“Görülən işlərin nəticəsi olaraq, qeyri-neft sektorunun ÜDM-də payı 70%-ə çatıb, 2015-ci ilin yanvar-noyabr ayları ərzində sənaye 3%, qeyri-neft sənayesi 7,5% artıb”. İqtisadiyyat və Sənaye Nazirliyindən APA-ya verilən xəbərə görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Xırdalanda sənaye müəssisələrinin birində keçirdiyi görüşdə bildirib.
Nazir Şahin Mustafayev iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb: “Bildirilib ki, Azərbaycanda son 10 ildə Ümumi Daxili Məhsul istehsalı 3 dəfə, sənaye istehsalı 2,7 dəfə, qeyri-neft sənayesi 1,8 dəfə artıb. Azərbaycanda iqtisadiyyatın əsas sahələrindən olan sənayenin inkişafına xüsusi önəm verilir”.
“Təsadüfi deyil ki, dövlət başçısı tərəfindən ötən il "Sənaye ili" elan olunub, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Görülən işlərin nəticəsi olaraq, qeyri-neft sektorunun ÜDM-də payı 70%-ə çatıb, 2015-ci ilin yanvar-noyabr ayları ərzində sənaye 3%, qeyri-neft sənayesi 7,5% artıb.
Nazir Şahin Mustafayev ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində özəl sektorun xüsusi rol oynadığını qeyd edib: “Prezident İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir. Dövlət başçısının təşəbbüsü ilə sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasına dair Qanunun qəbul olunması, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsinə dair imzalanmış fərmanlar sahibkarlıq sahəsində çox mühüm addımlar olmaqla özəl bölmənin inkişafına böyük təkan verəcək. Artıq lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə verilir ki, bu da sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində və şəffaflığın təmin olunmasında xüsusilə önəmlidir”.