Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Müşfiq Məmmədovun icraatına verilib.
Qeyd edək ki, bu il iyulun 27-də Lənkəran rayonunun Talışlı kənd sakini İlham Cavadovun yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon sakini E.Hüseynzadənin taksi sürücüsü kimi fəaliyyət göstərən zərərçəkmişin avtomobilinə sərnişin qismində minib evə çatdıqdan sonra aralarında yaranmış mübahisə zamanı bıçaqla İ.Cavadova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə və daha sonra evinin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
E.Hüseynzadə şübhəli şəxs qismində istintaqa cəlb edilib