«TANAP layihəsi o deməkdir ki, Cənub Qaz Dəhlizi reallaşacaq».
APA-nın məlumatına görə, bunu bu gün Bakıda başlayan XX Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.
TANAP-ın (Trans-Anadolu boru kəməri) tarixi əhəmiyyət daşıyan bir layihə olduğunu vurğulayan prezident Azərbaycanın bu layihə üzrə əsas maliyyə yükünü öz üzərinə götürdüyünü deyib: «Bu layihənin reallaşdırılması üçün bütün imkanlar var. TANAP Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsidir. Böyük maliyyə tələb edir. Biz burada imkanlarımızdan istifadə edəcəyik».
Prezident CQD ilə bağlı bir sıra problemlərin olduğunu da deyib: «İndiyə qədər müzakirələr getsə də, nəticə yoxdur. Gördük ki, Azərbaycan məsuliyyəti üzərinə götürməsə layihə yubanacaq».
Azərbaycan prezidenti TANAP-ın Avropanın enerji təhlükəsizliyi üçün vacib bir layihə olduğunu da qeyd edib.
«Qaz ehtiyatlarımız bizə 100 il və daha çox müddətə bəs edər. Bu gün bizim aramızda heç bir anlaşılmazlıqlar yoxdur. İstəyimiz odur ki, enerji siyasəti döyüş meydanına çevrilməməlidir. Biz Avropanın enerji xəritəsini birgə tərtib edirik», - deyə prezident əlavə edib.
Azərbaycanın CQD-də israrlı olduğunu bir daha vurğulayan dövlət başçısı adıçəkilən layihənin geosiyasi və iqtisadi əhəmiyyət daşıdığını qeyd edib.