Ələt-Astara avtomobil yolunun 141-ci km-də Mişarçay üzərində qəzalı vəziyyətə düşən körpüdə bərpa işləri başa çatıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, martın 7-dən “Azəryolservis” ASC-nin sifarişi ilə körpüdə bərpa işləri başlayıb.
Körpüdə 18 aşırım tiri dəyişilib, dayaqlar möhkəmləndirilib. Eyni zamanda asfalt örtük çəkilib, məhəccərlər dəyişdirilib. Bu dəqiqələrdə körpüdə nəqliyyatın hərəkəti bərpa edilib, artıq bütün nəqliyyat vasitələri körpüdən keçə bilər.
Qeyd edək ki, martın 4-də saat 02:00-03:00 radələrində ağır tonnajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. Hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib. Həmin körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.