Polisin keçirdiyi növbəti əməliyyat nəticəsində Bakı şəhərini narkotik maddələrlə təmin edənlərdən biri də saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində küllli miqdarda narkotik vasitə və psixotrop maddənin paytaxt ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb.
Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı paytaxt sakini İlham Səmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün tutulub.
Onun üzərindən və yaşadığı Suraxanı rayonu ərazisində yerləşən evindən 24 kiloqram, o cümlədən 7 kiloqram heroin, 8 kiloqram marixuana, 6 kiloqram metamfetamin və 3 kiloqram həşiş-qətranı aşkar edilib.
İlkin sorğu zamanı İlham Səmədov narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Biləsuvar rayonu ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istinqatla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib. Aparılan araşdırmalar nəticəsində İlham Səmədovun ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, İlham Səmədov barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.