Ötən ay ərzaq məhsullarının qiymətləri 0,8 faiz ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətlərinin əvvəlki ayla eyni səviyyədə qalıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,3 faiz ucuzlaşıb.
Ay ərzində unun, qarabaşaq yarmasının, pasterizə olunmuş və olunmamış üzlü südün, almanın, armudun, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, pomidorun, bibərin, badımcanın, çuğundurun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal və qoyun ətinin, toyuq ətinin, kolbasa məmulatlarının, xamanın, yumurtanın, kərə yağının, limonun, kökün, göy lobyanın, xiyarın, göyərtinin qiymətlərində bahalaşma müşahidə olunub.
Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində bahalaşma müşahidə olunub.