Yasda sevgi baxışları ölümlə bitdi - Bir qətlin TARİXÇƏSİ
25 oktyabr 2022 20:15 (UTC +04:00)

Yasda sevgi baxışları ölümlə bitdi - Bir qətlin TARİXÇƏSİ

CİNAYƏT İŞİ

Qısa arayış…

2021-ci il iyulun 12-i saat 21:40-da Naxçıvan MR-nın Sədərək rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimov qətlə yetirilir. Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunur. Məlum olur ki, hadisəni 1-ci Mədən massivi, korpus 10, ev 9-da 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyev törədib.

Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır.

Hadisə olan yer

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Bəhruz Mehrəliyev əmisi Bəhrəm Mehrəliyevin arvadı 1991-ci il təvəllüdlü Mərcan Mehralıyevanın ərinin ölümündən bir il keçməmiş evlərində usta işləyən Elnar Qədimovla yaxın münasibətdə olduğunu bilib. Bunu ailəsinin şərəf və ləyaqətinin alçaldılması kimi qəbul edib, Qədimovu öldürmək qərarına gəlib. İyulun 12-i saat 21 radələrində əmisinin ölümünün ildönümünə həsr olunmuş yas mərasiminə ustanın Mərcan Mehralıyeva ilə qaş-göz etməsini gördükdən sonra yatdığı otağa gedib və bıçağını götürüb şalvarının belinə keçirib. Elnar Qədimovun əyləşdiyi masaya yaxınlaşaraq, əlverişli məqam gözləyib. Maneçilik törədə biləcək hər hansı kənar şəxsin olmadığına əmin olduqdan sonra bıçağı çıxarıb, skamyada oturmuş Qədimovun boğazına bir dəfə zərbə vurub. Bununla da, Elnar Qədimovun həyatına son qoyub.

Hadisə olan yer

İş üzrə dindirilmiş Bəhruz Mehrəliyev bildirib ki, Elnar Qədimovu o, qətlə yetirib. Çünki mərhum əmisinin arvadı ilə Elnarın arasında olan münasibət onun adına ləkə gətirib:

“Elnarla Mərcanın münasibətindən xəbərim olsa da, atamgilə bu barədə heç nə danışmamışam. Dəfələrlə münasibətlərinə son qoymaları barədə xəbərdarlıq etsəm də, Elnar uşaq olduğumu deyərək, məni yola verib. İyulun 12-də Qədimov yas mərasiminə gəldi. Utanmadan ora gəlməsi məni əsəbləşdirdi. Evin qapısının yanında, hələ içəri daxil olmazdan əvvəl niyə gəlməsini soruşdum. Elnar Mərcanı sevdiyini söyləyərək, içəri girdi və əmisinin il dönümünə gələn şəxslərin yanında əyləşdi. Onun sözlərindən hiddətlənərək, yataq otağına keçib bıçağı götürdüm. Yaxınlaşaraq, “sənə xəbərdarlıq etmişdim” dedim və boğazına güclü zərbə endirdim.

İstintaq fotosu

Təzyiqlə axan qanı görərək, özümü itirib geri çəkildim. Elnar Qədimovu öldürmək yox, cəzalandırmaq istəyirdim”. 
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Məhərrəm Qədimov ifadəsində göstərib ki, oğlu Elnar ailəli olub. Bir evdə yaşayıblar:

“4-5 ay olar ki, Bəhruzun yaşadığı evi təmir etmişdim. Ev sahibinin mənə 4-5.000 manat borcu var idi. Bununla əlaqədar Elnarla Bəhruzgillə telefon danışıqları da olub. Hadisə günü pulumu götürmək üçün Bəhruzgilin evinə getdim. Saat 19 radələrində həyat yoldaşı Elnara zəng vuraraq, “uşaqları gəlib, parka aparmasını” deyib. Oğlum da “bir nəfərdən pul alıb, 20 dəqiqəyə gələcəyini” söyləyib. Bir neçə saatdan sonra mən və digər ailə üzvlərim Elnarın öldürüldüyünü bildik”.

Elnar Qədimov

Məhərrəm Qədimov qeyd edib ki, oğlunun Mərcan adlı qadınla yaxın münasibəti olmayıb. Bu böhtandır, Elnarı bu səbəbə görə qətlə yetirməyiblər.
 
Şahid Leyli Təmirova bildirib ki, hadisə vaxtı evin içərisində olub:

“Çölə çıxanda yerdə qan gördüm və bildim ki, Bəhruz Elnarı öldürüb. Hesab edirəm ki, baş verənlərdə günahkar gəlinimdir. Nəvəm məcbur qalıb bu cinayəti törədib. Hadisədən bir neçə gün əvvəl şəxsən özüm Mərcanla Elnarın arasında münasibət olmasını hiss etmişdim”.

Telefonda aşkarlanan foto
 
Şahid Zülfüqar Abasov bildirib ki, iyulun 12-də işdən sonra baldızıgilə yas mərasiminə gəlib:

“Həyətdə masada əyləşib, çay içdikdən 10-15 dəqiqə sonra hadisə baş verdi. Bəhruz Elnarı bıçaqla vurduqdan sonra deyib ki, “axı, sənə demişdim ki, bura gəlmə”. Əvvəllər qətlə yetirilən şəxsi görməmişəm”.

Qətl törədilən bıçaq​​

Araşdırma zamanı məlum olub ki, Mərcan Mehralıyevaya məxsus mobil telefonda müxtəlif kişilərə, o cümlədən Elnar Qədimova məxsus fotoşəkillər olub. Həmçinin Elnar Qədimovun mobil telefonunda “kontaktlar” bölümündə Mərcan Mehralıyevaya məxsus nömrə qeyd edilib. Onun “WhatsApp” tətbiqində qadına sevgi xarakterli mesajlar göndərməsi məlum olub. Bəhruz Mehrəliyevə məxsus telefonda avtomobildən çəkilmiş, dəniz kənarında kişi ilə qadının birlikdə vaxt keçirməsini əks etdirən fotoşəkil aşkar edilib. Şəkil iyulun 1-i saat 14:34-də çəkilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Mehrəliyev 9 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10632
avatar

Oxşar yazılar