Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə restoranda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Namiq Şirinlinin 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiə vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses 19 avqust saat 14:15-ə təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 25-də Bakının Sabunçu rayonunda yerləşən "Okean" restoranında baş verib. Namiq Şirinli Qazıyev Babək və Qazıyev Asəfin oturduğu masaya yaxınlaşaraq pul tələb edib.
Onlar pul verməkdən imtina etdikdə Namiq qardaşlarla uca səslə mübahisə edərək, ünvanlarına nalayiq ifadələr işlədib. N. Şirinli daha sonra cibindən çıxardığı bıçaqla Qazıyev Babək və Qazıyev Asəfin qarın nahiyələrinə zərbə vurub.
Faktla bağlı cinayət işi başlanılıb, Namiq Şirinli Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə məsuliyyətə cəlb olunub.