Prezident İlham Əliyev "Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, fərmana əsasən "Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı"nın "Bakı şəhəri Xəzər, Qaradağ, Sabunçu, Suraxanı və Binəqədi rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı" hissəsinin adında "Suraxanı" sözündən sonra", Pirallahı" sözü əlavə edilib.
Ölkə başçısının imzaladığı fərmanda Nazirlər Kabinetinə bir ay müddətində Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin "Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı"na uyğun olaraq təmin edilməsi üçün zəruri maliyyə vəsaiti ayrılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat vermək, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətini bina ilə təmin etmək, üç ay müddətində prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb və Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.