Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
DSMF-dən Lent.az-a verilən məlumata görə, sədr Səlim Müslümov deyib ki, ötən 20 il ərzində Azərbaycanda məcburi dövlət sosial sığortası və pensiya təminatı sistemində də effektiv və müasir avtomatlaşdırılmış idarəetmə formalaşıb.
Ölkəmizdə 2006-cı ildən əhalinin sosial müdafiəsi sahəsində müasir tələblərə cavab verən sığorta-pensiya və dövlət sosial yardımı sistemləri ayrı-ayrılıqda fəaliyyət göstərməyə başlayıb. Yeni sığorta-pensiya sisteminin fəaliyyətə başladığı 2006-cı ilin 1 yanvarından sonra əldə olunan uğurların statistik göstəricilərinə əsasən, əmək pensiyalarının orta aylıq məbləği 5,1 dəfə artaraq 29,8 manatdan 152 manata, minimum məbləği 3,4 dəfə artaraq 25 manatdan 85 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 24,1 faizdən 42,3 faizə çatdırılıb.
Sosial sığorta haqqının dərəcəsi 29%-dən 25%-ə endiriləndən sonra DSMF-nin gəlirləri 4,4 dəfə artıb, sosial sığorta ödəyicisi olan sığorta olunanların sayı 1300 min nəfərdən 2530 min nəfərə yüksəlib. Səlim Müslümov qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli formalaşıb.
Çıxışdan sonra Heydər Əliyevə həsr olunmuş “Əbədiyyət dastanı” filmi nümayiş etdirilib və Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Fondda keçirilmiş mini-futbol, şahmat və stolüstü turnirlərin qaliblərinə mükafatlar təqdim olunub. Tədbir Azərbaycan opera solistlərinin konserti ilə yekunlaşıb.