Ərzaq məhsullarımız Dubaya ixrac olunacaq
18 dekabr 2012 17:42 (UTC +04:00)

Ərzaq məhsullarımız Dubaya ixrac olunacaq

Dubay Əmirliyində həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı müzakirə olunub

 

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki baş konsulu Pərviz İsmayılzadə ilə Dubay  Ticarət və Sənaye Palatasının baş direktoru Hamad Buamim arasında görüş keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Pərviz İsmayılzadə Azərbaycanın dost ərəb ölkələri, o cümlədən BƏƏ ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdıraraq, indiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 20-dən artıq sənədin imzalandığını söyləyib.

 

Azərbaycan ilə Dubay Əmirliyi arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini xüsusi qeyd edən Pərviz İsmayılzadə Dubay şəhərində Azərbaycan Baş Konsulluğunun təsis edilməsinin, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin məhz Bakıda açılmasının bu əlaqələrin bariz nümunəsi olduğunu bildirib. O, Azərbaycanın iqtisadi göstəriciləri, əldə olunmuş nailiyyətlər barədə danışıb, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixracatçısına çevrildiyini nəzərə çatdırıb. Görüş zamanı Azərbaycanda istehsal olunan ərzaq məmulatlarının, o cümlədən kənd təsərrüfatı məhsulları, milli brend və markaların Dubay Əmirliyinə ixrac edilməsi və yerli bazarlarda satışının həyata keçirilməsi yolları müzakirə edilib.

 

Görüşdə Dubay Əmirliyində həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı, işgüzar dairələr arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanları, birgə biznes forum və sərgilərin təşkili məsələlərinə dair də fikir mübadiləsi aparılıb.

 

 

# 712
avatar

Oxşar yazılar