Vergilər Nazirliyi yüz minlik şikayətlər barədə qərar verib
25 dekabr 2012 19:28 (UTC +04:00)

Vergilər Nazirliyi yüz minlik şikayətlər barədə qərar verib

“Qrin Hill” MMC və “Monokristal” MMC rəhbərlərinin şikayəti təmin edilməyib

 

Vergi Apelyasiya Şurasının iclası keçirilib. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Vergi Apelyasiya Şurasının iclasında vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “Qrin Hill” MMC-nin rəhbəri Qafarov Mahir İsmayıl oğlunun kameral hesablama bildirişinin ləğv edilməsi və 2006-2007-ci illərə aid vergi-hesab fakturaları üzrə ƏDV məbləğinin əvəzləşdirilməyə qəbul edilməsi barədə təkrar şikayətinə baxılıb.

Araşdırma nəticəsində məlum olub ki, müəssisə 03.10.2011-ci il tarixdə 11 saylı Ərazi Vergilər İdarəsinə könüllü ərizə ilə müraciət edərək 01.05.2006-cı il tarixdən ƏDV qeydiyyatına alınıb və vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrində 2006-2007-ci illərin müvafiq aylarında əldə etdiyi vergi hesab-fakturalarına görə ƏDV məbləğlərinin əvəzləşdirilməsini tələb etdirib. Qeyd edilən əvəzləşdirmə nəzərə alınmayaraq kameral vergi yoxlaması nəticəsində müəssisəyə 210 min 75,42 manat əlavə vergi məbləği hesablanıb. Müəssisənin vergi orqanına təqdim etdiyi bəyannamələrə və vergi orqanının uçot-məlumat bazasına əsasən müəyyənləşdirilib ki, vergi ödəyicisi 2006-cı ildən bu günədək olan dövr ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb. Vergi Məcəlləsinin 156.1-ci maddəsində qeyd edilib ki, qeydiyyatdan keçməli olmayan, sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. 

Eyni zamanda Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir. Bu səbəbdən də Vergi Məcəlləsində onun könüllü qaydada ƏDV qeydiyyatına alınmaq hüququ müəyyən edilməyib. Qeyd olunanları nəzərə alaraq, Apelyasiya Şurası təkrar şikayətin təmin edilməməsi və “Qrin Hill” MMC-nin “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin ləğv edilməsi barədə qərar çıxarıb.

Vergi Apelyasiya Şurasının iclasında Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan “Monokristal” MMC-nin rəhbəri Əliyev Aydın Yusif oğlunun mal qalığına görə kameral qaydada hesablanmış əlavə vergi məbləğinin ləğv edilməsi barədəki müraciətinə də baxılıb. İş üzrə toplanmış materialların müzakirəsi nəticəsində belə qənaətə gəlinib ki,  təkrar şikayət təmin edilməməlidir. 2009-cu ilin aprel ayı üzrə hesablanmış ƏDV məbləği müəssisə tərəfindən təqdim edilmiş 2008-ci ilin mənfəət vergisi bəyannaməsinə əsasən həyata keçirilib. Müəssisənin rəhbəri 2008-ci ilin mənfəət vergisinin bəyannaməsinin səhv tərtib olunduğunu, orada göstərilənlərin reallığı əks etdirmədiyini etiraf edərək qanunvericiliyin tələbini bilmədikləri üçün dəqiqləşmiş bəyannaməni təqdim etmədiklərini bildirib.

 

Vergi Məcəlləsinin 72.5-ci maddəsinə müvafiq olaraq, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Vergi Apelyasiya Şurasının iclasında müəssisənin rəhbəri müəssisənin mühasibatlığından, hadisələrin faktiki vəziyyətindən məlumatsız olduğunu qeyd edib, təkrar şikayəti ilə bağlı əlavə materialların və sübutların olmadığını bildirib. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.

Müəssisə ilə vergi orqanı arasında “Vergi hesabatlarının elektron göndərilməsi haqqında” 14.12.2007-ci il tarixli müqavilə bağlanılıb və həmin müqavilədə  elektron sənəd mübadiləsi üçün istifadə olunan istifadəçi kodu, şifrə və parolu məxfi saxlamaq vergi ödəyicisinin öhdəliyi hesab edilib. Lakin müəssisənin rəhbəri 2008-ci ilin mənfəət vergisinin bəyannaməsinin muzdlu işçisi hesab olunmayan qeyri-peşəkar mühasib tərəfindən təqdim olunduğunu bildirib və bu hal da onun müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etmədiyini göstərir. Müvafiq bəyannamənin başqası tərəfindən tərtib edilməsi və ya dəqiqləşdirilmiş bəyannamənin vaxtında təqdim edilməməsi vergi ödəyicisini qanunla müəyyən edilmiş məsuliyyətdən azad etmir.

Qeyd olunanları nəzərə alaraq, “Monokristal” MMC-nin təkrar şikayətlərinin təmin edilməməsi barədə qərar çıxarılıb.

# 1183
avatar

Oxşar yazılar