Mingəçevirdə üzərində “Kalaşnikov” gəzdirən keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər ərazisində Eldəniz adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına məlumat daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də törətdiyi cinayətlərə görə ümumilikdə 4 dəfə məhkum olunmuş Eldəniz Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində daşıdığı sellofan torbadan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb. E.Əliyev ifadəsində silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq, polisə təhvil verməyərək özündə saxladığını bildirib.
İlkin araşdırma zamanı saxlanılan şəxsin silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.