Rey Kərimoğlu Umudludan sağ çıxmış 11 əsgəri axtarır - SİYAHI
09 yanvar 2013 11:07 (UTC +04:00)

Rey Kərimoğlu Umudludan sağ çıxmış 11 əsgəri axtarır - SİYAHI

Xəbər verildiyi kimi, tanınmış Qarabağ qazısı, jurnalist Rey Kərimoğlu “lent.az” saytında “Kəşfiyyatçının xatirələri” adlı layihəyə çərçivəsində döyüş xatirələrini qələmə alır. Bu günə qədər müəllifin 12 xatirəsi və bu xatirələrlə bağlı 5 yazısı yayılıb. O, son iki yazıda Ağdərə rayonunun Umudlu kəndinin müdafiəsində döyüşən Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin batalyonunun 55 əsgərinin və kənd sakinlərinin həyatının bir hissəsini əks etdirən “Taqətdən düşən əsgərlər iti kəsib, şişə çəkdilər...” (http://news.lent.az/news/111635) və “Murovun ölüm aşırımı və Umudludan gələn son ağrı” (http://news.lent.az/news/112174) adlı xatirə yazılarında adaları çəkilən, amma barələrində bu günə qədər heç bir məlumat olmayan 11 əsgəri axtarır. R.Kərimoğlu deyir ki, onların araşdırmaları nəticəsində bir neçə nəfər haqqında məlumat əldə ediblər. Həmin əsgərlərdən biri İlqar Məmmədov (İsmayıllı rayonu) bir neçə ay sonra Qarabağın məşhur hərbi starteji yüksəkliyi olan Fərrux dağı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Acından ölməmək üçün onlarla gedən ov itini şişə çəkən Buzuyev Saşanın (Sumqayıt) don vurmuş ayağını kəsiblər, amma onun sonrakı taleyindən məlumat yoxdur. Eldar Səmədov (Ağdam) Bakının Nizamı rayonunda Mənzil Komunal Təsərrüfatında usta işləyir. Hələ də müharibə veteranı statusu ala bilməyib. Rafiq Qarayev (Ağdam) Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hazırda bizneslə məşğuldur. Məhəmməd Nağıyev (Ağdərə) Tərtər rayonunun İsmayılbəyli kəndində məskunlaşıb, işsizdir. Baş leytenant Fəxrəddin Rəcəbov (Ağdam) uzun illərdir Gəmi Təmiri Zavodunda fəhlə işləyib, sonralar eyni işini müxtəlif analoji xarici şirkətlərdə davam etdirib. Mirzəyev Gündüz Fərzi oğlu(Xankəndi) iş ardınca Rusiyaya gedib və orada dünyasını dəyişib. Mirzəyev Həsən Umud oğlu (Xankəndi,  hər ikisi Şirin Mirzəyevin qardaşı oğludur) hazırda Bakı şəhərində yaşayır, müharibə veteranı statusunu ala bilməyib, işsizdir. Uzun zamandır müalicə alır.

 

Yerli sakin Məhəmməd Nağıyevin bələdçiliyi və igidliyi sayəsində Umudludan qarlı və keçilməsi ağla belə gəlməyən Murov dağından adlayaraq Kəlbəcərin Ağdaban kəndinə çatan, hətta iti əti yeməyə də məcbur olan lakin barələrində heç bir məlumata malik olmadığımız əsgərlərimiz bunlardır: Quliyev Elşən Rza oğlu (Gəncə şəhəri), Səfərov Elçin Habil oğlu(Neftçala rayonu), Muxtarov Elşən Zülfüqar oğlu(Ağdam rayonu), Umudxanov İlqar İsrafil oğlu (Xaçmaz rayonu), Buzuyev Saşa Mixailoviç(Sumqayıt şəhəri), Rüstəmov Mirzə Umud oğlu (Ağdam rayonu), İsayev Nazim Şamil oğlu (Yevlax rayonu), Abbasov Məzahir Bulud oğlu (Beyləqan, Ağdam rayonu), Hacıyev Tofiq Şahbaz oğlu (Mingəçevir şəhəri), Məmmədov İlqar Arzuman oğlu (İsmayıllı rayonu), Qçuyev Cəulla Abdulvahab oğlu (Balakən rayonu).

 

R.Kərimoğlu xahiş edir ki,  əgər kiminsə haqqında məlumat vermədiyi bu əsgərlər barəsində hər hansı bir məlumatı varsa, lütfən lent.az saytının redaksiyasına məlumat versinlər və ya [email protected] ünvanına yazsınlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7148
avatar

Rey Kərimoğlu

Oxşar yazılar