Sərkərdənin ölümü, döyüşdən qaçan “Rembo”, qırıq pulemyotun yandıran hekayəti... - XATİRƏ
19 aprel 2013 17:28 (UTC +04:00)

Sərkərdənin ölümü, döyüşdən qaçan “Rembo”, qırıq pulemyotun yandıran hekayəti... - XATİRƏ

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

 

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

 

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

 

***

 

Yeni Qaralarda möhkəmlənəndən sonra Ş.Mirzəyev alayın sağ qalan döyüşçülərinin dərhal toplayıb yoxladı. Bizə isə Əliağalı rotasının və digər dəstələrdən 15-20 nəfər qoşaraq Ballıqaya-Kiçan istiqamətində kəşfiyyata göndərdi. Biz həm də döyüşdə yaralı qalmış uşaqları da, əlbəttə əgər sağ qalıblarsa, tapıb çıxartmalıydıq. Eyni zamanda Ş.Mirəzyev tapşırmışdı ki, düşmənin arxasında onun əmrini gözləyək. O, batalyonu yenidən əks hücuma hazırlayırdı. Biz yola düzəldik. Yeni qaralardakı “Hidayətin blindajı”ından keçib “Dıqqının yalı” deyilən balaca dağın yanından Qazançı tərəfdən-Sarı qaznaq istiqamətə hərəkət etdik.

 

İyunun 18-də rabitəçi qız kodlarla bizi geri çağırdı. Mən ona bildirdim ki, biz tapşırılan yerdə əməliyyatın davamı üçün 301-in (301 rabitə vasitəsi ilə Ş.Mirzəyevin kodu idi) əmrini gözləyirik, necə yəni geri qayıdaq?

 

Rabitəçi qız ağlaya-ağlaya açıq mətnlə bunları dedi:

 

- Rey, elə 301-in əmridir, təcili geri qayıdın!

 

“Deməli, nəsə baş verib”, - deyə düşündüm. Ürəyimə yüz fikir gəldi, amma bu əsla gəlmirdi...

 

Şirin Mirzəyevin ölümü

 

25-ci yazı

 

Gecə geri qayıtdıq. Səhər saatlarında Yeni Qaralardakı “Hidayətin blindajına” çatdıq...

 

İlk qarşıma çıxan Baxşeyiş oldu - Baxşeyiş Abbasoğlu. O, Qaraların girəcəyində yolun sol tərəfindəki yamacda oturmuşdu... Çox yorğun və kədərli idi. Yaxınlaşanda Babayev Yavərin avtomatını gördüm. Lüləsi əyilmişdi. Qoruyucusunun üstünə qırmızı fosforlu ox işarəsi çəkilmiş kağız yapışdırılmışdı...

 

- Baxşeyiş, Yavərə nolub?! – səsim titrədi.

 

Başını ağır-ağır qaldırıb, üzümə baxdı:

 

- Nə Yavər ey, Şirin Mirzəyev də həlak oldu!

 

Elə bil məni tok vurdu!

 

- Necə yəni Şirin Mirzəyev həlak olub? Elə şey olar? Harada? Nə vaxt?   

 

İlk dəfə Şirin Mirzəyevin ölüm xəbərini hadisənin təfərrüatını da elə Baxşeyişdən öyrəndim.

 

Ş.Mirəzeyiv həmin günü bizimlə əlaqə saxlamaq istəyib. Amma alınmayıb. Rabitədə problem olub. Sonra deyib ki, Qaralarda tanklar dayanan yerə gedib qayıdandan sonra əlaqə yaradarlar. Baş leytenant Fəxrəddin Rəcəbov deyir ki, öndə Şirin Mirzəyevin ardınca da onlar “Uaz”la, ondan sonra isə yanacaq daşıyan avtomobil “Hidayətin blindajı”nın yanından keçərək tanklar dayanan mövqeyə gediblər.

 

Ş.Mirzəyevlə birgə avtomobildə alayın xüsusi təyinatlı dəstəsinin komandiri Yavər Babayev, tankçıların komandiri (səhv etmirəmsə, adı Tahir idi) və Şirin Mirzəyevin qardaşı oğlu Mübariz, əmisi nəvəsi Araz da tankları yanacaqla təmin edəndən sonra geri qayıdıblar. Elə bu zaman da Ş.Mirzəyevin olduğu avtomobil minaya düşüb.

 

Bütün bunlar komandirin olduğu “UAZ”ın arxasınca gələn F.Rəcəbovun gözləri qarşısında olub. F.Rəcəbov deyir ki, minanın partlayış dalğası komandiri bir neçə metr kənara atıbmış. O, dərhal Ş.Mirzəyevi öz avtomobili ilə hospitala aparmaq istəyib, lakin komandir yarı yolda keçinib. Açıq yarası olmayan Ş.Mirəzyevin bütün daxili orqanları partlayıbmış. Bu səbəbdən də o, hospitala çatana qədər dünyasını dəyişib... Ağır yaralıymış deyə, rabitəsiz halda nəsə deyirmiş... Bu Şirin Mirzəyevin - Azərbaycan ordusunun təməlini qoyan bir sərkərdənin ömrünün son anları olub.

 

Ş.Mirzəyevin sürücüsü Mübariz Əliyevdən başqa avtomobildəki bütün zabit və əsgərlər şəhid olub. Mən sonralar komandirin minaya düşən həmin “UAZ”ını gördüm. Üstündən tankla keçib əzmişdilər...

 

Elə o vaxt da, indi də Ş.Mirzəyevin qəsdən öldürülməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bəli, həmin əməliyyatın Ş.Mirzəyevin hərbçi kimi, heç bir siyasi qruplaşmaya aid olmayan güc kimi ləğv edilməsi məqsədilə təşkil olunduğu şübhəsi var və həmişə də olacaq. Amma Ş.Mirzəyevin kimlər tərəfindənsə əvvəlcədən qoyulmuş minaya salınaraq öldürülməsi heç cür ağlabatan deyil. Çünki həmin ərazidən bir neçə avtomobil keçib, sadəcə komandirin olduğu “UAZ” minaya toxunaraq partlayıb.

 

Bəs bizim nəzarətimizdə olan ərazidə minalar haradan peyda olmuşdu? Bu minalar biz iyunun 12-də Ballıqaya-Kiçana hücum edərkən yoldan çıxardığımız minalar idi. O minalar Qaralarda yolun kənarındakı arxın içərisinə yığılmışdı. Partladıcı detonatorları da üzərində. Ermənilər əks hücuma keçəndə Qaraları almışdılar və onlar orada qaldıqları müddətdə həmin minalardan bir neçəsini yola basdırmışdılar.

 

Şirin Mirzəyevin ölümündən bir ay keçmiş mən olduğum BRDM də o ərazidə minaya düşdü. Tale elə gətirdi ki, mən sağ qaldım. Ağdamın Şotlanlı kəndindən Şirinov Söhbət və əslən ermənistanlı olan Möhübbət adlı bir əsgərimiz də çox ağır yaralandılar. Mina Söhbətin bir ayağını qoparmışdı, Möhübbət baş və əl nahiyəsindən yaralanmışdı.

 

Ş.Mirzəyevin həlak olduğunu eşidəndən sonra batalyona qayıtdım. Ağdamın Tərnöyüt kəndində hər üç şəhidə - Şirin, Mübariz və Araz Mirzəyevlərə yas mağarı qurulmuşdu. Əfsanəvi komandirlə vidalaşıb batalyona qayıtdım. Ş.Mirzəyevlə Mübarizi Şəhidlər xiyabanında dəfn etmək üçün Bakıya apardılar... Uşaqların bir hissəsi dəfn mərasimində iştirak etmək üçün Bakıya getmişdi.

 

Artıq batalyonda qərargah rəisi mayor Sabir Abbasov əməliyyatlara rəhbərlik edirdi. O, kəşfiyyat dəstəsinin əsgərlərini Qaralar kəndindəki mövqelərimizə göndərdi. Səhv etmirəmsə, iyunun 19-da, günün ikinci yarısı ermənilər Qazançı və Sırxavənd istiqamətindən PDM-lərin müşayiəti ilə hücuma keçdilər. Daxili qoşunların öndə olan gənc əsgərləri geri çəkildi... Biz altı nəfər - İdris Hümbətov, onun oğlu Vüqar Hümbətov, mən, Nazim adlı Əliağalı döyüşçü, əsgərlər arasında “Rembo” kimi tanınan (Əslində özü- özünə bu adı vermişdi) “qranatamyotşik” - tank əleyhinə qranat atan, altıncının adını unutmuşam - “Hidayətin blindajı” istiqamətində mövqe tutub dayandıq. Ermənilərin qarşısını kəsə bildik. Ermənilər bizim mövqeyimizi minaatanlardan və toplardan atəşə tutdular. Ardınca PDM-lərlə atəşə başladılar. Çox çətin vəziyyət idi. Bizim isə Ağcabədi rayonundan olan İlqar adlı əsgərin idarə etdiyi cəmi bir PDM-miz var idi. Onun isə mərmiləri qurtarmışdı. Sadəcə pulemyotundan atəş açırdı.

 

“Rembo” qaçdı...

 

Biz ermənilərin PDM-lərini yaxına buraxıb sonra vurmaq istəyirdik. Ona görə də “Rembo”ya dedim ki, PDM-lər 100 metrliyimizə çatana qədər atəş açmasın, gözləsin. Biz sakitcə mövqelərimizdə uzanıb gözləyirdik. Səngərimiz çox yaxşı idi. Ona görə son ana qədər etibarlı müdafiə oluna bilərdik.

 

Elə bil 1941-45-ci illərin Böyük Vətən müharibəsindən çəkilmiş kinoya baxırdıq.  Ermənilər 5-6 cərgə düzülərək PDM-lərin arxası ilə irəliləyirdilər. Lap öndə 3 PDM gəlirdi. Onlar 100 metrlik məsafəyə çatanda İdris kişi “Rembo”ya səsləndi ki, atəş! Səs çıxmadı. Dönüb səngərə baxdıq. “Rembo” yox idi... Tank əleyhinə qranatatanı da götürüb, aradan çıxmışdı.

 

İdris kişi dedi ki, axıra qədər dayanmalıyıq! Əvvəlcə avtomatlarla müqavimət göstərməyə başladıq. Amma bu az idi...

 

Səngərimizdə erməni PDM-indən çıxarılmış iri çaplı bir pulemyot da var idi. Bizdən əvvəl kimsə istifadə edirmiş, amma indi başsız qalmışdı səngərdə. Tətiyi olmayan bu ağır silahı yalnız hər iki baş barmağınla arxasında yerləşdirilmiş kibrit qutusu boyda dəmir lövhəyə basmaqla atmaq olurdu. Bir az atan kimi onsuz da yapışmağa yöndəmsiz olan pulemyot istidən adamın əlini yandırırdı. Adamı elə silkələyirdi ki, nişan da ala bilmirdin. Kimsə tənzif dolamaqla lülənin ortasından əllə tutmaq üçün yer düzəltmişdi.

 

Mən pulemyotu səngərin qarşısındakı torpağın üstünə qoydum. İlk atəşdəncə pulemyot əlimdən çıxdı, yerindən oynayıb sağa sola çırpındı, sonra lüləsi göyə tuşlandı. Növbəti dəfə sağ ayağımı səngərin arxa divarına möhkəm dirəyib atmağa başladım. Bu dəfə pulemyotu ram edə bildim. Amma indi o bizim önümüzdəki otu-ələfi biçib yerə tökürdü, torpağı göyə sovurdu...

 

Ermənilər də yaxınlaşırdılar. Bu arada Nazim adlı döyüşçümüz qolundan yaralandı.

 

Biz nə illah eləsək də, o, bizi tərk eləmədi. Sonra arxaya xəbər verməyə adam göndərmək qərarına gəldik, amma yenə də heç kəs səngəri tərk etmədi. Axırda İdris kişi oğluna təpinərək onu xəbər vermək üçün batalyona yolladı.

 

Mən pulemyotu yenidən səngərin qarşısındakı torpağın üstünə qoydum. Uşaqlardan biri hər iki əli ilə arxadan çiynimdən tutaraq məni saxladı. Bu dəfə pulemyotu düşmən tərəfə, təxminən bir metr hündürlüyünə tuşlayaraq atəş açmağa başladım. Güllələr otu-ələfi, çiçəkləri biçib yerə tökürdü. Ermənilərin piyada əsgərləri bağırtı ilə yerə sərilirdi. Onlar yerə uzanaraq dayanmağa məcbur oldular.

 

Bizim PDM-imiz isə sağ tərəfimizi qoruyurdu. O olmasaydı ermənilər sağdan arxamıza keçə bilərdi...

 

İdris kişi dedi ki, çalışıb PDM-i nişan alım. Əslində pulemyot güllələri PDM-ə heç nə etmir. Amma biz onun məsləhəti ilə PDM nişan almağa başladıq. Amma alınmırdı. Nişanı saxlaya bilmirdik, pulemyot oynayıb əlimdən çıxırdı.

 

Lülənin tüstüsü istidən yanan tənzifin tüstüsünə qarışıb mənə mane olurdu. Pulemyotun növbəti güllə yeşiyi işıqsaçan güllə çıxdı. Əslində artıq hava azacıq qaraldığından dəqiq atəş açmaq üçün bu bizim işimizə yaradı. Bu dəfə ermənilərin PDM-dən birini hədəfə alıb onu işıq saçan gülləyə tutduq. Harasına dəydisə bilmirəm, amma öndə gələn erməni PDM-i dayandı. Bir qədər sonra yavaş-yavaş geri qayıtdı. Erməni əsgərləri də geri qaçmağa başladı. Biz daha da ruhlandıq. İşıq saçan güllələrlə erməniləri dayanmadan atəşə tutduq.

 

Bir də onda özümə gəldim ki, əlim dodaqlarım göynəyir. Pulemyotun lüləsi sağ əlimi yandırıbmış. Həyəcandan, qorxudan isə ard-arda caladığım qupquru filtrsiz “Astra” siqareti sona qədər yanıb elə dodağımda sönürmüş.

 

Gecə ermənilər tamam geri çəkildilər. Batalyondan isə kömək gəlmişdi. O gün ermənilər Qaralara girə bilmədi...

 

Qeyd: Əvvəlki xatirələrimdə Cəlilabad rayonunda gəlmiş 25 nəfər peşəkar tankçı haqqında məlumat vermişdim. Bizim batalyon mühasirəyə düşən əməliyyatdan-ermənilərin hücumundan yarım saat əvvəl onlar Çıldıran istiqamətinə gediblər. Sadəcə, o yerlərlə tanış olmaq istəyirmişlər. Onlar ermənilərin Çıldırandan bizim üzərimizə gələn qüvvələri ilə qarşılaşıblar. Döyüşüb qəhrəmancasına şəhid olublar. Məndə olan məlumata görə, onlardan cəmi bir nəfəri sağ qalıb...

 

[email protected]

 

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6055
avatar

Rey Kərimoğlu

Oxşar yazılar