Tərtərdə dayısı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Aqil Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aqil Süleymanovun dayısı oğlu 1998-ci il təvəllüdlü Tural Mustafayevi hansı səbəbdən öldürməsi ictimaiyyətə qaranlıq qalıb.
Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.
İttihama görə, hadisə ötən il noyabrın 23-ü saat 18 radələrində Tərtərin Düyərli kəndində qeydə alınıb.
Rayon sakini, 1998-ci il təvəllüdlü Tural Mustafayevin xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin bibisi oğlu 1990-cı il təvəllüdlü Aqil Süleymanovun rayonun Düyərli kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə zamanı Aqil Süleymanovun da özü bıçaq xəsarətləri aldığından xəstəxanaya yerləşdirilib. Daha sonra hüquq-mühafizə orqanları tərəfindən Aqil Süleymanov istintaqa cəlb edilib.
Məhkəmədə danışan Aqil Süleymanov bildirib ki, dayısıoğlu Turalla arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmayıb:
“Bacım Aynur təxminən 12 il əvvəl Tərtər rayonunun Düyərli kənd sakini Fəxri ilə ailə həyatı qurub. Birgə nikahlarından 2 övladları dünyaya gəlib. Hadisə günündən təxminən 8 ay əvvəl bacım Aynurun evində problemlər yarandı. Həyat yoldaşı Fəxri arasında ailədaxili münaqişə baş verirdi. Bundan sonra Aynur Fəxridən ayrılıb və övladları ilə birlikdə ata evimizdə yaşamağa başladılar. Bacımın ailəsində yaranmış narazılığa səbəb dayımoğlu Turalla Aynurun aralarında olan qeyri-rəsmi münasibətlər olub. Bu münasibət barədə Fəxri xəbər tutduqdan sonra Aynurdan boşanmaq qərarına gəlib. Fəxri bir neçə dəfə Aynurun Turalla olan isti münasibəti barədə mənə, anama və digər qohumlarımıza məlumat verib. Lakin biz bu barədə deyilənlərə inanmadıq. Mən özüm şəxsən Aynurdan soruşduqda o, Turalın uşaq olduğunu, aralarında heç bir münasibətin olmadığını deyirdi”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisədən təxminən 3 ay əvvəl Fəxri Aynurun yaşadığı evə gedərək onun telefonunu götürüb və Turalla olan mesajları aşkar edib:
“Bundan sonra Fəxri mənə zəng edərək bacımın telefonunda Turalla yazışmalarını tapdığını dedi. Hadisədən təxminən 3 gün əvvəl Fəxri mənə zəng edərək Bakıya gəldiyini, görüşmək istədiyini dedi. Məndə onunla razılaşdım. Görüş zamanı Aynurun telefonundakı yazışmalara baxdım. Bundan sonra Turalla Aynurun arasında olan yazışmaların şahidi oldum. Lakin, bu yazışmaların qeyri-əxlaqi məqsədlərlə baş tutduğuna yenə də inanmaq istəmədim. Fəxriyə Turaldan Aynurla olan münasibətinin dəqiqləşdirəcəyini dedim. Sabahı gün xalamın il mərasimində iştirak etmək üçün Tərtərə getməyi qərarlaşdırdım. Təxminən 4-5 gün əvvəl isə dayım infarkt keçirdiyindən anam, bacım və bacımın uşaqları dayımı görmək, həmçinin, il mərasimində iştirak etmək üçün Tərtər rayonuna getmişdilər. Ertəsi gün Fəxri ilə birlikdə taksi ilə Tərtərə getdik. Yolda olarkən bir daha telefondakı yazışmalara nəzər saldım, bundan sonra maşında Fəxriyə dedim ki, Turalla görüşəcəm və ondan bu barədə izah istəyəcəm. Fəxri isə mənə Turalı onun bibisioğlunun evinə gətirməyi təklif elədi. Həmin evi tanıyırdım və evdə yaşayış olmadığını bildirdim, bunun üçün Fəxrinin dediyi ilə razılaşdım. Fəxriyə dedim ki, Tural öz dediklərini sübut edə bilməsə, onu “sındırmaq” məqsədilə mundarlayacam. Fəxri isə həmin epizodu videoya çəkəcəyi ilə razılaşdı. Bərdəyə çatdıqdan sonra Fəxri mənim telefonumla Gündüz adlı taksi sürücüsünə zəng edərək bizi Tərtərə aparmasını dedi. Tərtərdə mən Fəxridən ayrılıb, qohumlarımın yaşadığı Buruc kəndinə getdim. Orada anam, bacım, dayım, dayım oğlu Tural və digərləri ilə görüşdük. Orada olarkən Turaldan Aynurla olan yazışmaların nə demək olduğunu soruşdum və ona bildirdim ki, mən onun bacılarına öz bacılarım kimi baxıram. Lakin bu zaman Tural mənə dedi ki, “mənim 4 bacım var, onlar mənə bəsdir”. Bundan sonra mən Turalı məsələyə aydınlıq gətirmək məqsədilə Fəxrinin dediyi evə dəvət etdim. Tural isə cavabında getməyə hazır olduğunu bildirdi”.
Aqil Süleymanov sözlərinə görə, Turalla birlikdə Düyərli kəndinə gəliblər:
“Bizi həmin ünvana aparacaq taksiyə minərkən Turalın üzərində dəstəyi qara rəngli “skoç”la sarınmış, nazik mətbəx bıçağının olduğunu gördüm. Həmin bıçağı daha əvvəl dayımgilin evində mətbəx stolunun üzərində görmüşdüm. Turaldan nəyə görə bıçaq götürdüyünü soruşdum, o isə heç bir cavab vermədi. Ona belə bir şeyə ehtiyac olmadığını və sadəcə, söhbət etmək üçün getdiyimizi dedim. Yolda olarkən Tural “Nicat” körpüsünün yaxınlığında “Son beş” deyilən yerdə maşından düşüb mağazaya girib və nə isə alıb çıxdı. Bundan sonra yola davam edib hadisənin baş verdiyi yerə gəldik. Oraya çatdıqda Fəxrinin artıq onları gözlədiyini gördük. Mən Fəxrinin bibisioğluna məxsus evin həyətinə girib təkrarən Turaldan məsələnin mahiyyətini soruşdum, bu zaman o, bir daha özünün 4 bacısının olduğunu və onların ona bəs etdiyini bildirdi. Turalı çiynindən əlimlə kənara itələdim, həmin zaman Tural cibindən açılıb-bağlanan, iti uclu, boz rəngli bıçağı çıxarıb mənim sol qoltuqaltı nahiyəmə zərbə endirdi. Dərhal hər iki əlim ilə Turalın əlini tutdum, müqavimətini qırıb və onu yerə yıxdım. Yerdə olarkən iki əlimlə Turalın bıçaq olan əlini tutub bıçağı yerə saldım. Bundan sonra o, digər əli ilə cibindəki “skoç”a sarılmış bıçağı çıxarıb mənə yenidən zərbə endirməyə çalışdı. Turalın əlindən həmin bıçağı da alıb, onun qarın nahiyəsinə iki dəfə zərbə endirdim. Daha sonra Fəxri bizi aralaşdırmaq məqsədi ilə yerdən taxta parçası götürüb hər ikimizi vurmağa başladı. Aralaşanda özümdən ixtiyarsız Turalın digər əlini buraxdım, o da bundan istifadə edərək bıçaqla mənə yenidən zərbələr endirməyə başladı. Bu zaman bud nahiyəmdən xəsarət aldım. Tural onda üzərimə yıxıldı və məni vurmaq istədi. Bu zaman onun əlini tutdum. Tural durub qaçmağa çalışdı, dalınca məndə durub tərpəndim. Bu zaman kürəyindən bir neçə dəfə bıçaq vurdum. Bir az qabağa gedəndən sonra Tural yıxıldı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə vaxtı özündə olmadığından Tural Mustafayevə neçə ədəd zərbə yetirdiyini xatırlamır:
“Turalı hadisə yerində qoyub əlimdə olan bıçaqla yolun başına doğru irəlilədim, arxamca isə Fəxri gəlirdi. Bir qədər qarşıdan tanımadığım şəxsin gəldiyini gördüm, dedim ki, adam öldürmüşəm. Ondan 102-yə zəng mərkəzinə məlumat verməsini xahiş etdim. İnsanların məndən qorxmaması üçün əlimdəki bıçağı kanala atdım. Fəxri ilə yolun başına qədər getdikdə qarşıdan təcili tibbi yardım maşınının gəldiyini gördük. Polis əməkdaşlarının gəlib məni tapa bilmələri üçün maşına əyləşərək hadisə olan yerə qayıtdım. Bir müddət sonra polis əməkdaşları həmin yerə gəldi və mən əməlimi səmimi etiraf etdim”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.