Dekabrın 9-u saat 14 radələrində Ağcabədi rayonu, Ağabəyli kəndində yaşayan 37 yaşlı Aynurə Cəfərovaya və atası 63 yaşlı Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 39 yaşlı İlhamiz Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Aynurə Cəfərovaya və onun atası Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İlhamiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.