Maliyyə Nazirliyi kommersiya təşkilatlarına xəbərdarlıq etdi
07 may 2013 17:59 (UTC +04:00)

Maliyyə Nazirliyi kommersiya təşkilatlarına xəbərdarlıq etdi

Maliyyə Nazirliyi birləşdirilmiş (konsolidə edilmiş) illik maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarına xəbərdarlıq edib.

 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə “Mühasibat uçotu haqqında” qanuna və Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları”a əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından aşağıdakılar tələb olunur:


- qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində dərc olunması;
- qurumun illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə mətbu orqanda dərc olunması.
 

Həmin Qaydalara  uyğun olaraq kommersiya təşkilatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Bu Qaydaların tələblərinə uyğun olaraq Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə təqdim olunmuş məlumata əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etdirməli olan kommersiya təşkilatlarının siyahısı müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsində mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulması ilə bağlı hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb olunması barədə müddəa təsbit olunub. Başqa sözlə, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilirlər.

 

Maliyyə Nazirliyi qanunvericilik aktlarının tələblərini nəzərə alaraq, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə 2012-ci il üzrə illik maliyyə hesabatlarını təşkilatınızın internet səhifəsində, habelə mətbu orqanda dərc etdirməyi və bu barədə Maliyyə Nazirliyinə məlumat verməyi xahiş edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838
avatar

Oxşar yazılar