Amerika padşahlığının sonu və “The Beatles” qrupu – ARAŞDIRMA
10 iyul 2011 12:30 (UTC +04:00)

Amerika padşahlığının sonu və “The Beatles” qrupu – ARAŞDIRMA

İyirmi birinci söhbət

Ötən əsrin 60-cı illərin ortaları üçün pop-musiqidə vəziyyət artıq köklü surətdə dəyişmişdi. Əgər 1962-ci ildə Amerikanın Top10 siyahılarına düşən 98 mahnıdan yalnız ikisi ingilislərə məxsus idisə, artıq 1964-cü ildə nisbət dəyişirdi: 68-in 32-yə...

Bu rəqəmlər indi adama çox şey deyir, amma onda musiqi tədqiqatçıları vəziyyətin belə radikal dəyişməsinin nə qədər sürəcəyini heç təxmin edə bilməzdilər. Amma bir şey artıq hamıya bəlli idi: rokda Amerikanın şəriksiz padşahlıq dövrü bitmişdi!

Onda bu çevrilişin səbəbkarları haqda danışan yox idi. Onları ya tanımırdılar, ya da bilərəkdən susurdular. Hamı fakt qarşısında qalmışdı: bir də ayılıb görmüşdülər ki, biznesin o boyda pullar dolaşan bütöv bir sahəsi əldən çıxmaqdadır. Amma kimsə bilmirdi ki, bu çevrilişin memarları konkret kimdir...

Cavab isə sadə idi: bunu bir musiqi qrupu – “The Beatles” təkbaşına etdi!
Bundan sonra əfsanəvi qrupun adını bəlkə də min dəfə çəkəcəyik deyə, onu öz dilimizdə səsləndirdiyimiz kimi yazmaq daha məsləhətdir...

Beləliklə, “Bitlz” əfsanəsi başlandı...

50-ci illər üçün Elvis Presli kim idisə, 60-cı illər üçün “Bitlz” da məhz elə o idi...

Onlar özlərində yeni rok-üslubun, yeni rok-eranın simasını təcəssüm etdirirdilər.
Onlar artıq nəfəsi kəsilməkdə olan roka yeni, daha güclü inkişaf impulsu verdilər.
Onlar suyuşirin, sığallı və istedadsız ifaçıların bəsit əyləncə musiqisini bəşəri mədəniyyətin bütöv bir layına çevirdilər. Onlar artıq stereotipləşmiş pop-ifaçısı obrazının özünü dəyişdilər, onu daha respektabelli, hətta deyərdim ki, intellektuallıq dərəcəsində respektabelli hala gətirdilər.

İndi bütün bunlar artıq tarixdir, amma dörd cavan əyalət uşağının belə qısa zaman kəsiyində həyatın bir çox sahəsində bu qədər dərin dəyişikliklər edə bilməsi adama yenə inandırıcı görünmür. Amma fakt faktlığında qalır - dünya proletarlarının dahi rəhbəri Lenin təbirincə desək, fakt yaman tərs şeydir!

“Biitlz” azı iki onilliyi elə parlaq bir nura qərq etdi ki, özlərindən sonra qoyduqları aydınlıqda heç nə daha əvvəlki kimi ola bilməzdi...

Onlaradək hamı başında tükü az saxlamağa şalışırdısa, peysərini, gicgahlarını lap qısa vurdururdusa, onlar zühur edəndən sonra bankirlər də saç buraxaraq, qulaqlarını örtməyə çalışırdılar...

Onlaradək popu “Kilimarası” oyunundakı kukla ifa edirdisə, onlardan sonra həmin kukla iplərini kəsdi, sərbəst hərəkətə başladı və bu azmış kimi, hələ bir istədiyi mahnını, istədiyi yerdə, istədiyi kimi oxumağa başladı....

Onlaradək pop-filmlər aşağı əyarlı şou-biznes materialı idisə, onlardan sonra bu cür filmləri incəsənətə aid etdilər...

Barmaqlarını nəyə vururdularsa, onda bir silinməz iz qoyurdular...

Bəs onların qeyri-adiliyi nədə idi? Əgər 60-cı illərin ortalarına yaxın yaşınız mənimki kimi, 16-dan az olubsa, deməli bu hadisəni analiz etmək imkanınız olmayıb; hər şeyi yalnız ruhunuzla duymusunuz. Eynən mənim kimi hiss etmisiniz ki, onlar qeyri-adidirlər və kimsəyə bənzəmirlər. Bu dörd cavan əsl ansambl idi. Bir zəncirin dörd halqası kimi, bir-birinə baglı idilər. Eyni işi görür, eyni nöqtəyə vururdular. Və onların arasındakı bu möhkəm tellər lap uzaqdan da görünürdü...

Onların heyəti çox standart, hətta deyərdim ki, bəsit idi: üç gitara - lid, ritm, bas və zərb alətləri. Yeni heç nə yox idi. Gözümüzün qabağında “Shadows” qrupu artıq üç il idi ki, bazara hitlərini dalbadal çıxarırdı. Amma qrup sırf instrumental idi və ilk hitləri “Apache”dən başlayaraq, heç vaxt vokal partiyaları olmamışdı. Onlarda vokal Kliff Riçardın qrupa gəlişindən sonra yarandı. Onda da bu istedadlı cavanlar adi müşayiətçi musiqi qrupuna çevrildilər.

“Bitlz” isə tamam başqa aləm idi. Onlardan üçü hərəsi bir alətdə ifa etməklə yanaşı, həm də mahnılarını birlikdə oxuyurdular. Aralarında aparıcı vokalçı yox idi və eyni mahnının aparıcı vokal partiyasını hər dəfə biri ifa edirdi! Səs-səsə verib bir adam kimi, son dərəcə unison oxuyur, harmoniyalar qururdular. Onların oxuduğu mahnılar da əsasən öz bəstələri idi. Nəticədə, ifa etdikləri hər mahnının özünəməxsusluğu, fərdiliyi, bənzərsizliyi ilə yanaşı, ifanın vahid ansambl xarakteri diqqət çəkirdi.

“Bitlz" qrupunun fantastik uğurunu səbəb olan ən səciyyəvi xüsusiyyəti onlardakı daimi təkmilləşmək meyli idi. Adama elə gəlirdi ki, bu cavanlar elə-belə iş görə bilmirdilər. Nəyin qulpundan yapışsalar - istər birlikdə, istər tək-tək - daim dəyişir, kamilləşirdilər.
Onların səhnəyə gətirdiyi imicin özü də (elə imza atdıqları başqa yeniliklər kimi) ən müxtəlif elementlərin qeyri-adi mənzərə yaradan sintezi idi.

Şöhrət zirvəsinə qalxmağa başlayanadək bu cavanlar Hamburqun dolaşıq məhəllələrində başıpozuq, azad, vəhşi bir həyat tərzi keçirmişdilər. Hamburq şəhəri tək Almaniya deyil, həm də bütün Avropanın bərkgedən limanlarından idi və sortbasort adamları özünə cəlb edirdi. Odur ki, “Bitlz” ilk tamaşaçılarından yaxşı bir şey öyrənə bilməzdi.

Bu oğlanlar öz peşələrinə səs-küylü kafelərdə qaynar, kobud rok-n-rollu gündə azı səkkiz saat çalmaqla yiyələnirdilər. Onlar Cin Vinsenti, Cerri Li Lüisi yamsılayaraq kobud göndən şalvar, gödəkcə geyib yerli musiqi publikası içində dolaşır və “normal” adamların nöqteyi-nəzərindən avaraçılıq edirdilər. Amma eyni zamanda bu oğlanlar həmin illərin Amerika musiqisini, xüsusilə də “yeni dalğa” musiqiçilərini - Detroytdan olan qaradərili qrupların yaradıcılığını diqqətlə izləyirdilər.

Onların ilk iki albomu – “Please Please Me” (1963-cü ilin apreli) və “With The Beatles” (həmin ilin noyabrı) qrupun Amerika səhnəsindəki vəziyyəti necə diqqətlə izlədiyinin nümunəsidir. Bu albomlarda toplanmış 29 lent yazısından 16-sı özlərinin, 13-ü amerikalılarındır. Mənşəyi okeanın o tayında olan belə mahnılardan biri Çak Berrinin “Roll Over Beethoven” (“Bethoven valını çevirin”) adlı klassik roku, ikincisi tinecerlərin deyil, onların valideynlərinin qulağını “tumarlayan” “Taste Of Honey” (Martin Denninin 1962-də oxuduğu hit), üçüncüsü isə məşhur bir Brodvey müziklindən olan “The Music Man” idi. Qalan doqquz mahnının hamısı İngiltərədə heç tanınmamış qaradərili ifaçılara məxsus idi. Maraqlıdır ki, bu mahnıların əksəriyyətini öz vaxtında qadınlardan ibarət qruplar oxumuşdu.

Bu mahnılar Britaniya musiqisevərlərinə tanış olmasa da, “Bitlz” qrupunun vokal üslubuna çox uyurdu. Qrup bu seçimiylə ingilis dinləyicisini qospel, blüz mənşəli musiqiyə hazırlayır, zənci ifaçıların qarşısında yeni bazar və yeni imkanlar açırdılar.
Amerikanın təsiri qrupun növbəti – “Beatles For Sale” albomunda da hiss olunurdu. Albomdakı 14 lent yazısından altısı okeanın o tayından idi - yenə Çak Berri, Leyber və Stoller, Baddi Holli, Karl Perkinsin mahnıları...

Beləliklə, Amerika təsiri çox açıq göstərilirdi və bu heç də ona dəlalət etməz ki, “Bitlz” qrupu orijinal mahnılar sarıdan kasadlıq çəkirdi. Məsələ bunda idi ki, bu oğlanlar öz musiqi rişələrini gizlətməyəcək dərəcədə səmimiydilər və orijinallıqları da məhz elə bunda idi. Amerika musiqisinin pop erasında artıq unudulmağa başlayan gözəl nümunələrini yenidən vətənə ixrac etmək isə çox uzaqgörən bir addım idi. Artıq bütün Amerika inanmağa başlamışdı ki, yüngül musiqinin dominantlıq etdiyi pop erasına çox parlaq, orijinal rok simaları gəlir...

Sonrakı illər də sübut etdi ki, rok tarixində “Bittlz” qrupu qədər orijinal və qüdrətli musiqiçi olmayıb.

Bu, qarşıdakı böyük yolun lap əvvəli idi. Amma hər şey olduqca sakit başlamışdı. 1962-ci ilin 5 oktyabrında Parlofon şirkəti “Love Me Do” (“Sev məni”) mahnısını bazara çıxardı. Tənqidçilər bu mahnıya demək olar ki, heç diqqət yetirmədilər. Diqqət yetirənlərdən biri isə belə yazırdı: “Love Me Do” yenə də dodaq qarmonikasında ifa olunan musiqi parçasıyla başlanır və sonra qəribə adı olan bu qrup mətnə keçir. Mahnının əvvəli sakitdir, of-bit akkordları dinləyənə bir az şit görünür... Amma mahnı babat sayıla bilər...”

Diqqət yetirdinizsə, o qədər də dərin tənqid deyil. Bu yazıda tənqiddən çox dərs vermək istəyi var. Nəzərə alın ki, həmin dövrdə “Bitlz” qrupunu Hamburq və Liverpuldan savayı, heç yerdə tanımırdılar. Britaniyanın bütün musiqi biznesi isə Londonda cəmləşmişdi, onlar üçün də Hamburqla Liverpulun elə bir fərqi yox idi.

Amma ya zəlzələdən, ya vəlvələdən, həmin o qarmonikada ifa olunan parça ilk mahnıya yaxşıca bəzək oldu. Qrupun prodüsseri Corc Martin “Bitlz”ın rəsmi bioqrafı Hanter Devisə demişdi ki, Lennonla Makkartninin çoxlu kompozisiyası arasında məhz bunu seçməsi elə Con Lennonun qarmonikada çaldığı parçaya görə olub...

Və görünür dinləyicilər də Corc Martinin fikriylə razılaşmışdılar. “Love Me Do” 1962-ci ilin dekabrında Top 30-a 21-ci sırada girdi, yanvarda isə 17-ci yerə yüksəldi. O qədər də böyük hit deyildi, amma ilk mahnısını təqdim edən bir qrupun diqqət mərkəzinə düşməsi üçün bəs edirdi.

1963-cü ilin yanvarında “Bitlz”ın yol tapdığı Britaniya Top 20-si İngiltərə rokunun o zamankı vəziyyətini tam əks etdirirdi. 20 diskdən 9-u Amerikaya məxsus idi. İngilislərə aid edilən 11 diskdən 2-si Avstraliya musiqiçilərinin, dördü Amerika hitlərinin növbəti nüsxəsi, biri isə sırf okeanın o tayından olan birisinə məxsus idi. Beləliklə, 20 mahnıdan 14-ü Amerikaya aid idi. Amerikanın padşahlığı hələ davam edirdi...

Amma gəlin, Britaniya Top 20-sində düz bir il sonrakı vəziyyətə nəzər salaq. 20 diskdən 15-i artıq ingilislərin və avropalılarınkı idi. Bu 15 mahnıdan 9-nun müəllifi ingilisdi. Həmin 9 mahnıdan 5-ini isə elə bəstəçilər oxuyurdu...

Bu nə demək idi?

Bu o demək idi ki, “Bitlz” qrupu bütün İngiltərə musiqiçilərini tətikləyərək tərpətdi: onlar öz qüvvələrinə inanaraq çalışmağa başladılar və musiqi aləmində layiq olduqları yerə iddia irəli sürdülər. Və bütün bunlar cəmi bircə ildə oldu...

Tənqidçinin yazdığı kimi, “qəribə adlı qrup”un musiqi tarixində real yerini görmək üçün yalnız bu fakt kifayət edir...

Amma “Bitlz” təzəcə ayaq tutub yeriməyə başlamışdı - əsl hitlər hələ qabaqda idi. İkinci mahnıları – “Please, Please Me” hələ oxunmamışdı...

Gələn söhbətimizdən etibarən bu qrupun yaradıcılığı, həyatının ağlı-qaralı səhifələriylə daha yaxından və sistemli şəkildə tanış olacaqsınız, maraqlı hadisələr yaman çoxdur. Həm də artıq rok tarixindəki ünlü simaların bir qismi ilə tanış olduğumuzdan, sizə ara-sıra “Rok-təqvim” rubrikamızı da təqdim edəcəyik. Güman edirik ki, diqqətinizi çəkər...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1910

Oxşar yazılar