Vergilər nazirinin müavini Sahir Məmmədxanov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzogini və onu müşayət edən nümayəndə heyətinin üzvlərini qəbul edib. Bu barədə Lent.az-a Vergilər Nazirliyindən məlumat verilib.
Görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri müzakirə olunmuş, 2013-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, cari ilin dövlət büdcəsinin gəlirlər hissəsinin icrası və 2014-2015-ci illər üzrə dövlət büdcəsinin müvafiq proqnoz göstəriciləri barədə fikir mübadiləsi aparılıb.
S. Məmmədxanov qeyd edib ki, qarşıdakı ildə vergi sistemində və vergi inzibatçılığında islahatların aparılması prosesi davam etdiriləcək: “Vergidən yayınma hallarının qarşısının alınması üçün daha səmərəli nəzarət mexanizmlərin tətbiqi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin genişləndirilməsi həyata keçiriləcək”.
Azərbaycan iqtisadiyyatında müşahidə olunan iqtisadi inkişafı qeyd edən missiya rəhbəri Raca Almarzogi hökumətin qeyri-neft gəlirlərinin artırılması və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətlərini müsbət qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.