Paytaxtda yeni evlər bahalaşır
27 may 2013 17:39 (UTC +04:00)

Paytaxtda yeni evlər bahalaşır

Bakı şəhərinin ilkin mənzil (yeni tikililər) bazarında 2012-ci ilin avqust ayında başlayan qiymət artımı bu ilin aprel ayında da davam edib.


 

Bu barədə «APA-Economics»ə daşınmaz əmlak bazarını araşdıran «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.

 

Məlumata görə, artım həm qiymət, həm də bağlanan əqdlərin dinamikasında müşahidə edilib: «Mövsümi amillərin burada rolu böyük olsa da, qiymət artımına ipoteka kreditlərinin bu seqmentə təsiri, tikinti şirkətlərinin kredit portfelinin həcminin artımı, paytaxtın bəzi ərazilərində gedən tikinti-quraşdırma işləri ilə əlaqədar nağd vəsaitlər əldə edən əhalinin alıcılıq qabiliyyətinin artması da təsir göstərib. Nəticədə, alqı-satqı agentliklərinə müraciətlərin sayında və bağlanan əqdlərdə artım müşahidə edilir».

 

Beləliklə, aprel ayında təklif portfelində orta qiymətdən yuxarı qiymətə satışa çıxarılan mənzillərin payı artıb. Apreldə paytaxt ərazisində Sabunçu (Bakıxanov qəsəbəsi) və Xətai rayonlarında (Ali Məhkəmənin binası ətrafında) yeni yaşayış binalarının bünövrəsi qoyulub. Yeni tikililər 1 və 2 bloklu olmaqla 10 və 16 mərtəbəlidir. Yasamal rayonunda isə 1 yeni tikilinin satışdan çıxması qeydə alınıb. Beləliklə, ötən aydakı 400 araşdırılan binanın sayı aprel ayında 401 ədəd olub. Tikinti şirkətlərin sayı əvvəlki kimi 135 ədədə qarşı 134 olub.

 

Qurumun məlumatına görə, qiymət artımına bir çox amillərlə yanaşı, tikinti həcminin azalması nəticəsində ucuz qiymətli və keyfiyyətli mənzillərin təklif portfelində tədricən tükənməsi və nəticədə, əvvəllər satılmayan (yüksək qiymətə bazara təklif edilən) mənzillərin təklif portfelində payının artması səbəb olub.

 

Beləliklə, apreldə aparılan araşdırmalar zamanı paytaxtın ilkin mənzil bazarında baş verən müsbət qiymət dəyişməsi 0,8% təşkil edib. Bağlanan əqdlərin dinamikası da yüksələn tendensiya ilə müşahidə olunub.

 

Aprel ayında ilkin mənzil bazarı üzrə qiymətlər artıma meylli olub və paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə 1 kv. metr üzrə orta qiymət göstəricisi əvvəlki aydakı 857,8 manata qarşı 0,8% artaraq 864,3 manat təşkil edib. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,9%, ötən ilə nisbətdə isə 5,4% artımla yadda qalıb.

 

Qeyd edək ki, 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə qiymət azalması 27,6% təşkil edib. Qeyd edək ki, həmin dövr üçün 1 kv.metr mənzilin qiyməti 1 194 manat olub.

# 1804
avatar

Oxşar yazılar