Türkiyənin bank və maliyyə qurumları ARDNŞ-in Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələrə maraq göstərirlər
Martın 18-də ARDNŞ-in Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Türkiyənin İşbank, Finansbank, Garanti Bankı, Ziraat Bankı, Vakıfbank, TSKB, Yapıkredi, Dənizbank, Unikredit, TEB, Akbank, Halkbank kimi aparıcı bank və maliyyə qurumlarının rəhbərləri ilə görüş keçirib.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ prezidenti Azərbaycanda neftçıxarmanın tarixi haqqında ətraflı məlumat verib, SOCAR-ın yaranmasından və bu müddət ərzində keçdiyi yoldan danışıb.
ARDNŞ-in ölkə daxilində, qardaş Türkiyədə, Gürcüstanda, Rumıniyada, İsveçrədə və digər ölkələrdə həyata keçirdiyi investisiya layihələrindən bəhs edən Rövnəq Abdullayev gələcəkdə investisiya layihələrin gerçəkləşdirilməsində Türkiyə bankları ilə əməkdaşlığın genişləndiriləcəyinə əminliyini ifadə edib. Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQNK) layihəsinin Azərbaycan iqtisadiyyatının ən böyük layihəsi olduğunu diqqətə çatdıran ARDNŞ prezidenti bu barədə ətraflı məlumat verib, yaxın dövr üçün əsas perspektivli layihələrdən söz açıb. Sonra NQNK layihəsi, Gəmiqayırma Zavodunun tkintisi, Petkimdə həyata keçirilən layihələr və TANAP layihəsi barədə təqdimatlar olub. Türkiyəli bankirlər və maliyyə qurumlarının təmsilçiləri ARDNŞ tərəfindən Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən layihələrə böyük maraq göstərdiklərini ifadə ediblər. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.