Bakı Dövlət Universitetinin (BDU) tələbəsinin ölümünə səbəb olmaqda təqsirləndirilən universitetinin 2 saylı yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən Pərvaz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, P. Əsgərov 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq taxma) cəzasına məhkum edilib.
Bundan başqa, zərərçəkmiş şəxslərin mülki iddiası qismən təmin olunub.
Belə ki, zərərçəkmiş şəxslərin hər birinə maddi ziyana görə min manat, mənəvi ziyana görə isə 3 min manat, ümumilikdə 4 min məbləğində pul vəsaitinin BDU-dan tutularaq verilməsi qərarı çıxarılıb.
Hökmlə razı olmayan təqsirləndirilən şəxs P. Əsgərov, mülki cavabdeh BDU və zərərçəkən şəxslər apelyasiya şikayəti verib.
Noyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Yasamal rayon Məhkəməsinin hökmü dəyişdirilib.
Təqsirləndirilən P. Əsgərovun cəzası 1 il azaldılıb və onun barəsində qəti olaraq 2 il azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Mülki cavabdeh kimi tanınan BDU-nun şikayəti isə qismən təmin edilib. Belə ki, maddi ziyana görə min manat pulun verilməsi hissəsi qərardan çıxarılıb. Zərərçəkənlərə mənəvi zərərə görə 3 min manat məbləğində pul vəsaitinin BDU-dan tutularaq zərərçəkənlərə verilməsi qərarı çıxarılıb.
Hökmün qalan hissəsi isə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, ötən il noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadovanın isə zəhərlənərək həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid xəsarət almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun İstintaq İdarəsində istintaq aparılıb.
İstintaqla yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən Pərvaz Əsgərovun işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəslədiyi, vəzifəsini yerinə yetirməyərək yataqxananın birinci mərtəbəsində yerləşən ümumi hamam otağında özbaşına axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini təmin etməyərək ehtiyatsızlıqdan iki nəfərin ağır zərər vurmaya aid xəsarət almalarına, bir nəfərin isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Pərvaz Əsgərova Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
2020-ci il sentyabrın 2-də cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilib.