Bakıda Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 7-ci iclası keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, Fransa tərəfindən isə xarici ticarət naziri xanım Nikol Brikin həmsədrliyi ilə keçirilən iclasda iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
S. Şərifov çıxış edərək bildirib ki, prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə böyük töhfə verir, iqtisadi münasibətlər uğurla inkişaf edir: Azərbaycan MDB ölkələri arasında Fransanın ticarət üzrə ən mühüm tərəfdaşlarından biridir. İndiyədək iki ölkə arasında müqavilə-hüquq bazasını təşkil edən 42 sənəd imzalanıb”.
Fransanın yeni hökumətinin ilk naziri kimi Azərbaycana səfər etdiyini qeyd edən Nikol Brik ölkəsinin strateji baxımdan xüsusi əhəmiyyətə malik olan Azərbaycanda Fransa şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
İclas başa çatdıqdan sonra Hökumətlərarası İqtisadi Komissiyanın yekun protokolu imzalanıb.