Ölüm şaqqıltısı, Mübarizin heyrətamiz yuxusu, gözlədiyim atəş... - XATİRƏ
24 may 2013 17:41 (UTC +04:00)

Ölüm şaqqıltısı, Mübarizin heyrətamiz yuxusu, gözlədiyim atəş... - XATİRƏ

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

 

Ölsəm məni uca bir yerdə dəfn edərsiniz

 

29-cu yazı

 

1992-ci il avqustun 8-də istehkamçı dəstəsinin döyüşçüsü Məzi (Məzahir) öz şəxsi “Jiquli” markalı avtomobili ilə batalyonun yerləşdiyi kənddə yerli sakinlərə məxsus həyət qazını vurmuşdu. Ölməmiş qazın başını kəsib, pulunu ödəyib gətirmişdi batalyona. Təchizat dəstəsinin əsgəri Umudvarın yoldaşı qaz ətindən əla bir çığırtma bişirmişdi. Həyatımda ilk dəfə qaz əti yeyəcəkdim. Batalyonun həyətində, ağacların kölgəsindəki çəmənlikdə süfrə açdıq. Təxminən 7-8 nəfər yığışdıq bu qaz çığırtmasının başına. Kimsə ortalığa tut arağı da gətirdi. Uşaqlar içdilər, mənə də süzdülər, amma nə illah elədilərsə, içmədim. Mən, ümumiyyətlə, orduda olanda çox nadir hallarda 50-100 qram içərdim.

 

Uşaqlara dedim ki, ürəyimə nəsə damıb, birdən döyüş olar. Bir qədər vurmuş dostlar bu sözümü zarafata saldılar. Söhbət haradansa gəlib şəhid olmaq və harada dəfn olunmaq məsələsinə çıxdı. Onda Taras Şevçenkonun məşhur misraları yadıma düşdü:

 

Mən öləndə, məni basdırarsınız

Yüksək bir təpədə, bir dağ başında.

Elə bir yerdə ki, görünsün yalnız

O gözəl Ukrayna…

 

Ardınca dedim ki, uşaqlar, birdən ölüb-eləsəm, məni ya Bakıda - Şəhidlər xiyabanında, ya da uca bir yerdə - dağın, təpənin başında dəfn edərsiniz. Döyüşçü dostlarım məni elə ələ saldılar ki, deməyimə peşman oldum.

 

Müharibəyə gedəndən nədənsə mənə elə gəlirdi ki, mənə heç nə olmayacaq. Arxayın döyüşürdüm. Hərdən Ağdamın Seyidli kəndindən olan Elmir (bizim kənddə ədəbiyyat müəllimi işləyən Raquf müəllimin oğlu idi) deyirdi ki, bu nə təhər danışırsa, elə bil qurbanolduğumla müqavilə-zad bağlayıb.

 

Heç vaxt ağlıma gəlməzdi ki…

 

Elə süfrə başındaca əsgərlərdən biri qaça-qaça yanıma gəldi. Dedi ki, komandir Allahverdi Qəmbərov məni çağırır. Süfrədən qalxıb getdim qərargaha. Allahverdi Qəmbərov dedi ki, bu gecə kəşfiyyata getmək lazımdır. Çox vacib bir əməliyyat var, ona hazırlıq başlanır.

 

Düşmən arxasında əməliyyat

 

Kəşfiyyat dəstəsindən zərdablı balası Azad Musayev, mən və Ağdamın Cinli kəndindən olan Cəfərov Xaliq gecə yarısı Cinli kəndindən düşmən mövqelərinə doğru yola düşdük.

Bizim əməliyyatın məqsədi yaxın günlərdə “N” yüksəkliyinə olacaq hücuma dəstək idi. Biz dəfələrlə “N” yüksəkliyini alırdıq, amma oranı əldə saxlaya bilmirdik. Çünki ermənilərin yerləşdiyi, hücum zamanı  aldığımız səngərlər bizə tərəf qurulduğundan arxası açıq idi. Əsgərlərimiz də o səngərdə olanda digər dağdan düşmənin açıq hədəfinə düşürdülər. Həmin dağ adi vaxtlar da boş olurdu. Biz “N” yüksəkliyinə hücum edəndə ermənilərin yaxınlıqdakı ehtiyat qüvvələri dərhal dağa qalxırdılar.

Bizim kəşfiyyat əməliyyatının da məqsədi “N” yüksəkliyini alandan sonra həmin dağa qalxan ermənilərin hərəkət trayektoriyalarını dəqiqləşdirmək və dağa çatmadan, o yollardaca düşmənin canlı qüvvəsini məhv etmək üçün özümüzə münasib bir yer seçmək idi.

Yol üçün götürdüyümüz rabitə cihazı hələ Cinlidən çıxmamış işləmədi. Daha doğrusu, əvvəlcədən doldurulmuş elektrik batareyaları sıradan çıxmışdı. Ehtiyat batareyalar da eləcə. Məcbur olub rabitə qurğusunu Cinli kəndində qoyub yola düşdük. Qərargahla əlaqə itdi...

Bütün gecəni yol gedib səhərə yaxın gəlib deyilən əraziyə çatdıq. Bir neçə erməni postunu və kəndlərini keçib irəliləyirdik. Ermənilər səhər-səhər mal-qaralarını açıb otlağa ötürür, işləri, gücləri ilə məşğul olurdular.

Yenicə (Norguh) kəndinin solundan keçməklə bir dağın yanına gəlib çatdıq. Əvvəlcədən bizə verilmiş xüsusi xəritədə müəyyənləşdirdiyimiz yerləri işarələyir, düşmənin mövqeyi və hərbi texnikası ilə bağlı müvafiq qeydlər aparırdıq. Biz növbəti dağın zirvəsinə çatanda yolun solunda, sağında bir neçə balaca çalalar gördük. Amma fikir vermədik. Düşündük ki, yəqin döyüş zamanı atılan top, minaatan mərmisinin partlayışından sonra yaranan çalalardır. Amma Xaliqin “bunlar heç mərmi partlayışından yaranan çalalara oxşamır!” şübhəsi diqqətimizi çəkdi. Doğurdan da elə idi, bu çalalar top və ya minaatan mərmisinin yerinə oxşamırdı. Bəzi çalaların kənarında isə sümüklər var idi...

Bəs bu nə olar belə? Öz-özümüzə sual verdik. Bu fikirlə irəliləyirdik. Xaliq öndə, mən ortada Azad isə arxada. Gəlib dağın qayalıq bir yerinə çatdıq. Burada yolu qazaraq bağlamışdılar. Amma səngər deyildi, sadəcə kimsə traktorla yolu qazaraq bağlamışdı. Buradan o yana yalnız əvvəllər azərbaycanlılar yaşayan yeganə məntəqə Xocalı idi. Bir az da irəli gedib qabağa boylandıq.  Xocalı idi. Uzaqdan dumanlı kimi görünürdü...Bu,  işğaldan sonrakı Xocalıya, uzaqdan da olsa, ilk və hələlik sonuncu baxışım oldu...

 

Ağlıma gəlməzdi ki...

 

Növbəti addımı atanda sağ ayağımın altında bir ağac budağı qaldığını hiss etdim. Fikir vermədim, amma qəfil çıqqıltı məni ayıltdı. Mina! Amma artıq gec idi, çıqqıldadısa, deməli, mütləq partlayacaq. Çox nadir hallarda partlamaya bilər. Yüz mində biri...

 

Elə də oldu. Əvvəlcə çıqqıltısı gəldi, sonra isə “bomb” edərək partladı! Sonra hələ də qulaqlarımda səslənən möhkəm partlayış və vıyıltı... Gözümə ayaqlarım göründü! Ürəyimdə dedim, vəssalam! Mənimki bura qədərmiş! Ayaqlarımı mina apardı, ölüb qalacam buralarda, düşmənin əhatəsində. Sonrası yadımda deyil...

 

Özümə gələndə gözlərimi açmaq istədim, açılmadı. Mina partlayışı zamanı barıtın tüstüsü, tozu tutmuşdu. Eyni zamanda kirpiklərimi və üzümü partlayışın dalğası qarsmışdı. Əllərimlə üst-başımı yoxlayanda əlim nəm oldu, nəm əllərimlə gözlərimi silib təmizlədim. Gördüm ki, üzü dərəyə bir qayanın başında haça ağacı qucaqlayan vəziyyətdə qalmışam. Partlayışın dalğası mənim göyə qaldırıb haradasa 8-10 metr kənara - bu ağaca çırpmışdı. Ayaqlarımı yerində görəndə elə sevindim ki... Oradan çıxmaq üçün yavaş-yavaş arxaya tərəf süründüm.

 

Birtəhər sürünüb çıxdım, gördüm ki, Azadın başı al qan içində - başından, əlindən və ombasından yaralanmışdı. Xaliqin qəlpə dabanını qoparmışdı, ayağından qan fışqırır. Ayağım yerində idi, lakin əlimi vuranda ayaqlarımı hiss eləmədim. İstədim ayağa qalxam, bacarmadım. Ağacdan yapışıb bir təhər qalxsam da elə bildim qurşaqdan aşağım yoxdur, yıxıldım...

 

Ürəyimin üstündəki cibimdə Seyid Lazım ağanın şəkli var idi. Həm də kəşfiyyatçılar bu cibə qumbara bağlayırdı ki, son anda əsir düşməmək üçün özümüzü partladaq. O da düz ürəyimin üstündəydi. Bir də Əlabbasın qırxında molla bir dua vermişdi, o idi. Molla demişdi ki, bu duanı Novruz bayramı axşamı dizə qədər axar suya girib yazıb, gülləbatmazdır, nə olsa da ölməyəcəksən, sağ qalacaqsan. Ratsiyada qızlar var idi, onlar sellofan kağıza büküb tikib vermişdilər.

 

Baxıb gördüm ki, cibimdəkilər dağılıb. Yenə istədim durub uşaqlara tərəf gedim, gördüm yox, ayaqlarım işləmir. Bir ağacdan yapışaraq ayağa durdum, ağacı buraxan kimi yıxıldım, elə bil kimsə məni qaldırıb yerə çırpdı. Yeriyə bilməyəcəyimi anlayanda  hirsimdən ağladım...

 

Az sonra ayaqlarıma bir istilik gəldi ki. Yalnız onda  gördüm ki, qurşaqdan aşağı şalvarım deşik-deşik olub. Demə qəlpələr hələ indi təsir edirmiş. Otlardan, kollardan yapışa-yapışa Azadla Xaliq tərəfə süründüm. Cibimizdəki yara üçün hazır tənziflərlə Azadın, sonra Xaliqin yaralarını sarıdıq. Xaliqin dabanına bir neçə tənzif elə bütöv halda getdi. Qəlpə onun dabanını qoparmışdı...Hər ikisi məndən ağır yaralanmışdı, amma yeriyə bilirdilər. Vəziyyət çox pis idi. Ermənilər partlayış səsinə hər an gələ bilərdi. Uşaqlarla gedə bilməyəcəyimə əmin olandan sonra ermənilərin Xocalıdan gələn yolu bağlamaq üçün qazdıqları səngərə tərəf sürünüb avtomatı yanıma qoydum. Uşaqlara dedim ki, bir qədər patron və öz qumbaralarını mənə verib getsinlər, mənimki bura qədərmiş. İstəmədim mənə görə onlar da həlak olsun. Hələ onların özlərinin belə vəziyyətdə sağ-salamat çıxa biləcəkləri sual altındaydı. Bir daha onlara dedim ki, məni atıb gestinlər.

 

Azad ağlaya-ağlaya dedi ki, səni burada qoyub getməyəcəyik!

 

And verdim, yenə eşitmədilər, söyüş də kara gəlmədi. Mən o vaxt kəşfiyyat dəstəsinin komandiriydim. Onda dedim ki, komandir kimi əmr edirəm, məni qoyub gedin! Adi vaxtlar da hərdən belə zarafatlar edirdik. Azad da “komandir”, “komandir” deyə zarafat edirdi. Bunu deyəndə üçümüzdə qucaqlaşıb hönkürdük...

 

- Vaxt azdır, nə qədər ki, ermənilər gəlməyib tez buradan çıxmalıyıq - deyə, Xaliq dilləndi.

 

Azad silah-sursatımızı, Xaliq isə məni sürüyə-sürüyə geri qayıtmağa başladıq. Azad arxada, qabaqda isə Xaliq ayaqlarımdan tutub məni kürəyi üstə sürüyürdü. Sıx meşə ağaclarının başını, bir də məni sürüyən Xaliqin dabanlarını görürdüm. Qan iki tənzifdən keçib Xaliqin dabanında qızarırdı. Birdən iki ayağımın arasında daha bir mina gördüm. Tez qışqırdım:

 

- Xaliq, mina!

 

Elə bildim artıq minaya düşdük, yenə partlayacaq. Amma mina düz mənim 5-10 santimetrliyimdə olanda Xaliq dayandı. Bu, piyada əleyhinə minaydı. Ermənilər qurmuşdu.

 

Deməli, buraların hər tərəfi minalanmışdı. Sağımız dağ yamacı, solumuz isə uçurum idi. İrəli getmək isə çox təhlükəli idi.

 

Onda üçümüz qucaqlaşıb sol tərəfdəki 4-5 metrlik bir qayadan aşağı tullandıq. Böyürtkən kolları bizi tutdu, onlara ilişdik deyə yavaş-yavaş qayanın dibindən axan balaca bir çayın sahilinə düşdük. Uşaqlar çayın içi ilə məni sürüyə-sürüyə düz gətirdilər Noraguhun-Yenicənin taxıllığına. Taxıllıqdan sonra Xaçın çayı, çayın o tayında isə bizim postumuz var idi. Yol boyu bir neçə dəfə özümdən getmişəm. Əvvəlcə qulaqlarım uğuldayırdı, sonra gözüm qaralır və sonra saralırdı. Elə bil ki, uzun sarı rəngli boru kimi bir yerlə uğultuyla harasa sürüşürdüm. Yalnız uşaqların məni silkələyərək, çağıraraq ayıltmasından sonra özümə gəlirdim. Bu hal bir neçə dəfə təkrar olundu. Çox maraqlıdır ki, həmin məqamda - bir-neçə saniyənin içində doğmalarımı, sevdiyim qızları, əsgərlik yoldaşlarımı yuxu kimi görürdüm. Sovet dövründə (1985-1987-ci illərdə) xidmətim zamanı bir Qubin var idi - üzdəniraq idi - onu da gördüm...

 

Hiss edirdik ki, ermənilər də gəlir. Artıq onlar məsələnin nə yerdə olduğunu duymuş və dərhal da bizim izimizlə arxamızla gəlməyə başlamışdılar. Geri qayıtmaq üçün ermənilərin bir neçə postunu da keçməyildik. Hamısını sağ-salamat keçmişdik. Bu son idi. Taxıllığın üstündəki dağda ermənilərin böyük postları var idi. İndi onlar çox asan şəkildə bizi vura bilərdilər.

 

Üçümüz də sapsarı saralmış taxıllığın içindəki arxda uzanıb qalmışdıq. Xeyli qan itirmişdik. Yenə tez-tez özümdən gedirdim... Ayılanda Azadı, Xaliqi məni silkələyən görürdüm. Vəziyyət tələsməyi tələb edirdi. Amma indi bizim posta necə xəbər verməli? Yəni onlar bizim kim olduğumuzu bilsin, həm də ermənilər bilməsin. Rabitə qurğumuz da yox. Belə olan halda Xaliq dedi ki, gedib uşaqlara xəbər verər. Xaliq irəliləyəndə bizim postdan atəş açdılar. Ermənilər də dərhal onlara cavab verdilər. Burada bir atışma, bir vurhavur başladı ki, gəl görəsən. Ermənilər bilirlər ki, kəşfiyyatçılar minaya düşüb və hələ çıxa bilməyiblər, amma bizi də görmürlər. Sadəcə, bizim postdan açılan atəşə cavab verirlər. Bununla da atışma başlayıb. Belə bir qarışıq vəziyyətdə Azadla arxın içində uzanıb Xaliqdən xəbər gözləyirdik. Bilmirdik, neyləyək. Xaliq qışqıra-qışqıra postumuza tərəf səslənirdi:

 

- Atmayın, bizik, özümüzünkilərik! Atmayın!

 

Amma kimə deyirsən, ağız deyəni qulaq eşitmirdi. Tərs kimi, postda da bir qədər əvvəl dəyişiklik olub, yeni əsgərlər gəlib, onlar da bizi tanımırlar.

 

Gördüm yenə halım pisləşir, ölürəm! Azada dedim, qaqa, ölürəm! Fikirləşdim ki, birdən huşum başımdan çıxar, amma ölmərəm və əsir düşərəm! Avtomatı boğazıma dirəyib gözlədim. Dedim, Azad, əsir düşməkdənsə, özümü vuracam! Azad yumruqlarını uzandığı yerdə torpağa çırparaq qışqırırdı:

 

- Lazım deyil!

 

Bizimkilərlə ermənilərin atəşi altında qalmışdıq. Xaliqi də atəşə tuturdular. Hiss etdim ki, taqətim tükənir. Belə bir vəziyyətdə var gücüm toplayıb Əliağalı rotasından tanıdığım döyüşçü dostum Mübarizi çağırdım!

 

- Ay Mübariz!

 

Düzü, buradan Mübarizin məni eşitməsi qeyri-mümkün idi. Çünki onların dincəldiyi yerlə bizim aramızda bir neçə kilometr məsafə var idi.

Əliağalı rotasının uşaqları postu yeni əsgərlərə təhvil verib kazarmada yatıblarmış. Sonradan özləri danışır bu hadisəni. Uşaqlar deyir ki, yatmışdıq, birdən Mübariz yuxudan ayılıb dik qalxıb, deyib:

 

- Reyi yuxuda gördüm, məni köməyə çağırırdı. Kəşfiyyatçıların başında nəysə var!

 

Yalnız bu zaman onlar uzaqdan gələn atışma səslərini eşidiblər və gəliblər. Və yalnız onlar gələndən sonra Xaliqi tanıyıblar...

 

Bir mən, bir Azad, bir də Allah bilir ki, biz orada hansı hissləri yaşadıq!

 

Azadın dediyinə məhəl qoymadan avtomatın lüləsini boğazıma dirəyib gözləyirdim. Birdən taxıllıqda ayaq səsləri eşitdim. Amma bilmədik gələn bizimkilərdir, yoxsa ermənilər. Açığı, artıq bilmirdik ki, ermənilər hansı tərəfdədir, bizimkilər hansı tərəfdə. Ayaq səslərini eşidib, daha da həyəcanlandım! Ayaq səsləri yaxınlaşdıqca, ürəyimin döyüntüsü də artırdı. Lap az qalmışdı... Əlim tətikdə gözüm səs gələn tərəfdə gözləyirdim. İndi səs düz mənimlə üzbəüzdür...

 

[email protected]

ardı var

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5338
avatar

Rey Kərimoğlu

Oxşar yazılar