Mərkəzi Bank: 2013-cü ildə inflyasiya 5-6 faiz hədəflənir
02 fevral 2013 17:06 (UTC +04:00)

Mərkəzi Bank: 2013-cü ildə inflyasiya 5-6 faiz hədəflənir

 

Bu gün Mərkəzi Bankın İdarə Heyətinin 2012-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Mərkəzi Bankdan Lent.az-a verilən məlumata görə, bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib. Bildirilib ki, çevik makroiqtisadi siyasət, o cümlədən Mərkəzi Bankın pul siyasəti nəticəsində 2012-ci ildə inflyasiya aşağı birrəqəmli səviyyədə olub. Manatın məzənnəsi makroiqtisadi sabitlikdə mühüm rol oynayıb. Bank sektorunda maliyyə sabitliyi və dayanıqlıq təmin olunub, sektorun iqtisadiyyatda maliyyə vasitəçiliyi rolu daha da yüksəlib. Maliyyə xidmətlərinə çıxış imkanları genişlənib, regional maliyyə infrastrukturu inkişaf edib, bank sisteminə inam yüksəlib, əhalinin əmanətləri artıb. Mərkəzi Bank ödəniş infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Kütləvi ödənişlər sisteminin əhatəsi regionlara doğru genişləndirilib, POS-terminalların və ödəniş kartları vasitəsilə hesablaşmaların miqyasının daha da artırılması üzrə tədbirlər davam etdirilib. Ölkədə nağdsız dövriyyənin artırılması istiqamətində tədbirlər həyata keçirilib.

 

Mərkəzi Bankda yeni strateji plan çərçivəsində qəbul olunan layihələr 2012-ci ildə uğurla həyata keçirilib. Strateji planın realizasiyası həlledici mərhələyə daxil olub.  Bankın fəaliyyətinin bütün istiqamətlərinin modernləşdirilməsi üzrə insentiv iş aparılıb.

İclasda aparılan müzakirələrdə həmçinin qeyd edilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 14% artaraq 12 mlrd. dollara  yaxınlaşıb. Mərkəzi Bank özünün valyuta ehtiyatlarının idarə edilməsinin yeni strategiyasını formalaşdırıb. Ölkənin tədiyə balansında iri həcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklifin tələbi üstələdiyi şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən 1.5 mlrd. ABŞ dolları həcmində alışyönlü valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə, dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0.2% möhkəmlənib.

 

İclasın yekununda ümumilikdə 2012-ci ilin nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələri açıqlayıb. O bildirdi ki, ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında aktiv iştirak edən dövlət institutu kimi Mərkəzi Bank 2013-cü ildə də cənab Prezidentin qarşıya qoyduğu sosial-iqrtisadi inkişaf hədəflərinin realizasiyasında fəal iştirak edəcək. İnflyasiya 5-6% səviyyəsində hədəfənəcək, bunun üçün çevik pul siyasəti, o cümlədən sabit, lakin ixraca dəstək verə bilən səviyyədə məzənnə siyasəti yürüdüləcək.

# 1046
avatar

Oxşar yazılar