TÜSİAB-ın sədri dəyişmədi
13 may 2013 10:15 (UTC +04:00)

TÜSİAB-ın sədri dəyişmədi

Türkiyə Sənaye və İş Adamları Birliyinin (TÜSİAB) 19-cu Ümumi Yığıncağı keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, “Hilton” otelində keçirilən iclasa Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşqun, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Sadəttin Topukçu, millət vəkili Musa Qasımlı, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) sədri Məmməd Musayev də qatılıb.

 

Ümumi Yığıncaqda .ncə Heydər Əliyev və Mustafa Kamal Atatürkün, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki dövlətin himnləri oxunub, Heydər Əliyevin 90-cı il dönümü münasibəti ilə hazırlanmış film nümayiş etdirilib. İclasda çıxış edən Məmməd Musayev deyib ki, türk iş adamlarının səyləri nəticəsində Azərbaycan və Türkiyə arasında xarici ticarət dövriyyəsi 4.5 milyard dollara çatıb, bu rəqəmin gələcəkdə 10 milyard dollara çatması üçün hər iki ölkənin iş adamları birgə çalışmalıdırlar. Sadəttin Topukçu yeni seçiləcək İdarə Heyətinə uğurlar arzulayıb. Musa Qasımlı İstanbulun Taksim meydanında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anım tədbirlərində TÜSİAB sədri və üzvlərinin iştirakını xatırladıb. O, bunu iş adamlarının milli məsələlərimizə münasibətini ortaya qoyduğunu qeyd edib.

TÜSİAB İdarə Heyətinin sədri Murat Bakır hər iki ölkənin iqtisadi inkişafına toxunub. O, fəaliyyətlərinə göstərilən dəstəyə görə TÜSİAB üzvlərinə, Azərbaycan dövlətinə, Türkiyənin Azərbaycandakı səfirliyinə təşəkkürünü çatdırıb. TÜSİAB İdarə Heyətinin üzvlərinə təşəkkür plaketlərini təqdim edən Alpər Coşqun çıxışında Türkiyədəki terror hadisələrinə toxunub, Reyhanlıda 43 nəfəri qətlə yetirənləri nifrətlə qınayıb: “Türkiyə Cümhuriyyəti hər keçən gün inkişaf etməkdədir və bu cür hadisələr ölkəmizdə sabitliyin pozulmasına yönəlib. Ancaq heç bir zaman bizləri yolumuzdan döndərə bilməyəcəklər. Türkiyə daha da inkişaf edərək bütün bu problemlərin qarşısını alacaq”. O, sonda TÜSİAB Ümumi Yığıncağını təbrik edib.

Daha sonra TÜSİAB üzvlərinin 85%-nin iştirakı ilə  keçirilən səs vermənin nəticələrinə əsasən  Murat Bakır  yenidən TÜSİAB  İdarə Heyətinin sədri seçilib. İdarə Heyətinin sədri ilə birgə 14 nəfər İdarə Heyətinin üzvləri, o cümlədən qurumun Nəzarət Təftiş və İntizam Komissiyalarının üzvləri də seçilib. Murat Bakır yeni İdarə Heyəti ilə birlikdə TÜSİAB fəaliyyətlərinə qaldığı yerdən davam edəcəklərini  və daha böyük nailiyyətlərə imza atmaq üçün səylə çalışacaqlarını söyləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Oxşar yazılar