Qızına təcavüz edən taksi sürücüsünü  köşkdə öldürdü - Bakıda QANDONDURAN CİNAYƏT
07 yanvar 2026 20:15 (UTC +04:00)

Qızına təcavüz edən taksi sürücüsünü köşkdə öldürdü - Bakıda QANDONDURAN CİNAYƏT

6

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il yanvarın 24-də Bakının Nizami rayonu ərazisində qətl hadisəsi olur. Hadisə yerinə yollanan prokurorluq və polis əməkdaşları müəyyən edir ki, cinayət Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyasının yanında yerləşən ticarət köşkündə baş verib. Köşkdə arxası üstə uzanıqlı vəziyyətdə 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun aşkar edilib.
 
Xəzər rayon Polis İdarəsindən Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun könüllü gəlib, təslim olması barədə məlumat verilib.
 
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Nurlan Məmmədovun bədən səthində 4 ədəd bıçaq yarası aşkar edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Əhməd Hüseynov 2007-ci il təvəllüdlü qızının təhsil aldığı məktəbdə, hərbi hazırlıq dərsində iştirak etməməsinin səbəbini aydınlaşdırıb. Nəticədə övladının taksi sürücüsü Nurlan Məmmədovla zorla intim əlaqədə olmasını öyrənib. Qisas məqsədi ilə  Nurlanın gündəlik hərəkət marşrutunu müəyyən edib. Yanvarın 24-ü saat 10:30-da Nurlan Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillə sərnişinləri “Koroğlu” metrostansiyasının yanına gətirməsini görüb. Əhməd həmin şəxsin avtomobildən düşüb ticarət köşkünə girməsini görüb və onun arxasınca içəri daxil olub. Ov bıçağı ilə Nurlan Məmmədovun boyununa və sinəsinə var gücü ilə zərbələr vurub. Aldığı xəsarətlər nəticəsində Nurlan hadisə yerində keçinib.

İş üzrə dindirilmiş Əhməd Hüseynov bildirib ki, ailəsi ilə birlikdə Binə qəsəbəsində yaşayıb. Qızı orta məktəbin 11-ci sinifində oxuyub, namaz qılıb:

“Özüm müxtəlif şirkətlərdə fəhlə kimi çalışaraq, ailəmi dolandırırdım. Yanvarın 18-də evdə olanda arvadım Sevinc Hüseynova işdən zəng edərək, mənə Aynurənin (şərti adla) məktəbdə hərbi hazırlıq dərsində iştirak etməməsini bildirdi. Buna görə narahat olaraq, evdən çıxıb məktəbə getdim. Nəyə görə dərsə girmədiyini soruşanda, qızım heçnə deməyib. Sinif rəhbəri mənə dedi ki, arvadım idman müəllimi ilə əlaqə saxlasın. Axşam evdə yoldaşımla birlikdə övladımdan yenə də hansı səbəbə görə, dərsə girmədiyini və harada olmasını soruşanda, Aynurə müxtəlif bəhanələr gətirdi. Arvadım qızımın telefonunda müəllimin nömrəsini axtaranda gördü ki, onun nömrəsi “istənməyən şəxslər” siyahısına əlavə olunub.

Məsələni araşdıranda bildik ki, idman müəllimi Aynurənin taksi fəaliyyəti ilə məşğul olan Nurlan adlı şəxsin avtomobilinə əyləşməsini görüb. Uşaq da müəllimin bunu anasına söyləməməsindən ötrü onun nömrəsini öz telefonunda “qara” siyahıya salıb. Qızım və oğlum “İçərişəhər” metrostansiyası yaxınlığında “İngilis dili” fənni üzrə repetitor müəllimin yanına hazırlığa gedirdilər. Uşaqlarımdan öyrəndim ki, onlar Binə qəsəbəsindən “Koroğlu” metrostansiyasına qədər Nurlan adlı taksi sürücüsü ilə gediblər. Hətta Nurlan qızımın ibadətlə məşğul olmasını biləndə ondan ödəniş almayıb. Yalnız oğlumdan gediş haqqı alıb. Bilmişəm ki, Nurlan Məmmədovun öz övladları da həmin məktəbdə oxuyurmuşlar”.

Əhmədin arvadı qızından Nurlanın telefon nömrəsinini götürərək, ona zəng edib və bu barədə polisə müraciət edəcəyini deyib. Amma həmin şəxs Natavan Hüseynovaya onu səhv başa düşdüyünü bildirib. Bu zaman Əhməd yoldaşından telefonu götürərək, Nurlana görüşmək istədiyini deyib:

“Danışıq tərzindən hiss etdib ki, yaxşı insan deyil. Mənimlə görüşüb, məsələni aydınlaşdırmaqdan yayınırdı, danışıq əsnasında mənə bu elə məsələdir ki, dərinliyinə getsək sənin də başın aşağı əyilər, mənim də dedi. Eşitdiyim sözlərdən  narahat oldum. Nurlan danışıb qurtarandan bir müddət sonra mənə zəng eləmə, sabah özüm əlaqə saxlayacağam məzmunlu mesaj yazdı. Həmin gün Nurlanı öldürmək fikrim yox idi. Çünki, qızıma nəsə etdiyini ehtimal etmirdim. Səhərisi gün, Nurlanın ona toxunub- toxunmamasını soruşanda, qızım həmin şəxslə cinsi əlaqədə olmasını bildirdi. Qızımla aramızda müəyyən pərdə olduğu üçün başqa sual vermədən arvadıma dedim ki, övladı ilə söhbət edib, mənə hər şeyi olduğu kimi danışsın. Qızım anasına danışıb ki, Nurlan müxtəlif vaxtlarda məktəbin qarşısına gələrək, onu maşına otuzdurub və Günəşli yada Əhmədli qəsəbəsində tanımadığı evə aparıb, onunla yaxınlıq edib. Bunları eşidəndə, artıq Nurlanı öldürəcəyimi qərarlaşdırdım.

Əhməd Hüseynov

Yanvarın 19-da Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinə gedib xatırlamadığım mağazadan bıçaq aldım. Daha sonra isə Nurlanı axtarıb Binə qəsəbəsində yaşayan dost-tanışdan onun barəsində maraqlansam da, əhəmiyyətli məlumat ala bilmədim. Getcontact proqramı vasitəsilə Nurlanın şəklini əldə etdim. Ayın 23-də səhər övladlarımın təhsil aldığı məktəbin qarşısına gedib ora üzərində taksi nişanı olan “Opel Meriva” markalı avtomobilin gəldiyini gördüm. Nurlanı dərhal avtomobilində vurmaq istədim. Amma dəqiqləşdirmək üçün məktəbə daxil olub oğlumu çağırdım”.

Əhməd qayıdanda, artıq taksi sürücünün getdiyini görüb. Əlamətlərini təsvir etdikdə, oğlu həmin şəxsin dəqiq Nurlan Məmmədov olmasını bildirib. Bundan sonra o qərara gəlib ki, müştəri kimi maşınına əyləşib onu öldürəcək. Orta məktəbin qarşısında bunu edəcəyi halda, uşaqların qorxacağını anlayıb:

Nurlanın Əhmədə yazdığı mesaj

“Yanvarın 24-də evdən çıxıb yenidən məktəbin qarşısına gəldim. Nurlanın orda olmadığını gördüm. Binədən “Koroğlu” metrostansiyasına müştəriləri 1 manat müqabilində apardığını bildiyim üçün qəsəbənin mərkəzinə yollandım. Nurlanın avtomobilinə artıq 4 nəfər oturduğu üçün əyləşə bilmədim. Bu səbəbdən başqa nəqliyyat vasitəsi ilə saat 10 radələrində metronun yanına gəldim. Avtomobili metronun çıxışından bir az kənarda, körpünün altında saxlayan Nurlan düşüb, ticarət köşkünə tərəf getdi. Onun arxasınca hərəkət etdim. Namus məsələsi olduğu üçün, həddindən artıq qəzəbli idim. Arxasınca köşkə girəndə, əvvəl satıcını görmədim. Nurlanın həmin an məni görüb-görmədiyini dəqiq bilmirəm. Heç bir söz soruşmadan, dərhal gödəkçəmin sağ cibindən çıxardığım bıçaqla sol istiqamətdən Nurlanın ürəyinə və boğazından ardıcıl, güclü zərbələr vurdum. Nurlan mənə müqavimət göstərə bilmədi. Bu zaman vitrinlərin arxasından çıxan satıcını gördüm. Ona heç nə söyləmədən, köşkdən çıxdım və sürətlə metronun girişinə doğru getdim. Yolu əks tərəfə keçərək, orda dayanan 1 manatlıq taksiyə əyləşib Mərdəkan qəsəbəsinə gəldim. Xəzər RPİ-nə gedərək, polis əməkdaşlarına adam öldürdüyümü bildirdim və bıçağı təqdim etdim. Hadisə zamanı narkotik vasitələrin və spirtli içkinin təsiri altında olmamışam”.

Əhməd Hüseynov əlavə edib ki, ticarət köşkünün satıcısına xəsarət yetirməyib. Əksinə çalışıb ki, Nurlan Məmmədovu vuranda heç kəs görməsin. Nurlanı öldürmək istəməsi barədə əvvəlcədən ailə üzvlərinə heç nə deməyib. Nurlan Aynurənin qolundakı qızıl qolbağı və sırğaları, idarə etdiyi avtomobilin kirayəsini ödəmək adı ilə hədə-qorxu gələrək, alıb. Bir neçə dəfə zənglərinə cavab vermədiyinə görə qızını döyüb.


 
Məhkəmə iclasında Əhməd Hüseynov ittiham üzrə özünü tam təqsirli bilərək, qeyd edib ki cinayəti övladının həyatı puç olduğu üçün törədib. Zərərçəkmiş şəxslə əvvəllər ədavəti olmayıb. 
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Kərəm Məmmədov ifadəsində göstərib ki, Əhməd Hüseynovun oğlu Nurlanın üzərinə göndərdiyi 5 nəfər onu döyərək, kanalın yanına atıblar:

“Əhməd Nurlanın ölmədiyini biləndən sonra, onu şəxsən özü qətlə yetirəcəyini demişdi. İstintaqa çağırılanda hadisənin namus məsələsi ilə əlaqəli olduğunu bildim. Təqsirləndirilən şəxslə aramızda barışıq olmayıb”.


 
Məhkəmə iclasında şahid Aynurə Hüseynlinin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

Aynurənin sözlərinə görə, 2023-cü ilin noyabr ayında qardaşı ilə birlikdə “İçərişəhər” metrostansiyası yanına, hazırlıq dərslərinə gedərkən, onları yaşadıqları qəsəbədən “Koroğlu” metrostansiyasına qədər manatlıq taksi kimi fəaliyyət göstərən Nurlan Məmmədov aparıb. Bir neçə dəfə də geri qayıdanda onun maşınına əyləşiblər. Nurlandan xoşu gəlib. İlkin ifadəsində həmin şəxsin onunla münasibətdə olduğu müddət ərzində bir neçə dəfə zorla cinsi əlaqədə olmasını qeyd etsə də, əslində yaxınlıq öz istəyi ilə olub. Qorxduğu üçün, valideynlərinə bəzi şeyləri yalan danışıb. Nurlanın onu aldatmasını sonradan bilib. Onunla evlənəcəyini söz verdiyi üçün, buna inanıb və aldanaraq onunla yaxın əlaqədə olub.

Aynurə bildirib ki, Nurlan ona hədə-qorxu gəlməyib, heç vaxt onu vurmayıb:

“Evdə olan, anama və mənə məxsus qızıl sep, 2 ədəd qolbaq, eləcə də bir cüt qızıl sırğanı Nurlana könüllü aparıb vermişəm. Yanvarın 18-də idman dərsinə girmədən, təhsil aldığım məktəbdən çıxdım. Nurlanla görüşərək, onun təşəbüssü ilə Binə qəsəbəsində yerləşən evdə cinsi əlaqədə olduq. Həmin gün müəllimin onun dərsinə gəlməməyim məsələsi üzə çıxdığına görə, hər şeyin üstü açılıb. Olanları ata-anama danışdım, başqa çıxış yolum qalmamışdı. Nurlanın avtomobilində aşkar edilən, ağ rəngli “iPhone 6” markalı, ekranı sınmış vəziyyətdə olan telefonu bir müddət istifadə etmək üçün Nurlan mənə verib. Sonra özünə pul lazım olduğunu söyləyərək telefonu məndən geri aldı”.
 
Şahid Əkbər Əliyev ifadəsində göstərib ki, “Koroğlu” metrostansiyasının yanında yerləşən ticarət köşkündə satıcı işləyib:

“Yanvarın 24-ü səhər saat 6 radələrində köşkü açaraq, işə başladım. Təxminən saat 10:30-da köşkə daxil olan Nurlan Məmmədov “Viceroy” markalı siqaret istədi. İşə təzə düzəldiyimdən malların yerini dəqiq bilmirdim. Buna görə, sağ tərəfə dönərək siqareti axtarmağa başladım. Qəfil köşkə tanımadığım, əynində qara rəngli şalvar və tünd göy rəngli gödəkçə olan bir nəfər girərək, gözləyən Nurlan Məmmədova bıçaqla zərbələr endirdi. Həmin şəxs döşəməyə yıxıldı. Əhməd Hüseynov heç nə söyləmədən köşkdən çıxdı. Köşkdən çıxıb onu saxlamaq istədim. Əhməd Hüseynov metroya tərəf qaçdı.

Nurlan Məmmədov malların üzərinə yıxılaraq, hərəkətsiz vəziyyətdə qalmışdı. Post-patrul əməkdaşını görərək, ona baş vermiş hadisəni danışdım. Sonra hadisə yerinə digər əməkdaşlar gəldilər. Həmin gün yaranmış nasazlıq səbəbindən işıqlar söndüyü üçün, köşkün təhlükəsizlik kameraları da işləmirdi. Digər obyektlərdə də işıq söndüyündən hadisənin video görüntüləri qeydə alınmayıb”.
 
Şahid Günel Məmmədova ifadəsində göstərib ki, Nurlan Məmmədovla 2016-cı ildə 5 nömrəli Peşə Kollecində oxuyurkən tanış olublar:

“Aramızda sevgi münasibəti yarandığından bir ildən sonra məni qaçırdı. Sonradan Nurlanın başqa qadınla evli və uşaqları olmasını bildim. Ayrılmaq istəsəm də, ailəm artıq məni qəbul etmirdi. Bir müddətdən sonra Nurlan həyat yoldaşı Nuranə ilə rəsmi qaydada boşandı və mənimlə nikaha daxil oldu. Taksi sürücüsü işləyən yoldaşım müxtəlif qadınlarla tanış olaraq, onlarla münasibətdə olurdu. 2024-cü il fevralın 23-də məhkəmə yolu ilə ondan boşandım. Ərimin Aynurə Hüseynli ilə münasibətdə olmasını məlum hadisədən bir neçə gün əvvəl bilmişəm. Belə ki, yanvarın 19-da Nurlan mənə zəng edərək əvvəllər C.Naxçıvanski küçəsində, kirayə yaşadıqları evdə olduğunu, döyüldüyünü və ona dərman alıb, gətirməyimi dedi. Evə gələndə, Nurlan guya metronun qarşısında onunla birlikdə dayanan digər taksi sürücüləri tərəfindən yer üstündə dalaşmasını bildirdi. Lakin onun yalan danışmasını hiss etdim. Buna görə də, ona düzünü söyləməsini dedim. Nurlanın qadınlara meyilli olmasını bildiyim üçün döyülməsinin səbəbinin ancaq kiminsə ya arvadı, ya bacısı ilə münasibətdə olduğu üçün ola biləcəyini düşündüm. Nurlan öz övladlarının təhsil aldığı məktəbdə, 11-ci sinifdə oxuyan qızla münasibətdə olmasını danışdı. 16 yaşlı uşağa tamah salmasına görə əsəbiləşərək, onu danladım. Nurlan bəhanələr gətirərək, avtomobilin kirayə haqqını ödəməsi üçün həmin qızdan anasının qızıllarını gətirib ona verməsini, həmin əşyaları lombarda qoyub, pul götürməsini dedi.

Nurlan Məmmədov

Mənə lombarddan verilən qəbzlərə baxanda, gördüm ki, girov qoyulmuş qızıllardan biri 90, digəri isə 350 manat məbləğində qiymətləndirilib. Nurlan həqiqətən Binə-Sovxoz qəsəbəsində, qəbiristanlıqda 5 nəfər tərəfindən döyüldüyünü, onu vuranlardan birinin adının Nəsrəddin olduğunu, həmin şəxsin özünü Aynurənin əmisi kimi təqdim etdiyini bildirmişdi. Onu döyüb, su kanalına atıblar. Ordan bir təhər çıxandan sonra Ülfət adlı tanışından xahiş edib ki, gəlib, onu götürsün”.
 
Məhkəmə qənaətə gəlib ki, Əhməd Hüseynova qanunla müəyyən edilmiş qaydada Cinayət Məcələsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, saxlama və gəzdirmə) maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhməd Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il 1 ay müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
6
# 13526

Oxşar yazılar