Əbülfəs Qarayev: "Hər bazarın öz qiyməti və xidmət səviyyəsi var"
"Siz təsəvvür edirsinizmi, insanlar ucuz qiymətə Gürcüstandan hansı təyyarələrlə uçurlar? Bizim aviasiya şirkətlərinin təqdim etdiyi xidmətləri onlarla müqayisə edə bilmərəm. Bu, reallıqdır. Hər bazarın öz qiyməti və xidmət səviyyəsi var. Əlbəttə, mən də arzu edərdim ki, aviabiletlərin qiymətləri daha ucuz olsun. Mənim ailəm də, dostlarım da xaricə uçurlar. Amma qiymətləri bazar tənzimləyir”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir Azərbaycandan başqa ölkələrə çarter uçuşlarının da təşkil olunduğunu söyləyib: “Məsələn, yay mövsümündə Monteneqro və Macarıstana reyslər təşkil edilir. Çarter reyslərinin qiyməti daha ucuzdur, nəinki standart qiymətlər. Yəqin ki, Gürcüstan və Rusiyada da ucuz paket təklif edən uçuşlar var. Aviaşirkətlərin rəqəmləri müəyyən xərclərin üzərində qurulur. Azərbaycan aviasiya şirkəti regionda aparıcı şirkətdir. Onun xərclədiyi vəsait insanlar tərəfindən kompensasiya olunmalıdır. Azərbaycanda da turizm və aviasiya şirkətləri birgə çarter uçuşları təşkil etməyi nəzərdə tuturlar. Həmin uçuşlarda qiymətlər daha ucuz olacaq”.