəsi üçün təşkil olunan “Kraliyyət estrada tamaşası” konsertində çıxış edəcək. Proqramda bir çox ünlü artistlərlə yanaşı, unudulmaz Marlen Ditrix də vardı. Amma tarixdə ilk dəfə idi ki, “Bitlz"”qədər cavan, səhnəyə yenicə qədəm basmış bir qrupa belə mötəbər məclisdə çıxış etmək hüququ verilirdi...

Bu konsertin oğlanlar üçün misilsiz əhəmiyyəti vardı. Çünki həm qrupun, həm də yeni Britaniya musiqisinin gələcək taleyi məhz bu konsertdən asılı idi. Özü də söhbət bilavasitə kral ailəsinin iştirakından getmirdi. Məsələ bunda idi ki, konsert milli televiziya ilə birbaşa yayımlanacaqdı. Bu isə “Bitlz” qrupuna imkan verirdi ki, neçə illik mənzili bir gündə qət edərək bütün İngiltərənin sevimlisinə çevrilsin.

Daş-qaşlarını şaqqıldadın

Oğlanlar öz çıxışlarını ustalıqla qurmuşdular. Yaxşı bəlli olan hitdən sonra ata-anaların qulaqlarını tumarlayan bir lirik mahnı ifa etdilər və axırda bomba kimi partlayan “Twist And Shout” gəldi. Sonuncu mahnıları ilə yeniyetmələrə sübut etmək istəyirdilər ki, əyinlərindəki respektabelli kostyumlara baxmayaraq, hələ tam satılmayıblar...

Onlar hamının xoşuna gəldi. Hətta pop-musiqi deyərkən ağızlarını əyənlər belə, bu gəncləri bəyəndi. Onlar səliqəli geyinmişdilər, xoşagələn təbəssümləri vardı və o qədər də ucadan oxumurdular...

Və bu yerdə Con Lennon özünün hər şeyi həll edən sözlərini dedi. Sonuncu hitlərini ifa etməzdən o bir addım irəli çıxaraq, hiyləgərcəsinə gülümsündü və dedi: “Amfiteatrda oturanların hamısından xahiş edirəm növbəti mahnının taktına uyğun əl çalsınlar”. Sonra da üzünü kraliyyət lojasına tutaraq tarixi sözlərini əlavə etdi: “Qalanları isə daş-qaşlarını cingildətsələr də bəs eləyər!"

“Sevimli bacıoğlu” statusu

Bu çox riskli qeyd idi, amma tam yerində deyilmişdi. Kəskin deyilmişdi, amma bu sözlərdə bircə təhqiramiz eyham belə yox idi. Və bu çox mühüm məsələ idi. Çünki ingilislər kraliyyət ailəsinin ünvanına səslənən təhqirə heç vaxt biganə qalmırlar. Amma həmin axşam kraliça Ananın bu iynəli zarafata ürəkdən əl çalması hər şeyi həll etdi...
Lennonun bu sözləri milyonlarla dost arasında deyilən intim bir zarafat kimi qiymətləndirildi. Və bu qiymətdə heç şübhəsiz ki, həmin axşamkı gözəl konsertin məxsusi aurası da öz rolunu oynadı. Ölkənin yaşlı vətəndaşları bu uğurlu zarafata səmimi gülümsündülər və “Bitlz” qrupunun oğlanları o andan etibarən “sevimli bacıoğlu” statusu qazandılar. Elə bacıoğlu ki, hərdən lap şuluq da sala bilər, amma kimsə ondan inciməz, onunla küsü saxlamaz, axı bacıoğludur...

O gündən etibarən “Bitlz” nə istəyisdisə, onu da edirdi, amma heç kəs onlardan inciməyi ağlına belə gətirmirdi... “Bitlz” artıq İngiltərə tarixində elə kraliyyətin özü kimi, bir hadisə idi...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880

Oxşar yazılar