Vüqar Bayramov:<b> "Vətəndaşlar öz ehtiyacları üçün olan məhsulları ucuz qiymətə gətirə biləcəklər"</b>
23 oktyabr 2015 13:48 (UTC +04:00)

Vüqar Bayramov: "Vətəndaşlar öz ehtiyacları üçün olan məhsulları ucuz qiymətə gətirə biləcəklər"

Dünən prezident İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilə biləcək.

Lent.az fərmanı şərh etməsi üçün iqtisadçı-ekspert Vüqar Bayramovla əlaqə saxlayıb.

V.Bayramov, bu fərmanın birmənalı şəkildə vətəndaşlara öz ehtiyacları üçün olan məhsulları daha ucuz qiymətə Azərbaycana idxalını həyata keçirməyə və gömrük rüsumunun ödənilmədiyi üçün nəticədə bu məhsulların daha ucuz başa gəlməsinə imkan yaradacağını deyir: “Söhbət birmənalı şəkildə vətəndaşların ölkəyə gətirdiyi, istehsal kommersiya məqsədi üçün olmayan və dəyəri 10 min manat və ya ona ekvivalent olan məhsulların gömrük rüsumundan azad edilməsindən gedir. Yəni bu o deməkdir ki, vətəndaş hansısa xarici ölkəyə istirahət, ya səfər üçün getdiyində, ordan bazarlıq edirsə və əgər onun bazarlığı şəxsi məqsəd üçün nəzərdə tutulubsa, hər hansı bir məhsulu gətirib satmaq və yaxud həmin məhsuldan digər məhsul istehsal etmək məqsədi daşımırsa , dəyəri 10 min manatdan azdırsa, o zaman həmin mallar gömrük vergi və rüsumundan azad ediləcək”.

 

V. Bayramovun sözlərinə görə, fərman artıq vətəndaşa seçim imkanı verəcək. ”Nəzər alaq ki, əvvəllər malın növündən asılı olaraq, orta hesabla gömrük rüsumu ödənilirdi və gömrük rüsumlarının da orta məbləği 10-15 % intervalında dəyişirdi. O məhsulların gömrük rüsumundan azad edilməsi vətəndaşa imkan verəcək ki,  daha ucuz mal və məhsul əldə edə bilsin. Məlumdur ki, hazırda mütəmadi olaraq qonşu Türkiyə və digər ölkələrə səyahət edən vətəndaşlarımız çoxdur. Və bu fərman imkan verəcək ki, vətəndaşların istədikləri malın qiyməti Azərbaycanda bahadırsa, Türkiyəyə ya da başqa ölkələrə  gedib həmin malın qiyməti 10 min manatdan çox olmadığı halda və şəxsi istifadə üçün onu ölkəmizə idxal edə bilsin”.

 

Gömrük yoxlamalarını sadələşdirən bu fərmanın yerli istehlak bazarında qiymətlərin düşməsinə və tənzimlənməsinə təsir göstərəcəyini bildirən V. Bayramov belə bir halın proqnozlaşdırıldığını deyir: “Bu qərarın, xüsusən daha çox istehlak olunan malların qiymətinə təsir göstərəcəyi və qiymət azalmalarının olacağı proqnozlaşdırılır.  Çünki alıcının bir qismi artıq özü üçün lazım olan malları xaricdən birbaşa idxal etmək imkanına malik olduğu üçün bu yerli bazarda uyğun qiymətlərə təsir göstərəcək. Yerli satıcılar da qiymətləri aşağı salma məcburiyyətində qalacaq ki, öz bizneslərini davam etdirə bilsinlər". 

Fərman həm birbaşa, həm dolayı vətəndaşların xərclərinin azaldılmasına, onların seçim imkanlarının genişləndirilməsinə və gömrük prosedura və qaydalarının sadələşdirilməsinə və eyni zamanda istehlak bazarında qiymətlərin tənzimlənməsinə müsbət təsir göstərəcək.

 

Gömrük sərhədindən rüsumsuz keçirilə biləcək malların siyahısının Nazirlər Kabineti tərəfindən tərtib ediləcəyini vurğulayan V. Bayramov bu siyahıya daha çox məişətdə, evdə istifadə ediləcək əşyalar, texnika alətləri, mebellər, geyim malları və s. bu kimi malların daxil ediləcəyini qeyd edib.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Fərizə Əhmədova

Oxşar yazılar