Dövlət Statistika Komitəsi yanvar-fevral aylarında sənayenin işi haqqında məlumat açıqlayıb.
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-fevral aylarında 5,7 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Qeyri-neft sektorunda 3,9 faiz artım, neft sektorunda 1,4 faiz azalma müşahidə olunub. İstehsalın 75,3 faizi mədənçıxarma, 18,0 faizi emal, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. İki ay ərzində 7,2 milyon ton neft, 2,9 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, rezin və plastmas məhsullarının, tikinti materiallarının, kompüter və elektron, elektrik avadanlıqlarının, avtomobil və qoşqularının, sair nəqliyyat vasitələrinin və mebelin istehsalında daha çox artım əldə edilib.