Prezidentin fevralın 3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” fərmanına uyğun olaraq Dövlət Gömrük Komitəsində DGK sədrinin müvafiq sərəncamı ilə Apelyasiya Şurası yaradılıb. Lent.az Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev başçılıq edir. Yeddi nəfərdən ibarət olan Şuraya Komitənin strukturuna aid olan qurumların məsul şəxsləri daxil edilib.