Aygün Kazımova: “İtimin 5 min dollarlıq qarderobu var” - MÜSAHİBƏ
23 aprel 2009 10:00 (UTC +04:00)

Aygün Kazımova: “İtimin 5 min dollarlıq qarderobu var” - MÜSAHİBƏ

Azərbaycanın xalq artisti Aygün Kazımovanın APA-ya müsahibəsi

- Namiq Qaraçuxurlunun konsertində Sizin geyiminiz gəlinliyi, Namiqin kostyumu isə bəy geyimini xatırladırdı. Səhnədə bəylə gəlinə bənzəyirdiniz. Geyimlərinizi bilərəkdən belə seçmişdiniz?

- İnanın ki, yox. Namiqin kostyumunu elə konsert günü gördüyümü desəm, inanarsınız mənə? Mən isə geyimimi konsertdən üç gün əvvəl seçmişdim. Təsadüfən belə alınıb, sözün düzü heç fikir verməmişdim. Səhnədə özümü çox rahat və komfortlu hiss edirdim. Həmişə Namiq mənim konsertlərimdə çıxış edib, gəlib bir neçə mahnı oxuyub, gedib. Bu dəfə isə fərqli oldu. Səhnədə öz mahnılarımdan oxumadım, çünki sırf Namiqin konserti idi. Çox deyirlər ki, Aygünə görə Namiqin konsertinə, Namiqə görə isə Aygünün konsertinə gəldilər. Ona görə də yalnız repertuarımızda olan iki dueti ifa etdik. Axı bu, Namiqin solo-konserti idi. Mən öz repertuarımdan mahnı oxumadım.

- Namiqi qadın tamaşaçılara qısqanmadınız ki?

- Qətiyyən... Belə ola bilərmi? Mən Namiqlə qürur duyuram, çox sevinirəm ki, onun bu qədər sevəni var.

- Namiq həyatınızda nələri dəyişib? Onsuz həyatınızı təsəvvür edirsinizmi?

- Namiq mənim həyatımda bir çox şeyi dəyişib. Onun dəyərli məsləhətləri hər zaman köməyimə çatır. Namiq mənim həyatımda çox böyük rol oynayır.

- Bir müddət əvvəl Namiqdən ayrılmağınız barədə də söz-söhbətlər gəzirdi. Bu söz-söhbətləri kimlərin yayması ilə maraqlanırsınız?

- Bu məni maraqlandırmır. Əsas odur ki, hər şey qaydasındadır. Belə şayiələri yayanlar işi-gücü olmayanlardır. Elə olur ki, Namiqlə birgə canlı yayımda oluruq, efir bitdikdən sonra mənə zəng vurub həqiqətən də ayrılıb-ayrılmadığımızı soruşurlar.

- Siz nə vaxt Heydər Əliyev Sarayında solo-konsert verməyi düşünürsünüz?

- Yəqin ki, yaydan sonra olacaq. Konsertimin gecikməsi texniki səbəblərlə bağlıdır. Konsert layihəsi üzərində peşəkar komandam çalışacaq.

- Dünya turnesinə çıxmaq necə? Belə bir planınız varmı?

- Bilirsiniz ki, televiziyada proqram aparıcısıyam. Ona görə də verilişi qoyub gedə bilmirəm. Amma ola bilər. Qarşıda çox yeniliklər var.

- Proqramdan söz düşmüşkən, aparıcılığınız yaradıcılığınıza təsir eləmir ki?

- Yox, elə bir təsiri yoxdur. Ümumiyyətlə, səhərlər tez durmağa öyrəşmişəm. Hər səhər saat 8-də qızımı məktəbə yola salıram, sonra isə verilişə hazırlaşıram. Hətta işçilərimi belə yuxudan oyadıram. Boş yerə deməyiblər ki, tezdən yuxudan oyanan və tez evlənən uduzmur. Yeri gəlmişkən, deyim ki, bu ayın 30-da verilişimin bir yaşı tamam olacaq.

- Bir neçə gün əvvəl aparıcısı olduğunuz verilişdə yeni qalmaqalın əsası qoyuldu. Rəqqasə Fatimə sözünüzdən inciyib verilişi tərk etdi...

- Fatimənin xalq artistlərinin ünvanına söylədiyi fikirləri heç cür dəstəkləyə bilməzdim. Fatiməyə güldən ağır söz deməmişəm. Tamaşaçı zəngindən sonra mikrofonu atıb, studiyanı tərk etməsi mənə də qaranlıq qaldı. Fatimə əvvəlcə gedib bir mükafatın sahibi olsun, sonra xalq artistlərini müzakirə etsin. Fikrimcə, Fatimə gündəmdə qalmaq üçün bu addımı atdı. Bir şeyi qeyd etmək istəyirəm ki, mənim ətrafımda yaranan qalmaqalların heç biri planlı deyil. Sadəcə, adımdan istifadə edib gündəmə gələnlər çoxdur. Hər zaman demişəm: populyar olmaq asandır, cani elə bir cinayət işlədə bilər ki, bir gecənin içində onu hamı tanıyar. Amma necə? Son zamanlar adımdan istifadə edib gündəmə gəlmək istəyənlərə fikir vermirəm. Heç kimi reklam etmək fikrində deyiləm. Çoxları adımdan istifadə edib populyarlıq qazanıb gündəmdə qalıblar. Kim özünü reklam etdirmək istəsə, hesabıma müəyyən məbləğdə vəsait keçirilməlidir. Ondan sonra kimi necə reklam etmək barədə fikirləşərəm.

- Qızınız İlqarəni də səhnədə görürük. Sənətlə bağlı ona məsləhətləriniz olurmu?

- İlqarə öz yaşına görə bir çox uğurlar əldə edib. Mənim qızım hələ beş yaşında olanda Heydər Əliyev Sarayında çıxış edib. Hətta onun səsi bir çox müğənnilərin ayaq basmadığı “Kreml” səhnəsindən gəlib. İlqarədə istedad görməsəydim, onun bu sahədə çalışmasına icazə verməzdim. Qızımın çox gözəl musiqi duyumu var. Onun şou-biznesə qatılmasını dəstəkləyirəm.

- Moskvadan aldığınız itinizi də həmişə yanınızda görürük. Deyəsən, onsuz heç yerə getmirsiniz...

- “Prinsessa” demək olar ki, həmişə mənim yanımdadır. Ona çox bağlanmışam. Çox səs-küylü tədbirlərə “Prinsessa”nı aparmıram, axı stress keçirə bilər. Hər gün verilişdən evə qayıdanda “Prinsessa”nın məni necə qarşıladığını görsəniz, dəhşətə gələrsiniz. O, çempion nəslindəndir, tükü insan saçına ən yaxın tük sayılır. Bir günümü belə “Prinsessa”sız təsəvvür edə bilmirəm. İtimin 5 min dollarlıq qarderobu var.

- Qarşınızda ağzınızın dadına uyğun yemək olanda “dünyaya bir dəfə gəlirik” deyib yeyirsiniz, yoxsa bədən quruluşunuzu qorumaq üçün nəfsinizi saxlayırsınız?

- Hazırda qan qrupuma uyğun individual pəhriz saxlayıram. Demək olar ki, hər şey yeyirəm. Hər zaman təbii məhsullara üstünlük verdiyimdən elə bir problemlə üzləşmirəm. Pəhrizə başlayandan 8 kiloqram arıqlamışam.

- Proqnozunuz görə, “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel və Araş neçənci olacaq?

- Mənə elə gəlir ki, Aysel ölkəmizi layiqincə təmsil edəcək. Bildiyimə görə, bu müsabiqənin iştirakçıları arasında ən gənci Ayseldir. Sevinc hissi ilə vurğulaya bilərəm ki, o, münsifi olduğum “Yeni ulduz” yarışmasının yetirməsidir. Ümid edirəm ki, bu il Azərbaycan ilk beşliyə daxil ola biləcək.
# 2019

Oxşar yazılar