Türkiyə gömrükçülərinin Azərbaycana səfəri başa çatıb
03 oktyabr 2015 19:11 (UTC +04:00)

Türkiyə gömrükçülərinin Azərbaycana səfəri başa çatıb

0

Türkiyə gömrük xidməti nümayəndə heyətinin Azərbaycana səfəri oktyabrın 3-də başa çatıb. DGK Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçının rəhbərlik etdiyi nümayəndə heyəti dünən ölkəmizə rəsmi səfərə gəlib.

 

Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin birinci iclası ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilib.

 

DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və Cenap Aşçının iştirakı ilə keçirilən toplantıda iki ölkə arasında gömrük və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bu əlaqələrin hazırkı vəziyyəti, gömrük rəsmiləşdirilməsi, əməliyyatların sadələşdirilməsi kimi məsələlər nəzərdən keçirilib.

 

Yekunda DGK ilə Türkiyənin Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin birinci iclasının protokolu imzalanıb. Sənədi Aydın Əliyev və Cenap Aşçı imzalayıblar.

 

Bu gün isə Türkiyə gömrük xidmətinin nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə, həmçinin Mərkəzi Gömrük Hospitalı, Gömrük Akademiyası, ÜGT-nin Bakı şəhərindəki Regional Tədris Mərkəzi və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi ilə tanış olub.

 

Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, BMT İnkişaf Proqramının DGK-nın təkmilləşdirilməsi layihəsi üzrə yaradılan mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.

 

Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də “on-layn” şəklində “Hədəf” Mərkəzinə daxil olur. Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır.

 

ÜGT-nin Bakı şəhərindəki Regional Tədris Mərkəzinə baş çəkən nümayəndə heyətinə məlumat verilib ki, 2003-cü ilin sentyabrında fəaliyyətə başlayan Mərkəzdə indiyədək bir sıra beynəlxalq və regional tədris kursları keçirilib, seminarlar, treninqlər təşkil olunub. Burada müxtəlif ölkələrdən və Azərbaycanın bölgələrindən gələn müdavimlərin rahatlığının təmin edilməsi üçün otel tipli yataqxana, idman zalı, iaşə obyektləri, tibb otağı da fəaliyyət göstərir.

 

DGK-nın “Azərterminalkompleks” Birliyinin inzibati binasında isə nümayəndə heyəti Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirə muzeyi və Gömrük Tarixi Muzeyi ilə tanış olub.

 

Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkənin gömrük xidmətləri arasında birgə komitənin yaradılması ilə bağlı qəbul edilən qərara uyğun olaraq oktyabrın 2-də Bakıda komitənin ilk toplantısı keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar