Artıq iyun ayından etibarən Bakı şəhərində fəaliyyət göstərən sərnişin avtobuslarında gediş haqqının kart vasitəsilə ödənilməsi sisteminin tətbiqinə başlanacaq.
«APA-Economics»in məlumatına görə, bunu Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov bildirib: «Vahid kart olacaq ki, bu kartla metropolitendə də istifadə etmək mümkün olacaq. Kartların qiyməti 1 manat təşkil edəcək. Karta vəsaiti yükləmək üçün şəhərdə 5 minə yaxın terminal quraşdırılacaq. Kartları həmin yerlərdə həm almaq, həm də pul yükləmək mümkün olacaq».
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, hazırda müəllim, jurnalist və s. sosial təbəqələr üçün güzəştli kartların tətbiqi məsələsi ətrafında müzakirələr aparılır. «Hər şey sahibkarlardan asılı olacaq».
Qeyd edək ki, kart sisteminə keçidlə paralel olaraq avtobus sürücülərinin əmək haqqı sisteminə keçidi də təmin olunacaq.
N.Həsənov onu da bildirib ki, hazırda ölkədə sürücü və piyada mədəniyyəti aşağı səviyyədədir: «İnanmıram ki, bu, 100 ilə düzələ. Buna təbliğatın zəif olması da təsir göstərir. Sonda mentalitet zərər çəkir. Buna baxmayaraq, yol-nəqliyyat qaydalarını pozan sürücülər işdən kənarlaşdırılıb».