Bakının Nizami rayon Polis İdarəsi, 25-ci Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbiri keçirilib. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-averilən məlumata görə, rayon ərazisində kirayədə yaşayan Rəhman Abdullayevin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə şöbəyə əməliyyat məlumatı daxil olub. Təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 12 qram psixotrop maddə olan metamfetamin və 10 qram heroin aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq Rəhman Abdullayevin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayələdiyi daha bir mənzildə də narkotik vasitlələr saxladığı müəyyən edilib. Həmin ünvana baxış zamanı isə oradan əlavə olaraq ümumi çəkisi 1 kiloqram 255 qram olan metamfetamin və heroin aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, Rəhman Abdullayevin paytaxt ərazisində mütəmadi olaraq kirayə mənzillər tutaraq orada narkotik vasitələrin satışını həyata keçirib. O, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməməsi üçün paytaxt ərazisində yaşayış ünvanlarını tez-tez dəyişib. Buna baxmayaraq, Rəhman Abdullayevin izinə düşən polislər sonda onu ifşa edə biliblər.
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami rayon Polis İdarəsinə göndərilib. Rəhman Abdullayevdən aşkar edilən narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.