İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransa Parlamentinin deputatları, bir sıra regionların rəhbərləri, eləcə də Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi Federico Kasteluçinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Görüşdə nazir Azərbaycan və Fransa arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin uğurla davam etdiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.
Bu yaxınlarda Gəncədə Şərab Festivalının keçiriləcəyini xatırladan nazir Şahin Mustafayev belə tədbirlərə marağın artdığını, sərgi, təqdimat və biznes forumların ikitərəfli əlaqələrin inkişafında müsbət rolunu qeyd edib. Nazir Ş. Mustafayev iki ölkə arasında ticarət əlaqələrinin uğurla davam etdiyini vurğulayaraq qarşılıqlı ticarət əlaqələrində məhsulların çeşidinin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Fransa Parlamentinin senatoru Juel Qağyo-Melam ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb.