“Vergilər Nazirliyi vergi qanunvericiliyinin və inzibatçılığının müasir tələblər səviyyəsində qurulması üçün son illər ərzində bir sıra iri layihələr, o cümlədən AVİS, elektron bəyannamələr, ƏDV depozit hesabları, elektron hesab fakturalar, elektron qeydiyyat və mobil imza kimi texnoloji tutumlu layihələr həyata keçirib”. Lent.az-ın məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Tvinninq layihəsinin başa çatdırılmasına həsr olunmuş mərasimdə bildirib.
Nazir qeyd edib ki, Vergilər Nazirliyi artıq kifayət qədər əhatəli məlumat bazasına malikdir və nazirlikdə elmi əsaslara söykənən intellektual təhlil texnologiyaların tətbiqi üçün lazımi əsaslar yaradılıb.
Nazir bildirib ki, elektron auditin tətbiqi üçün hüquqi bazanın yaradılması məqsədilə 2013-ci ilin 1 yanvar tarixindən Vergi Məcəlləsinə e-audit proseslərinin hüquqi əsaslarını tənzimləyən 13 yeni maddə daxil edilib. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin sahə spesifikliyi nəzərə alınmaqla sahələr üzrə audit testləri və e-auditin tətbiqi üçün metodik tövsiyələr hazırlanıb tətbiq edilib. Fazil Məmmədov deyib ki, əldə olunmuş nəticələr e-auditin yüksək səmərəliliyini göstərir.