İran üzərindən sanksiyalar götürüldükdən sonra qonşu ölkənin Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsində (TANAP) iştirakı aktuallaşır.
“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
“TANAP hal-hazırda o qədər gəlirli layihədir ki, artıq buradan pay vermək lazım deyil. Bundan sonra yalnız sata bilərik. Yaxşı qiymətlər təklif olunsa satmaq olar. Hal-hazırda təkliflər var. Bilirsiniz ki, İranın üzərindən sanksiyalar götürüldükdən sonra TANAP-ın gündəliyi çox yüksəlir. Bilirsiniz ki, İranın da gələcəkdə qazı olacaq və bu qazı bazarlara çıxarmaq üçün TANAP-dan başqa bir alternativ yoxdur”, - deyə R. Abdullayev bildirib.
Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.
TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.
Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.