Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, son günlərdə Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Şəmkir” sərhəd dəstələrinin əməkdaşları tərəfindən təxmini çəkisi 20 kiloqram 855 qram narkotik vasitəyə, 2400 ədəd psixotrop və 4519 ədəd müxtəlif təyinatlı dərman preparatlarına bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Noyabr ayının 24-də saat 17:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Amankənd kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda aşkarlanmış 1 ədəd qara rəngli bağlamanın içində ümumi çəkisi 900 qram “metamfetamin” narkotik vasitəsinə bənzər maddə aşkar olunaraq götürülüb.
Növbəti gün saat 02:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 4 nəfərin olduğu sarı rəngli “Vaz” markalı 10-DZ-092 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və nəqliyyat vasitəsindən iki nəfərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edilib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edən şəxslər Daşburun dairəsi istiqamətində saxlanılmışlar. Onların Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Bədəlzadə Azər Araz oğlu, 2004-cü il təvəllüdlü Bədəlov Araz Azər oğlu, 1990-cı il təvəllüdlü Abdullayev Əfqan Fazil oğlu və Beyləqan rayon sakini 1976-cı il təvəllüdlü Allahverdiyev Elşən İnşallah oğlu olmaları müəyyənləşdirilib, avtomobilə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 6 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (100 qram “tiryək”, 600 qram “heroin”, 5200 qram “marixuana”, 500 qram metamfetamin)və 2000 ədəd “tramadol” həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərdən əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş A.Bədəlzadə sərhədçilərə qarşı müqavimət göstərərək bıçaqla xəsarət yetirməyə çalışarkən tərkisilah edilibr.
Noyabr ayının 29-da saat 01:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmış, sərhəd pozucusu əlindəki qaçaqmalı yerə ataraq havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçmışdır. Əraziyə baxış zamanı aşkar olunmuş 1 ədəd bağlamadan təxmini çəkisi 11 kiloqram 200 qram narkotik vasitəyə bənzər maddə (8000 qram “heroin”, 3000 qram “marixuana”, 200 qram “metamfetamin”) götürülün.
Həmin gün saat 02:05-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun Sınıq körpü adlanan ərazisi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Kür çayında Gürcüstandan Azərbaycana doğru 1 ədəd rezin qayığın hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan qayıqdakı şübhəli şəxslər özlərini suya atmış və havanın qaranlıq olmasından istifadə edərək hadisə yerindən qaçmağa nail olmuşlar. Qayığa baxış zamanı içərisində 4519 ədəd müxtəlif çeşidli dərman preparatları aşkar olunaraq götürülüb.
Dekabr ayının 6-da saat 20:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidlikəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində özünü şübhəli apararaq sərhəd naryadının diqqətini cəlb etmiş 1 nəfər naməlum şəxs ərazidən uzaqlaşmağa cəhd göstərərkən saxlanılıb.
Sumqayıt şəhər sakini 37 yaşlı Əzimov Pərviz Əzim oğlu olması müəyyənləşdirilmiş şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 2 kiloqram 355 qram narkotik vasitəyəbənzər maddə(130 qram “heroin”, 1925 qram “marixuana”, 300 qram metamfetamin) və 400 ədəd“gabapentin-300”həbi aşkar olunaraq götürülüb.
Bu faktlar üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.