APA-nın məlumatına görə, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili arasında keçirilən görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, Azərbaycanda yaradılan sənaye parklarında Gürcüstan şirkətlərinin iştirakı, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı turist səfərlərinin təşkili, investisiya mühiti və investisiya layihələrinə dair məlumat mübadiləsinin aparılması, iş adamlarının iştirakı ilə sərgi və yarmarkaların təşkili və digər məsələlərə dair müzakirələr aparılıb.
Nazir Şahin Mustafayev və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan arasında keçirilən görüşdə isə iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilib, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli formatda biznes forumların və görüşlərin strateji əməkdaşlığın, mehriban qonşuluq və qardaşlığın göstəricisi olduğu vurğulanıb. Görüşdə sənaye parklarının yaradılması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsi, ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, eləcə də qida məhsullarının istehsalı sahəsində iki ölkə şirkətləri arasında əməkdaşlıq, üçüncü ölkələrdə birgə müəssisələrin yaradılması imkanları, Türkiyə və Azərbaycan şirkətlərinin hər iki ölkədəki investisiya layihələrində iştirakının təşviqi, tekstil, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan arasında keçirilən ikitərəfli görüşdə ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb.