Azərbaycan Turizm İnstitutuna ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası üzrə nəzarət tədbirlərinin nəticələri də parlamentə təqdim ediləcək
Hesablama Palatasının Kollegiya iclasında “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi geniş müzakirə edilərək təsdiq olunub və rəyin Azərbaycan Respublikası Milli Məclisində müzakirə üçün təqdim olunması qərara alınıb.
Hesablama Palatasından Lent.az-a verilən məlumata görə, Kollegiya iclasında Qusar rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Turizm İnstitutuna ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası üzrə auditlərin nəticələrinə dair rəy və hesabatlar müzakirə olunaraq təsdiqlənib.
Bununla bağlı nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb. İclasda Şəmkir və Gədəbəy rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan istifadə vəziyyətinə dair audit proqramı da təsdiqlənib.